Mənbə: RİA Novosti, Andrey Kos

Dadivanka vidalaşma. Sülhməramlılar qədim monastırın keşiyində durublar

Yanıq qoxusu, xarabalıq və üzlərdə göz yaşları – ermənilər Dağlıq Qarabağın bazar günü Azərbaycana qaytarılan Kəlbəcər rayonundan qaçırlar. Bakı Stepanakertdən (Xankəndi) Ermənistana gedən iki yoldan birini və onlarla yaşayış məntəqəsini nəzarətə götürür. Hər şeyə rəğmən, qalmağa qərar verən yerliləri rusiyalı sülhməramlılar qoruyacaqlar. Onlar artıq rayonda əsas mövqeləri tutublar. RİA Novosti-nin müxbiri azərbaycanlılar gəlməmişdən bir gün əvvəl orada olub.

Yandırılmış torpaq

Arsaxın (Dağlıq Qarabağın erməni adı) Mardakert (Ağdərə) rayonu ilə Kəlbəcər rayonu arasındakı sərhəd Tərtər çayının üzərindəki dar körpü ilə keçir. Taksi sürücüsü Vardan astadan ana söyüşü söyərək, sükanı kəskin şəkildə fırladır və dəmir-beton konstruksiyanın dəliyinin yanından ötüb keçir.

Azərbaycan ordusu döyüşlər zamanı Qarabağın paytaxtını “böyük torpağ”a gedən şimal yolundan, – dağ serpantininin uzunluğu haradasa 150 kilometrdir, – ayırmaq üçün pilotsuz uçuş aparatının köməyi ilə bu keçidi məhv etməyə çalışıb. Bu, müharibənin yeganə izi deyil. Yol kənarlarında minik avtomobillərinin qalıqlarını görmək olar. Qarətçilər bu maşınların qiymətli olan hər detalını söküb aparıb. Yolda erməni nömrəli hərbi yük maşınları gedir. Meşə zolağının yanında yerə “Ehtiyatlı olun, mina” lövhəsi sancılıb.

Dağlıq Qarabağın Kəlbəcər rayon sakinlərinin təxliyyədən əvvəl yandırdıqları evlər

Dağlıq Qarabağın Kəlbəcər rayon sakinlərinin təxliyyədən əvvəl yandırdıqları evlər

Mənbə: RİA Novosti, Andrey Kos

Kəlbəcər rayonunun içərilərinə doğru getdikcə daha çox yandırılmış evlər görürük. Yerli kəndlərdən çıxıb gedən ermənilər öz mülklərini azərbaycanlılara vermək istəmirlər və əllərinə benzin dolu kanistr götürürlər.

“Bu il bu məktəbi istifadəyə verməli idilər”, – biz boz örtüklü böyük, qəşəng, inşası, demək olar ki, başa çatmış, bahalı çərçivəli pəncərələri belə qoylmuş binanın yanından ötüb keçəndə Vardan təəssüf hissi ilə deyir.

Təyinat məntəqəmiz yol kənarındakı balaca kənd Dadivankdır. Orada faktiki olaraq ev qalmayıb: bir hissəsini yandırıblar, digər qismini az qala özülünədək söküb maşınlarla aparıblar. Münaqişə zamanı bombardmandan qətiyyən zərər çəkməmiş bu Dağlıq Qarabağ rayonu hərbi əməliyyatlar zonasından qat-qat qorxunc görünür. Halbuki vaxtilə bu evlərdə jenqyalov xas – dadlı erməni göyərti kətəsi bişirirdilər. Bu yemək Arsaxın qeyri-maddi dəyərlər siyahısına daxil edilib. Bu günsə viranə qalmış bu torpaqda müharibənin əbədi yoldaşları – sahibsiz itlər dolaşır.

Dağlıq Qarabağın Kəlbəcər rayon sakinlərinin təxliyyədən əvvəl yandırdıqları evlər

Dağlıq Qarabağın Kəlbəcər rayon sakinlərinin təxliyyədən əvvəl yandırdıqları evlər

Mənbə: RİA Novosti, Andrey Kos

“Beş il ev tikmişik, yalnız bu yay kondisioner qoydum – hamısı da əbəs yerə, – yerli sakin Suren Tonoyan gözünü qırpmadan yandırdığı evinin tüstülənən xarabalığına baxır. – Amma azərbaycanlılara verməkdənsə, qoy belə olsun. Atam birinci Qarabağ müharibəsində vuruşub və düşmən mərmisi onun qolunu aparıb. Bundan belə onlarla sülh şəraitində yaşaya bilmərik”.

Müqəddəs yer

Kəndin üzərində füsunkar gözəl qədim Dadivank monastırı ucalır. Onu XII əsrdə 1100 metr hündürlüyündə inşa ediblər. Adı müqəddəs Dadi (“vank” erməni dilində “monastır” deməkdir) ilə bağlıdır. O, Ermənistanın qərbində xristianlığı yayıb və həvari Faddeyin – İsanın 7- həvarisindən birinin şagirdi olub.

Ermənilər Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırı ilə vidalaşır

Ermənilər Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırı ilə vidalaşır

Mənbə: RİA Novosti, Andrey Kos

Yerli rəvayətə görə, monastır onun qəbri üzərində tikilib. Dadivank dünyanın bütün erməniləri üçün ən müqəddəs yerlərdən biridir. İkinci müharibə başa çatanda yerli sakinlər təlaş içində qərim erməni xaçlarının – xaçkarların azərbaycanlılara qalmaması üçün onları sökməyə başladılar. Lakin Arsaxın “prezident”i Araik Arutyunyan monastırın baş keşişi Ovanes Ovanisyana şəxsən zəng edib dedi ki, Dadivank salamat qalacaq.

Noyabrın 11-dən başlayaraq, monastıra saysız-hesabsız zəvvarlar gəlməyə başladı. Bu gün də Dadivanka gedən serpantində sıx tıxac var. Ermənilər öz müqəddəs yerləri ilə vidalaşmağa gəliblər. Uşaqlarla, qocalarla, əlil arabasında iki müharibə veteranları ilə. Azərbaycanlılar gələndən sonra ermənilərə bura gəlmək çətin olacaq: yolu kəsəcəklər.

Lakin monastırın təhlükəsizliyinə zəmanət verilib: 50 metr məsafədə dörd ədəd BTR-82 A zirehli maşını və Rusiya ordusunun əsgərlərindən ibarət sıx zəncir dayanıb. Sülhməramlılar özlərindən əmin görünür. Yerli sakinlər onlarla həvəslə şəkil çəkdirir və öz uşaqlarını zirehli maşınların üstünə qoyurlar.

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırının təhlükəsizliyini təmin edirlər

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırının təhlükəsizliyini təmin edirlər

Mənbə: RİA Novosti, Andrey Kos

“Ermənilər bizə mehriban münasibət göstərirlər, əllərindən gələn köməyi əsirgəmirlər”, – zabitlərdən biri RİA Novosti-yə danışır. – Açığı, mən belə münasibət gözləmirdim. Bizi mümkün provokasiyalarla bağlı xəbərdar etmişdilər, amma hər şey əksinə oldu. Hər yerdə duz-çörəklə qarşılayırlar. Rusiya növbəti dəfə özgə müharibəni dayandırdı, Suriyada olduğu kimi. Burada ruslara sevinirlər, mənsə bir sülhməramlı kimi öz ölkəmi təmsil etdiyim üçün qürurluyam”.

“Dayanacağıq”

Monastırın özündə qaranlıqdır. İşıq təkcə qədim ikonaların qarşısındakı şamlardan gəlir. Çiynində erməni bayrağı olan qadın qısa fasilədən sonra şərh verməyə razılaşır. “Müharibədə oğlum ölüb. Aram, Allah onu öz yanına götürsün. O, topçu idi, Azərbaycanın pilotsuz uçuş aparatının qurbanı oldu, – qadın göz yaşlarını boğaraq deyir. – İndi necə yaşayaq? Övladlarımıza necə tərbiyə verək?”

Ermənilər Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırı ilə vidalaşır

Ermənilər Dağlıq Qarabağın Kəlbəcər rayonundakı Dadivank monastırı ilə vidalaşır

Mənbə: RİA Novosti, Andrey Kos

Qadının Qalina adlı tanışı əmisi oğlu Slavikin ruhuna şam yandırır. O, Şuşa şəhəri uğurunda gedən döyüşdə həlak olub. Azərbaycan artilleriyası onun rotasını bir yaylım atəşi ilə məhv edib. Çoxlu əsgər və zabit həlak olub. Bununla belə, sakinlər müdafiəçilərinin gec-tez Arsaxı qaytaracağına inanırlar.

“Dadivank ermənilərin olub, ermənilərin də qalacaq, – monastırın baş keşişi Ovanes Ovanisyan əmindir. – Bura son günlər gələn insanlar bizimlə vidalaşmaq deyil, bizi dəstəkləmək istəyirlər. Sülhməramlılara dərin təşəkkürümü bildirirəm. Onlar gələndən sonra hər şey qat-qat sakit oldu. Biz dayanmışıq və dayanacağıq da”.

Rusiyalı zabitlərin sözlərinə görə, Dadivankın yanında müşahidə məntəqəsi qurulacaq. Sülhməramlılar heç kəsin qarətçilik etməməsinə və burada qalanları incitməməsinə ciddi nəzarət edəcək. Oxşar hadisə tarixdə artıq baş verib: 2000-ci illərin sonlarında KFOR sülhməramlıları Kosovoda serblərin xristian məbədlərinin keşiyini çəkib.

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın Kəlbəcər rayonunda Dadivank monastırının təhlükəsizliyini təmin edirlər

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın Kəlbəcər rayonunda Dadivank monastırının təhlükəsizliyini təmin edirlər

Mənbə: RİA Novosti, Andrey Kos

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bv7b9b

Ən çox baxılan