CinemAN Film Resenziyaları – Həftə 1

Silver Linings Playbook, The Best Exotic Marigold Hotel, The Artist, Caramel, No, Enough Said, No Man’s Land.

Source:


Silver Linings Playbook

– Birləşmiş Ştatlar, 2012


Rejissor, yazıçı: David O. Russell


Matthew Quick-in əsəri əsasında çəkilib.


Rollarda: Bradley Cooper, Jennifer Lawrence, Robert De Niro, Jacki Weaver, Chris Tucker, John Ortiz, Julia Stiles və başqaları.

Aylarla mental təsisatda (ruhi xəstəxanada) olduqdan sonra bipolyar pozuntu xəstəliyi ilə diaqnoz edilmiş Pat Solitano (Cooper) valideynlərinin yanına köçür. O, arıqlamasından və mövcud durumunun öhdəsindən gəlmək üçün müxtəlif strategiyalar hazırladıqdan sonra (filmin adı elə buradan əmələ gəlib), yoldaşı ilə barışmaqda qətiyyətlidir.

Normal vəziyyətə dönüşü ilə emosional dolaşıqlıq ortasında Pat elə özü kimi dəlisov,  həm də gözəl dul Tiffany (Lawrence) ilə tanış olur.

İçimdə olan sentimentalist bütün fərqlilik və oxşaqlıqlarına baxmayaraq, gözəl və eyni zamanda dəlisov insanların bir-birinə yaxınlaşmasını izləməkdən zövq aldı. Süjetin əvvəlcədən bilinməsi isə, məni biraz filmdən uzaqlaşdırdı. Münaqişələr, nəticələr və sonluq – burada heç bir sürpriz gözləməyin.

Personajlar detallara qədər zəngindirlər: Pat, gündəlik qaçışları zamanı tərləmək üçün sviterinə zibil torbasl bağlayır ki, bu da onun mövcud vəziyyətinə metafora, və ya heçnədən ayrıla bilməməsi kimi görünürdü. Onun atası, Pat Sr. (De Niro) isə kompulsiv davranış və qəzəb problemləri ilə olan insanın bariz nümunəsidir, və bu da çoxdan tanıdığımız De Niro oynunu biraz yadımıza saldı. Söz düşmüşkən, aktyorlar gözəl ifa nümayiş etdirərək filmə toplam dörd baş və dəstək rolları üçün Oskar mükafatı namizədliyini qazandırdılar.

Ruhi xəstəlik əhəmiyyətsizləşdirilmiş və bayağılaşdırılmış kimi göstərilsə də, bu normal və qeyri-normal arasında olan nazik xətti təsvi etmək üçün məqsədəuyğun şəkildə edlə bilərdi. Axı, Solitano ailəsində aləmi bir-birinə qatan elə Pat Sr.-dır, və oyun vaxtı dava salan də elə normal azərkeşlərdir. Hətta dərin depressiyası olan Pat-ın ən yaxın dostu Ronnie (Ortiz) də normal insan kimi təqdim olunub.

Hərdən Pat və Tiffany-nin yaxınlaşması öz axarı ilə gedən sevgi və rəğbət münasibətlərindən çox, yaxşı planlaşdırılmış süjet kimi görsənirdi. Ümumilikdə, filmə baxa-baxa fikirləşirdim ki, gərək birinci kitabını oxuyardım. Elə təəssürat yaranırdı ki, elə bil süjetin böyük hissəsi qeyb olub.


Zövqünün xatirinə bax/

Bax

/ Özün bax / Baxma


Tənha, kədərli və ya xəstə olanda.


The Best Exotic Marigold Hotel

 – Birləşmiş Krallıq, 2011


Rejissor: John Madden


Ssenari müəllifi: Ol Parker


Deborah Moggach-ın


əsəri əsasında çəkilib.


Rollarda: Judy Dench, Bill Nighy, Maggie Smith, Tom Wilkinson, Dev Patel və başqaları.

Yeddi yaşlı Britaniyalı müxtəlif səbəblərə görə Hindistana səyahət edirlər və yalandan reklamda təzə təmir edilmiş kimi göstərilmiş Best Exotic Marigold Hotel mehmanxanasında yerləşirlər. Onlar tədricən bir-biriləri və mehmanxanın eksentrik, amma eyni zamanda nikbin meneceri Sonny (Patel) ilə yaxın münasibətlər qururlar, və bir-birlərinə çətin vaxtlarından keçməyə kömək edirlər.

Onu deyə bilərəm ki, heç də bütün filmlər aldığı reytinqlərə layiq deyil. Fikrimcə, The Best Exotic Marigold Hotel də bu misallardandır.

Əla aktyorlar, və hətta aralarında ən çox xoşladığım aktyorların olmasına baxmayaraq, kinoda güclü süjet və yaxşı yazılmış dialoqlar çatışmır. Süjet uzanır və yavaş gedir, və aktyorlar və Hindistanın özü olmasaydı hardasa filmin ortalarında kanalı dəyişəcəkdim.

Süjet əvvəlcədən təxmin oluna bilir. Graham-ın (Wilkinson) həkayəsi xoşuma gəldi, amma o da adamı ağlatdırdan süjet dönüşləri ilə hər şeyi korladı.

Belə rəngarəng səhnə və aktyorlarla zəngin olan film bayram kimi bir şey olmalı idi, ancaq nəticədə cansız personajları olan orta-babat romantik komediya alındı.


Zövqünün xatirinə bax/ Bax /

Özün bax

/ Baxma


Orta yaş krizisi filmləri olmayanda və Eat, Pray, Love filmindən bezəndə.


The Artist

 – Fransa, 2011


Rejissor və yazıçı: Michel Hazanavicius


Rollarda: Jean Dujardin, Berenice Bejo, John Goodman, James Cromwell, Penelope Ann Miller və başqaları.

Səssiz kino ulduzu olan George Valentin (Dujardin) məşhurluğundan zövq alır, film ardınca filmə çəkilir, pərəstişkarları və Hollywood-a hələ təzə gələn Peppy Miller (Bejo) kimilər tərəfindən sevilir. Ancaq “talkies” adlanan səsli kino bazara çıxandan sonra, onun karyerası aşağıya doğru gedir. Lakin, özü bilməsə də onun qoruyan mələyi varmış.

Valehedicidir! Heçvaxt təsəvvür etməmişdim ki,1930-lardan sonra çəkilən səssiz kinoları sevə bilərəm. Ancaq sevdim və heç bir peşmançılığım da yoxdur.

Dujardin sənətkar olduğunu sübut edir – o, ancaq mimikasının köməyi ilə oynaya bilir, 30-ların ulduzu kimi gülə və güman edə bilməyəcəyiniz şəkildə rəqs edə bilir. Onun haqqında hərşey adama ləzzət verir: hərəkəti, danışığı, qəsdən artıqlaması ilə oynaması, ya da əfsanəvi teatr ifası nümayiş etdirməsi. Mükəmməl və cəzbedici gülüşü ilə ekrandan işıq saçan Bejo da görünür ağ-qara filmlər üçün yaradılıb. Onların, deyilənə görə, beş ay ərzində hər gün məşq etdikləri rəqsi gözəl və eyləndirici bir səhnə idi.

Cəmi 35 gün ərzində çəkilən film texniki cəhətdən də əladır. Birincisi, IMDB.com-a əsasən adətən filmlərdə işlədilən saniyədə 24 kadr əvəzinə, film saniyədə 22 kadr ilə çəkilib ki, bu da filmə tez və eyni zamanda köhnə kinolara bənzər bir temp verir (məsələn, 1900-cı illərin əvvəlindən səssiz filmlər saniyədə 16 kadrla çəkilib və ona görə də həmin filmlərdə hərəkət tez və daha komik idi). 1920-30-cu illərdə yaxınlaşdırma (zoom) funksiyası olmadıına görə bu filmdə də ondan istifadə olunmayıb.

The Artist kimi filmlər mənə filmləri nə üçün və nə qədər sevdiyimi xatırladır.



Zövqünün xatirinə bax



/ Bax /  Özün bax / Baxma.


Gözəl bir şey görmək istəyəndə bax.


Caramel

(Sukkar Banat) – Livan, 2007


Rejissor: Nadine Labaki


Rollarda: Nadine Labaki, Joanna Moukarzel, Gisèle Aouad, Sihame Haddad və başqaları.

Beş livanlı qadın adi şeylərlə dolanırlar: evli kişilər, bakirəlik, boğulmuş seksuallıq, yaşlanma və itirilmiş məhəbbət. Onların həyatı üçünün işlədiyi gözəllik salonunda keçir. Bu salon istənilən sirrin paylaşıldığı və istənilən problemin həll olunduğu bir adaya çevrilir.

Şübhə edirəm elə bir kino olsun ki, Caramel-in xatırlatdığı qədər mənə evimi (yurdumu) xatırlatsın. Biz şərq qadınları üçün gözəllik salonu ancaq xidmət almaq yeri deyil, bu daha çox bir mədəniyyətdir. Elə bir yerdir ki, biz orada kişilərdən və problemlərdən qurtulur, digər qadınlarla ünsiyyət yaradırıq. Ora çox səsli, xaotik və basırıq olsa da, terapiya müalicəsi kimi vacibdir. Həqiqi bədənləri olan həqiqi qadınların epilasiyaçı qadına sirlərini açdıqları, saç ustası ilə qeybət qırmağa və ailələrindən manikürçü qadına şikayət etdikləri müqəddəs bir yerdir. Bu bizim kilsədir, saflaşma yerimizdir, və özü baş rolda çəkilən rejissor Nadine Labaki bunları göstərmək öhdəsindən layiqincə gəldi.

Filmdə Yaxın Şərq feminizminə həsr olunmuş qəsidə gözləməyin – bu film sizin hüquqlarınız üçün savaşmayacaq, sizin üçün dəyişiklik tələb etməyəcək. Daha çox Almodovar stilində bir sakitlik və qəbuletmə bağışlayacaq sizə. Bu da yetərindən də artıqdır.

Caramel mənim ən sevdiyim ikinci kino tipidir – xüsusi mövzu yoxdur, yəni həyatın bir hissəsinı təqdim etməklə özümüzə qıraqdan baxmaq imkanı verir. Sizin yerinizə deyə bilmərəm, ancaq mən gözlədiyimdən çox gördüm.

Öz evimi gördüm bu filmdə.


Zövqünün xatirinə bax/

Bax

/ Özün bax / Baxma


Yaxın Şərq üçün darıxanda, və ya özünü qadıncasına hiss edəndə, və ya hər ikisi.


No


– Çili, 2012


Rejissor: Pablo Larrain


Rollarda: Gabriel Garcia Bernal, Alfredo Castro, Antonia Zegers və başqaları.

1988-ci ildə diktator general Avqusto Pinoçet beynəlxalq icmadan təzyiqlərlə üzləşir ki, insanların mövcud hökmdarı saxlayıb-saxlamamaq qərarını verməsi üçün referendum keçirsin. Referendum iki kampaniya ilə keçdi – Pinoçet təfərdarları üçün “Hə”, onun əleyhidarları üçün isə “Yox”. Reklam agentliyinin icraçısı Rene Saavedra (Bernal) “Yox” kampaniyası üçün yeni konsepsiya fikirləşir.

Siz, əhalinin böyük hissəsinin yoxsulluqda yaşayarkən rəhbərin mediya tərəfindən tərif edildiyi ölkədə yaşayırsınız? Nə vaxtsa maraqlanmısınız niyə insanlar buna dözür və danışmaqdan belə qorxur? Nə vaxtsa dəyişiklik gətirməyə çalışmısınız? Suallara hə, ya yox deməyinizdən asılı olmayaraq, bu film sizin üçündür.

 “Yox”, Mad Men-in dəbdə olmasından əvvəl olan Mad Men-dir. Rene-nin işi insanlara ancaq onlara lazım olmayan məhsul satmaqdan ibarət deyil. Əslində hər şey daha mürəkkəbdir – o, bütün millətinə söz azadlığı, mərhəmət və daha yaxşı həyat ideyalarını satır. O, bu işə çox ağıllı şəkildə yanaşmalıdır – çox kədərli və ya aqressiv olmayan bir şey fikirləşməlidir: nümayişlərin dağıdılması əvəzinə səhnələşdirilmiş gülüşlərlə dolu video göstərir. O bilir ki, xoşbəxtlik axtarışı qəzəb və əlacsızlıqdan daha yaxşıdır.

Bu filmin kinematoqrafiyası inanılmazdır. Film U-matic 3:4 video dəstəyi ilə çəkilib ki, bu da filmə təsirli və realistik mənzərə verib. Bu film, 80-lərin geyim və saç düzümləri ilə bir yerdə sizi həmin eraya qaytaracaq və nostalgiya ilə dolu populyar geyim və elektronik avadanlıqları xatırladacaq.

Bu film, 2013-cü ildə Oskar-ın “Xarici dildə ən yaxşı film” mükafatına namizəd olmuşdur.


Zövqünün xatirinə bax/

Bax

/ Özün bax / Baxma


Dəyişiklik gətirmək hissi olanda.


Enough Said

– Birləşmiş Ştatlar, 2013


Rejissor: Nicole Holofcener


Rollarda: Julia Louis-Dreyfus, James Gandolfini, Catherine Keener və başqaları.

Orta-yaşlı, boşanmış tək ana olan Eva (Louis-Dreyfus) massajçı işləyir, və həyatının həlledici anını yaşamaq üzrədir – onun qızı kollecə getmək üçün onu tərk edir. Qonaqlıqda ikən, Eva təzə dostu ilə tanış olur – Marianne (Keener). o da orta-yaşlı boşanmış qadındır. Eva onunla deyib-güldükdən sonra, onlar massaj üçün görüş vaxtı təyin edirlər. Həmin qonaqlıqda, o, həm də biraz kök və səliqəsiz Albert (Gandolfini) ilə tanış olur, və Albert öz yumor hissinin köməkliyi ilə Eva-nın rəğbətini qazanır. Albert-lə bir neçə görüşdən sonra, Eva onu sevməyə başladığını hiss edir, ancaq onun qorxduğu və ehtiyyatlandığı məqamlar da var. Bəxtindən, Eva onun keçmiş arvadını tanıyır…

Yenə də, mən bu filmə qərəzli yanaşa bilərəm. Axır-əvvəl, bu, Gandolfini-nin keçən il İtalyada ürəktutmadan vəfat etməsindən əvvəl çəkildiyi sonuncu filmlərindən biri idi. Əlavə olaraq, bu filmdə o, heyranedici, təsəlliverici, xoşagələn və çox real alınıb.

Mən heçvaxt Julia Louis-Dreyfus-un pərəstişkarı olmasam da, o bu filmdə məni həqiqətən də sözün yaxşı mənasında təəccübləndirdi. O, filmdə qayğıkeş, məsuliyyətli, və eyni zamanda sevərkən qarmaqarışıq yeniyetməyə çevrilən obraz yarada bildi. Hətta sirdaş kimi, o, öz qızının dostuna etibar edir.

Film çox komikdir. Hər dialoqun hər cümləsi diqqətlə düşünülüb və ağıllı yumorla zəngindir. Personajlar və onların münasibətləri, zəif və güclü tərəfləri ilə birgə mümkün olduğu qədər realdır, Şablonlar yoxdur. Çox həyatverici və həqiqətən romantikdir.


Zövqünün xatirinə bax/

Bax

/ Özün bax / Baxma


Əttökən yeniyetmə dramalarından bezəndə.


No Man’s Land

 – Bosniya və Herseqovina, 2001


Oskar


ın


“Xarici dildə ən yaxşı film” mükafatına layiq görülüb – 2002


Rejissor, yazıçı, bəstəkar: Danis Tanovic


Rollarda: Branco Djuric, Rene Bitorajac, Filip Sovagovic və başqaları.

1993-cü ildə Bosniya müharibəsi vaxtı iki əsgər – serbiyalı Nino (Bitorajac) və bosniyalı Ciki (Djuric), cəbhə xəttində səngərdə yaralanmış vəziyyətdə ilişirlər. Eyni zamanda, beynəlxalq sülhməramlılar rəhbərliklərinin yaratdığı bürokratik əngəllərə baxmayaraq vəziyyətdən çıxış yollarını axtarırlar.

Bu film haqda deməyə çox sözünüz olacaq. Ancaq, gərək əvvəlcə danışmaq özünüzə qabiliyyətini qaytarasınız ki, danışa biləsiniz.

Ən sevdiyim məqam odur ki, səngərdə olan əsgərlərdən başqa filmdə hamı müxtəlif dillərdə danışır və heçkim bir-birini anlamır. Bu, istənilən münaqişənin təsviri deyilmi?

Filmdə səngərin özündə də metafora var. Siz münaqişədə böyümüsünüzsə, və ya onlardan birini izləyirsinizsə, danışıqların nə qədər uzun çəkdiyini, hər addımın nə qədər bürokratik və korrupsiyalaşmış olduğunu, və bunların heçbir nəticə verməməsindən xəbərdarsınız. Biz elə hamımız qlobal siyasətin yaratdığı səngərlərin birində olmamışıq bəyəm?

Əvvəllər müharibə haqqında sənədli film rejissoru olan Danis Tanovic faciə, əlacsızlıq və ədalətsizliyin əqidəsizlik işığında və həzmedici şəkildə, hətta ürəyinizdə lap xırda hissəciklərə parçalanacaq qədər təqdim edən dahiyanə bir iş görüb.

Hər ölümün mənalı və qürurlu olduğu və dramatik musiqi ilə müşayət olunan bomba partlayışları ilə dolu mənzərəli müharibə səhnələrini gözləməyin. Bu film real həyatın və real müharibənin ən güclü sonluqla var olduğu bir tragikomediyadır.



Zövqün




ün




xatirinə bax



/ Bax / Özün bax / Baxma


Reallıqdan çox uzaqlaşanda.

Ana səhifəXəbərlərCinemAN Film Resenziyaları – Həftə 1