Daha bir AXCP üzvü həbs olunub

Asam Əli – Foto: Facebook şəxsi səhifəsindən

O, inzibati qaydada 30 sutka həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Asam Əlinin 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AXCP-nin sədri Əli Kərimli özünün “Facebook” səhifəsində məlumat yayıb.

Partiya sədri qeyd edib ki, Asam Əli ilə dörd gün əvvəldən əlaqə kəsilib, mayın 8-də onun inzibati qaydada həbs olunduğu məlum olub.

“Bu dəfə də AXCP üzvü Asam Əlini həbs ediblər. 4 gün idi dostlar ondan xəbər tuta bilmirdilər. Nəhayət, bu gün məlum olub ki, onu da şərləyərək 30 sutka müddətinə inzibati qaydada həbs ediblər. Asam bəy sosial şəbəkələrdə çox da fəal deyil və çoxunuz onu heç tanımırsız. Bəs Asam bəy  nəyə görə rejimin qəzəbinə tuş gəlib? Məsələ belədir ki, öz maşını ilə, ictimai əsaslarla mənə sürücülük edən AXCP fəalı Zaur Rzalı həbs edildikdən sonra Asam bəy məni öz maşını ilə bir neçə dəfə müxtəlif tədbirlərə aparmışdı. Bununla da rejimin qara siyahısına düşübmüş”, – partiya sədri yazıb.  

Asam Əlinin nədə ittiham edildiyi açıqlanmayıb. Rəsmi qurumlar da bununla bağlı açıqlama verməyib.

AXCP sədri öz paylaşımında son vaxtlar partiya üzvlərinin həbsinə də toxunub.

“Son 2 ayda məni müxtəlif tədbirlərə aparan və ya müşaiyət edən 6 nəfər AXCP fəalı həbs olunub. İctimai əsaslarla mühafizəçim Kənan Basqal ağır cinayət ittihamı ilə (adam bıçaqlamaq) şərlənərək həbs olunub. Müxtəlif tədbirlərdə məni müşaiyət edən şəxslərdən Elnur Quliyev (həmçinin qardaşı l, AXCP üzvü Rahil Quliyev), Kənan İsmayılov,  maşını ilə məni tədbirlərə aparan Zaur Rzalı və Asam Əli isə hər biri 30 sutka müddətində inzibati qaydada həbs olunublar”, – Əli Kərimli öz postunda yazıb.

Müxalifətdə olan AXCP-nin hazırda ondan çox üzvü həbsdədir.

Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Onlardan ikisi Əli Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.

Əli Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub.

Daha bir mühafizəçi Kənan İsmayılın mayın 6-da  inzibatı qaydada 30 sutka həbs edildiyi bildirilir.

Aprelin 9-da inzibati qaydada həbs olunmuş partiya sədrinin mühafizəçisi Elnur Quliyevin qardaşı Rahil Quliyevin də mayın 7-də 30 sutka müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 357 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Ana səhifəSiyasətDaha bir AXCP üzvü həbs olunub