Onun bahalaşması niyə daha ağırdır?
Bir neçə xarici ölkədə olandan sonra diqqətimi cəlb edən məsələlərdən biri də həmin ölkələrdə çörəyə münasibət idi. Maraqlı gəlirdi ki, bəzi ölkələrdə yeməyin yanına olduqca az miqdarda çörək qoyur, bəzən isə heç qoymurdular. Əvvəl-əvvəl bu, nəinki qəribə, həm də qəbuledilməz bir şey kimi gəlirdi. Necə ola bilərdi ki, yeməyi çörəksiz yeyəsən, ən dadlı yemək belə, çörəksiz nə dada bilərdi ki?
Zaman keçdi, yeməyi çörəksiz yeməyə də öyrəşdim. Səhərlər bir dilim, həftədə bir gün sevdiyim hər hansı bir növü delikates kimi yeyirəm, vəssalam. Bəzən dostlarla oturanda, həmrəylik naminə bir-iki dilim yesəm də, gündəlik rasionumu çörəksiz asanlıqla təsəvvür edə bilirəm. Çörək artıq mənim üçün ən vacib ərzaq, süfrənin mərkəzində dayanmalı olan nemət deyil.
Bununla belə, çörəyin metafizik mənası, anlamı dəyişməz qalır. Savadından, dünyagörüşündən, həyat tərzindən asılı olmayaraq, bütün tanışlarımda eynisini müşahidə edirəm. Bəzən onlar qonaq gələndə süfrəyə çörək qoymağı unuduram. Baxıram ki, az ya çox yemələri fərq etməz, gözləri süfrədə çörək axtarır, süfrəyə gəlməyənə qədər əllərini yeməyə ya vurmur, ya da könülsüz uzadırlar.
Bu barədə düşünəndə, mənə elə gəlir ki, bəlkə də İkinci Dünya Müharibəsinin dəhşətli aclığını yaşamış baba-nənələrimizin, keçid dövrünün uzun-uzadı, gecə boyu davam edən növbələrini görmüş ata-analarımızın canlarındakı qıtlıq, gözlərindəki yoxluq qorxusu bizə miras ötürülüb.
Hə, bir də çörəkdən doymadığı uşaqlığı da oldu bəzilərimizin… Keçid dövrünün cındırından cin ürkən vaxtına düşən uşaqlıq illərində… Yadıma çırpıb, ovub, buğdasını arıtlayıb, üyüdək deyə günün qızmarında biçilmiş tarlalarda iyirmi, otuz nəfərlik dəstələrlə başaq yığdığımız günlər düşür. İlahi, necə əlçatmaz idi o vaxt çörək, necə əziyyətlər bahasına başa gəlirdi və pulla heç ölçülmürdü dəyəri…
İndi sanki biz çörəyi təkcə özümüzün, indimizin deyil, yarıac uşaqlığımızın, ata-babalarımızın da yerinə yeyirik, təkcə özümüzü deyil, ac keçmişimizi, ac əcdadlarımızı da doyurmağa çalışırıq.
Cek Londonun dənizdə günlər uzunu ac qalandan sonra, çörəyin bol vaxtında yatağının altında suxarı ehtiyatı saxlayan qəhrəmanı kimi, biz qorxuruq, nə vaxtsa ac, çörəksiz qalacağımızdan qorxuruq.
Çörəyin qıt, qızıl çəkisinə bərabər olduğu vaxtları, o zamanları gözümüzlə görməsək belə, unuda bilmirik. Zibil qablarına az qala bütöv-bütöv atılan, alaqapıların yanına qalaq-qalaq yığılan çörək parçalarının zamanında da, bu bolluq bizə ata-babalarımızın ona bir vaxtlar möhtac qaldığını unutdura bilmirdi.
Alman yazıçısı Haynrix Böllün “O illərin çörəyi” adlı uzun hekayəsi var. Əkrəm Əylisli bu hekayəni dilimizə çox gözəl tərcümə edib. Hekayənin qəhrəmanı müharibənin qıtlıq, aclıq illərindən çıxandan sonra, çörəyin artıq əlçatan olduğu vaxtlarda belə cibində çörək gəzdirir. O, sevgilisindən ayrılanda onu bir fəhlə qızla müqayisə edir və deyir: “O, mənimlə çörəyini bölüşürdü. Özü də elə-belə çörək yox, o illərin çörəyini…”
Bir dilim, bir loxma çörək Haynrix Böllün qəhrəmanı üçün insanın fədakarlığının göstəricisidir…
Buna görə də, çörək bizim gözümüzdə, evimizdə, süfrəmizdə təkcə yemək üçün deyil, həm də and içmək üçündü. Biz qoxuruq, bir vaxt babalarımız kimi ac qalacağımızdan, atalarımız kimi növbələr əsiri olacağımızdan qorxuruq.
Çünki, bütün ərzaqlar eləcə, ərzaqdır, çörək isə həm də dəyərdir.