Cənubi Qafqazın doğulmayan qızları

Cinsi seleksiya daha bir neçə il davam eləsə, 10, 20 ildən sonra bölgədə vəziyyət necə olacaq?

Source:


31 yaşlı Biləsuvar (Azərbaycan) sakini Ramilə (adı dəyişdirilib) üç uşaq anasıdır. Üçüncü övladı- yeddi yaşlı oğlandır. Ramilə “oğula” asanlıqla sahib olmayıb. Qohumları, yaxınları arasında qürurverici “oğul anası” statusuna layiq görülmək üçün qadın, iki doğulmamış qızının həyatını qurban verməli olub: “Onlar əkiz idilər. Sevimli, müdafiəsiz… Ancaq mənim artıq iki qızım var idi. Qayınanam, ümumiyyətlə, ərimin bütün ailəsi mənə qəzəbliydi, deyirdilər ki, bizim oğlumuz niyə oğulsuz qalmalıdır, nəsli niyə davam etməməlidi? (ənənəvi Azərbaycan ailələri qız övladlarının oğullarını nəsil davamçısı hesab eləmirlər). Ultrasəs müayinəsi (USM) zamanı iki qızımın olacağlı aydınlaşanda ərim dedi ki, yaxşı, onda seç: ya bu iki qızı doğursan və bir də uşaq sahibi olmağa cəhd eləməyəcəyik, ya da abort eləyirsən və yenə oğlumuz olmasına çılışırıq. Mən ikincini seçdim, çünki oğul anası kimi başımı dik tutub gəzmək istəyirdim. İstəmirdim ki, barəmdə “oğulsuz” desinlər. Axı, bu, çox alçaldıcıdı… Amma qızlarımı da unuda bilmirəm…”, -Ramilə göz yaşları içində danışır.


“İstənməyən” cinsə mənsub körpə…

İki qız anası, 36 yaşlı Nara Mesropyan deyir ki, uşağın cinsiyyəti ucbatından üç dəfə hamiləliyini dayandırıb. 12-ci həftədə həkimlər körpənin cinsini söyləyirdilər – qız. Bu, hökm kimiydi.

“Üç dəfə qız olub. Mənimsə artıq iki qızım var. Mənim üçün də, ərim üçün də oğul sahibi olmaq çox vacib idi. Hə, təbii ki, hər abortdan sonra mən psixoloji narahat olurdum, özümü qatil kimi hiss eləyirdim, amma oğul sahibi olmaq arzusu çox güclü idi. Axı qızlarımı ərə verəcəm və təbii ki, bizim yanımızda oğlumuz qalacaq”, – artıq oğlunun yeddi yaşı tamam olan Nara söyləyir.

Bəli, bir çox halda Cənubi Qafqaz ölkələrində hamilə qadın yalnız özünə aid olmur. Və hələ dünyaya gəlməmiş körpənin taleyi də hər zaman ondan asılı deyil. Hamiləlik başlayan kimi ailə və ər tərəfindən təzyiqlər də başlayır. Əksər qadınlar – onlar tərəfindən verilən sifarişin icraçılarıdır. Hərdən bu sifariş o həddə çatır ki, qadın ondan tələb olunan cinsdə uşaq doğmalıdır.

Çoxu ginekoloqa gedir. Xüsusi hesablamalar aparırlar, deyilənə görə, uşağın lazımi cinsdən olması üçün xüsusi vaxtlarda hamilə qalmağa kömək edən formullar var. Bir qisim isə ətrafdakıların xoşuna gəlməkdən ötrü USM-dən keçir, uşağın cinsini müəyyənləşdirir və onun sonrakı taleyini həll edir.

“Mənim iki qızım var. Üçüncü dəfə hamilə qalanda ərim dedi ki, yoxlatdır, əgər oğlandırsa, doğ, deyilsə, onda abort elə. Və mən abort elədim, çünki onun haqlı olduğunu düşünürəm, üç qız bizim nəyimizə lazımdır?”, – 35 yaşlı Tbilisi sakini Sofya deyir.

“Qızlar, harda yaxşı USM-dən keçmək olur? Mən təcili uşağın cinsini öyrənməliyəm. Çünki qız olsa, mütləq abort etdirməliyəm”, –

24 yaşlı Gürcüstan vətəndaşı qadın qruplarından birinə yazır.

Ermənistan sakini, iki qız anası, 27 yaşlı Anna söyləyir ki, həkimlərin hesablamalarına görə, oğlan doğmaq üçün o, 2016-cı ildə hamilə qalmalıydı.

“12-ci həftədən etibarən məni altı dəfə müayinə ediblər, ancaq həkimlər uşağın cinsini görə bilmirdilər: ya ayaqlarını çarpazlayırdı, ya da oturaq vəziyyətdə olurdu. Xəstəxanaların birində mənə, təxminən, qız gördüklərini dedilər. Mən atrıq “doğum, ya yox” deyə tərəddüdlər içindəydim. Bir şeyə əmin idim: qız olsa, abort edəcəm!”, – Anna deyir və vermək istədiyi qərarın doğurduğu günah hissi ilə gözlərini gizlətməyə çalışır. Onun dediyinə görə, ailələrində qayınanası uşağın qız olmasını istəmir. O özü də vaxtilə üç qızdan sonra “nəhayət”, oğlan doğub.

“Qayınanam deyirdi ki, pulunu mən verəcəm, təki sən get, abort elə, üçüncü qızı neynirsən, oğlan uğrunda mübarizə aparmalısan. Mən də aborta getmək qərarına gəldim”, – Anna fikirlərini paylaşır.

Belə əhvalatlar az deyil. Cənubi Qafqaz ölkələrində bu cür hadisələr tez-tez baş verir.


Oğlanlar qızlara qarşı?

Selektiv abortlar fenomeni – gender əlamətlərinə görə cinsin seleksiyası deməkdir. Gürcüstan, Ermənistan və Azərbaycanda bu fenomen Sovet İttifaqı dağılandan sonra meydana çıxıb. Təxminən, eyni dövrdə – 90-cı illərdə ilk dəfə hamiləlik zamanı körpənin cinsini öyrənməyə imkan verən exoskopik tədqiqatlar yarandı. Və nəticədə elə alındı ki, əksər ailələr mütləq oğul sahibi olmaq istəyirlər, ancaq çox uşaq doğmaq istəmirlər. Buna görə də arzuladıqları nəticəni əldə etməkdən ötrü seleksiya edirlər.

2012-ci ildə “

Ermənistanda yeni doğulan körpələr arasında gender balansının pozulması: demoqrafik məlumatlar və analiz

” adlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, selektiv abort ucbatından hər il ölkədə 1500 qız doğulmur.

Statistika üzrə Dövlət Komitəsinin məlumatlarına görə, Azərbaycanda cari ilin ilk beş ayında doğulan uşaqların 53,6 faizi oğlan, 46,4 faizi qızdır. BMT-nin Əhali üzrə Fondunun  (UNFPA)  Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Fərid Babayev bildirir ki, balansın pozulması dinamikası 1998-ci ildən artmağa başlayıb, nəticədə Azərbaycan yeni doğulan körpələr arasında cinsi nisbətin pozulmasına görə 2016-cı ildə dünyada ikinci yeri tutub.

Əlavə edək ki, BMT-nin hesabatına əsasən, selektiv abortlar üzrə ən yüksək göstərici Azərbaycandadır. Azərbaycanlı ekspertlərin verdikləri məlumatlara görə isə selektiv abortlar sahəsində Azərbaycan Mərkəzi Asiyada aparıcı yer tutur.

BMT Əhali Fondunun  2013-cü ildə apardığı araşdırmalara görə, Azərbaycanda 100 qıza 116, Ermənistanda 100 qıza 114, Gürcüstanda 100 qıza 113 oğlan düşür. Bu cür yüksək göstərici ciddi problemdir və bütün Qafqazda demoqrafik vəziyyətə təsir edə bilər.

“Xüsusilə də son illərdə Azərbaycanda hər il qızlardan 6-7 min çox oğlan dünyaya gəlir”, – Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Azərbaycan əhalisi və sosial inkişaf” şöbəsinin aparıcı elmi əməkdaşı Zakir Eminov deyir.

“Süni müdaxilə və cinsi seçim ucbatından cinslər arasında bioloji tarazlıq doğum anında pozulur – oğlanlar daha çox doğulur və dünyaya gələn qızların sayı azalır. Hesablanıb ki, 90-cı illərin əvvəllərindən 2010-cu ilə qədər keçən dövrdə 25 min qız doğulmayıb”, – BMT-nin Əhali üzrə Fondunun gürcü ofisinin rəhbəri Lela Bakradze deyir.


BMT-nin Əhali Fondunun Ermənistan ofsinin nümayəndəsi Qarik Ayrapetyan deyir ki, Ermənistanda yeni doğulan körpələr arasında gender balansının pozulmasının ilk əlamətləri 1993-cü ildən müşahidə olunmağa başlanıb: “Selektiv abort ucbatından 2060-cı ilə qədər Ermənistanda, təxminən, 100 min gələcək ana doğulmayacaq. Balansı pozan hamiləliyin selektiv dayandırılması bizə çoxlu sosial problem yaradacaq”, – Ayrapetyan xəbərdarlıq edir.

Onun sözlərin görə, ölkədə 100 qıza nisbətdə 120 oğlanın doğulduğu 2000-2001-ci illərdə bu disbalans daha da artıb, 4-5 il ardıcıl Ermənistanda 100 qıza nisbətdə 114-115 oğlan doğulur ki, bu da normadan 10 faiz çoxdur.

Selektiv abortlarla bağlı dəqiq statistika yoxdur, çünki pasientlər həkimə abortun səbəbini söyləmirlər. Tez-tez cinsi seleksiya üçüncü hamiləlik dövründə, xüsusən də, ilk iki uşaq qız olanda baş verir.

Həmçinin BMT-nin Əhali üzrə Fondu tərəfindən aparılan araşdırma da göstərib ki, Gürcüstanda bu fenomenin daha çox yayıldığı bölgələr var: Məsələn, Kaxetiya, Kvemo-Kartli, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti və Şida Kartli.

Qarik Ayrapetyan deyir ki, Ermənistanda da bəzi rayonlar selektiv abortlar üzrə liderlik edir: “Qeqarkunik və Araqatsotn bölgələrində oğlan-qız nisbəti dünyadakı ən pis göstəriciləri də geridə qoyub: bu rayonlarda 100 qıza 124 oğlan düşür. Yəni adıçəkilən rayonlarda selektiv abortlar daha çox edilir”, – Ayrapetyan izah edir.

Ermənistan Səhiyyə Nazirliyinin ana və uşaq sağlamlığının qorunması idarəsinin müdiri Karine Saribekyan bildirir ki, gələcək körpənin cinsinə əsasən hamiləliyin dayandırılması ilə bağlı statistik məlumatlar yoxdur, çünki yalnız doğulan qız və oğlan uşaqlarının sayına görə statistika aparılır.

“Birinci hamiləlikdə selektiv abortla bağlı problemimiz yoxdur, ikinci hamiləlikdə- artıq bu proses başlayır, ancaq hələ aydın hiss olunmur, üçüncü hamiləlik halında isə oğlanla qızların nisbəti arasındakı fərq çox böyükdür – 100 qız və təxminən, 160 oğlan. Əgər ailələr oğlan uşaqlarına üstünlük verməyə davam etsələr, biz qızları itirməyə davam edəcəyik. Sadəcə qadın cinsinə adi olduğuna görə ildə 2000-ə yaxın qız doğulmur”, – Saribekyan deyir.


Bu, seksizm deyil, sadəcə adətdir və ya niyə valideynlər oğlan istəyirlər?

Niyə ailədə bir, iki, ya da üç qız övladının olması problem sayılır, ancaq eyni sayda oğlan övladı qonşuların, qohumların həsədinə, paxıllığına səbəb olur? Niyə ailədə oğulun olmaması alçaldıcı hal sayılır, ancaq qız uşağının yoxluğu kədər, ya da narazılıq yaratmır? Qızda yanlış olan nədi?

Əlbəttə, bəzi fərziyyələr var. Hər üç ölkədə oğlan övladı valideynlərin gələcək, potensial yardımçısı, baxıcısı hesab olunur. Həmçinin oğulu nəslin davamçısı kimi görürlər. Valideynlər oğlanlara üstünlük verirlər, çünki əmindirlər ki, həyatlarının son günlərində, məhz, oğulları onların yanında olacaq. Ölkələrimizdə adətlərin gücü ona gətirib çıxarıb ki, doğulan oğlanların sayı üstünlük təşkil edir.

Bu məsələlərdə mütəxəssislərin də rəylərini öyrənmək vacibdir.

BMT-nin Əhali üzrə Fondunun gürcü ofisinin rəhbəri Lela Bakradzenin, adıçəkilən təşkilatın 2014-cü ildə apardığı araşdırmanın nəticələri əsasında verdiyi rəyə görə, selektiv abortların ilkin səbəblərini gender diskriminasiyasında axtarmaq lazımdır. Çünki patriarxal cəmiyyətlərdə oğlanları qızlardan daha yaxşı hesab edirlər: “Gürcüstanda patriarxal cəmiyyət mövcud olduğu üçün ailələr hesab edirlər ki, ən azı, bir oğulları olmalıdır” – Bakradze bildirir.

Həmçinin araşdırmaların nəticələri göstərib ki, Gürcüstanda artıq çox uzun müddətdir ki, oğlan uşaqlarına üstünlük verirlər: “SSRİ dövründə Gürcüstanda doğum səviyyəsi nisbətən yüksək olub. Adətən, dünyaya oğlan gələnə qədər doğmağa davam edirdilər. Lakin SSRİ dağılandan sonra sosial-iqtisadi problemlərin fonunda doğuş səviyyəsi son dərəcə aşağı düşüb”, – Bakradze söyləyir.

Qarik Ayrapetyan deyir ki, Ermənistanda da bənzər yanaşma mövcuddur. Erməni cəmiyyətində kişinin rolu qadının rolundan daha vacib hesab olunur və həyatın bütün sahələrində bu münasibətlə rastlaşmaq mümkündür: “Bizim cəmiyyətdə qadınlar yox, kişilər dominant rol oynayırlar. Apardığımız araşdırmalar göstərir ki, valideynlər daha çox kişi cinsindən olan övladlarına ümid bağlayırlar, hesab eləyirlər ki, gələcəkdə onlara, məhz, oğlan övladları baxacaq”.

Azərbaycanda Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova artıq çoxdan bu sosial hadisəni araşdırmaqla məşğuldur. O da qeyd edir ki, Azərbaycan adətlərinə görə, ailədə oğlan övladının olması vacibdir. Əzizovanın fikrincə, bu ənənənin təməli müharibələrin tez-tez baş verdiyi, kişilərin döyüşlərdə həlak olduğu, əkmək, becərmək, ov etmək üçün işçilərin az olduğu dövrdə qoyulub… Oğlan uşaqlarının sayının çox olması ailənin bir tikə çörəyinin olacağı, heç kimin acından ölməyəcəyi anlamına gəlirdi.

“Bu ənənə qorunub və ailədə oğlan kultu indəyə qədər mövcuddur. Ənənəyə yalnız kişilər yox, qadınların özləri də əməl edirlər. Xüsusilə bölgələrdə yaşayan qadınlardan qürurla deyilən bir cümlə eşitmək mümkündür: “Mən bu ailə üçün oğul doğmuşam”. Qadın üçün oğul sahibi olmaq psixoloji baxımdan o deməkdir ki, o, bu ailənin üzvünə çevrilib, hörmətə, ehtirama layiqdir, çünki varis doğub və ərinin soyadı davam edəcək”, – Əzizova deyir.

Ekspertin sözlərin görə, uşağın cinsini müəyyənləşdirəndən və qız doğulacağı məlum olandan sonra qadınların aborta məcbur edildikləri ilə bağlı çoxlu faktlar mövcuddur. Oğlan yox, qız doğduğu üçün qadının cəza kimi evdən qovulduğu, həmçinin döyüldüyü və digər formalarda zorakılığa məruz qaldığı faktları da az deyil.

“Buna görə də selektiv abort – həm psixoloji, həm də fiziki zorakılıqdır”, – Əzizova deyir.

Öz növbəsində 20 illik iş stajına malik, gürcüstanlı həkim ginekoloq İ.M (anonimliyini qorumaq istəyib) problemlə bağlı müşahidələrini bölüşür. Onun həm Gürcüstanın regionlarında – Samtsxe-Cavaxetidə və Kvemo-Kartlidə, həm də paytaxt Tbilisidə iş təcrübəsi var: “Abortların böyük hissəsi qızların payına düşür – çünki ailələr soyadın daşıyıcısı, nəslin davamçısı kimi oğul sahibi olmaq istəyirlər. Və bu, gürcülər üçün də, ermənilər üçün də, azərbaycanlılar üçün də vacibdir. Təbii ki, bu, ərin ailəsinin qərarıdır. Ola bilsin ki, o, yüksək səslə deyilməyib, lakin “yanlış uşaqlar”doğan gəlindən gizli narazılıqda özünü büruzə verir. Oğlanlar nadir hallarda selektiv aborta məruz qalırlar – evdə iki oğlan olanda və ailə üçüncü uşağın qız doğulmasını istəyəndə. İlk hamiləlik zamanı selektiv abort faktları haqqında eşitməmişəm”, – həkim deyir.


Qanun

Nə Gürcüstanda, nə Ermənistanda, nə də Azərbaycanda abortlar qadağan olunmayıb. Sözügedən məsələlərlə bağlı tez-tez çıxış edən mütəxəssislərin fikrincə, aborta tamamilə yasaq qoyulması vəziyyəti dəyişməyəcək, hətta əksinə: hamı gizli fəaliyyətə keçəcək. Hər üç ölkədə aborta hamiləliyin 12-ci həftəsinə qədər icazə verilir. 22-ci həftəyə qədər qadınların yalnız mühüm səbəb olduqda abort etmək hüququ var – sağlamlıq vəziyyəti, sosial preblemlər, boşanma, təcavüz və sair hallarda. Biz selektiv abortlardan danışanda 12-ci həftədən sonrakı mərhələni nəzərdə tuturuq. Bu mərhələdə həkimlər cihazların köməyi ilə uşağın cinsini asanlıqla müəyyənləşdirə bilirlər və məhz bu mərhələdə abort üçün ciddi səbəb göstərilməlidir.

Çoxsaylı müzakirələrdən sonra Ermənistan Parlamenti 17 iyun 2016-cı ildə ilk oxunuşda “Reproduktiv sağlamlıq və reproduktiv hüquqlar” haqqında qanuna düzəlişləri və hamiləliyin süni yolla dayandırılması zamanı mümkün norma tələblərinin pozulduğu hallarda inzibati məsuliyyətin tətbiqinə düzəlişlər etmək məqsədilə bir sıra qanunlar qəbul edib.

Qarik Ayrapetyan, üç il ərzində selektiv abortlarla mübarizədə konkret tədbirlərin görülməsinə nail olmalarını müsbət hal hesab edir. Çünki elə ölkələr var ki, bu tendensiya 15-20 il çəkib.

Öz növbəsində Ermənistanın Səhiyyə naziri Armen Muradyan adıçəkilən qanun layihəsinin Parlamentdə müzakirəsi zamanı bildirib ki, bununla onlar qanunun, hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər süni yolla dayandırılmasını qadağan edən 10-cu maddəsinə dəyişiklik etməyi təklif edirlər.

“Dölün cinsi əlamətinə görə hamiləliyi dayandırmaq qadağan edilir. Bununla belə, hamiləliyin 12-ci həftəsinə qədər hamilə qadının yazılı ərizəsi əsasında hamiləliyi dayandırmaq mümkün olacaq. Daha gec müddətlərdə isə yalnız ekspertin rəyi əsasında, ya da sosial səbəblərlə – atanın ölümü, hamilənin həbsə alınması, təcavüz, dölün və ya ananın həyatına təhlükə olması, ciddi xəstəliyin qeydə alınması və ya döldə anormallığın olması hallarında hamiləliyin süni yolla dayandırılmasına icazə verilir ”- Muradyan deyib.

Nazir həmçinin qeyd edib ki, hamiləliyin dayandırılması zamanı tibb işçiləri bütün lazımi sənədləri təqdim etməyə borclu olacaqlar. Qanunda nəzərdə tutulub ki, sadalanan şərtləri pozan həkimlər 40 min dramdan (85 dollara yaxın) 100 min drama (təxminən, 210 dollar) qədər cərimə olunacaqlar.

“Qanun layihəsi müsbət dəyişikliklər gözləməyə əsas verir, lakin əndişələrimiz də var. Qadağalar və məhdudiyyətlərlə dolu belə qanun özündə risklər də gizlədir. Bu, onunla nəticələnə bilər ki, çoxu təhlükəli abort metodlarına əl atacaq. Bu da ana ölümlərin gətirib çıxardacaq”, – Asatryan deyir.

Artıq qeyd edildiyi kimi, Gürcüstanda da hamiləliyin 12-ci həftəsinə qədər aborta icazə verilir. Bundan əlavə, Gürcüstanda valideynə körpənin cinsi haqqında məlumat vermək qadağandır, lakin həkimlər qanuna zidd olaraq cinsi dilə gətirsələr, buna görə cəza almırlar.

Azərbaycanda isə təxminən, on ilə yaxındır ki, bir məsələ müzakirə olunur: həkimlərə körpənin cinsi haqqında məlumat vermək qadağan edilsinmi? 2009-cu ildə Azərbaycan parlamenti həkimlərə gələcək uşağın cinsini valideynlərə söyləməyi qadağan edən qanun layihəsinin müzakirəsinə başlayıb. “Reproduktiv sağlamlıq və ailə planlaması haqqında” yeni qanun ölkə əhalisinin qız yox, oğul sahibi olmaq kimi ənənəvi istəkləri ilə bağlı hazırlanıb. Əgər qanun qəbul olunsaydı, hamiləliyin ilk rübü başa çatana qədər həkimlərə gələcək körpənin cinsini söyləmək qadağan ediləcəkdi. Qanun layihəsi 2010-cu ildə qüvvəyə minməli idi. Qanunverici təşəbbüsün müəllifləri ümid edirdilər ki, sözügedən qanun selektiv abortların sayını azaltmağa və ölkədə demoqrafik vəziyyəti düzəltməyə yardım edəcək. Lakin qanunun qəbulu indəyə qədər uzanır. 2016-cı ilin yay sessiyası zamanı Milli Məclis sözügedən məsələ ilə bağlı qanunvericilikdə dəyişiklikləri müzakirə etməliydi, ancaq nədənsə bunu yenə “unutdular”.


Qadağalar xilas edəcəkmi?

Selektiv abortların qanunvericilikdə qadağan edilməsi ilə bağlı Ermənistanda mütəxəssislərin rəyləri birmənalı deyil. Onlar, qadağanın, qadınları hamiləliyi dayandırmaq üçün təhlükəli üsullara əl atmağa məcbur edəcəyindən ehtiyatlanırlar. Bu barədə Beynəlxalq İnsan İnkişafı Mərkəzinin araşdırma və inkişaf şöbəsinin rəhbəri Vaqan Asatryan xəbərdarlıq edir. Onun sözlərinə görə, etik nöqteyi-nəzərdən Ermənistanın tibb müəssisələrində personalla peşəkar vərdişlərin təkmilləşdirilməsi istiqamətində iş aparılmalıdır.

Öz növbəsində Gürcüstan Xalq Müdafiəçisi aparatının nümayəndəsi, gender bərabərsizliyi məsələləri ilə məşğul olan Yekaterina Sxiladze qeyd edib ki, bu, Cənubi Qafqaz ölkələrindəki kimi sistemli şəkildə baş verəndə gender bərabərsizliyi, zorakılıq və sairlə nəticələnir.

“Bu məsələdə dövlətin rolu ondan ibarətdir ki, stereotiplərin sındırılması istiqamətində daha çox iş görülsün, sözügedən problemlə bağlı cəmiyyətin dünyagörüşü genişləndirilsin, reproduktiv xidmətlər daha da yaxşılaşdırılsın və onlardan istifadə asanlışdırılsın. Deyə bilərəm ki, dövlət tərəfindən bu istiqamətdə konkret addımlar atılmayıb. Bütün yük daha çox bir neçə QHT-nin çiyninə düşüb”, – Sxiladze vurğulayır.

Lela Bakradze isə hesab edir ki, vəziyyəti dəyişdirmək üçün cəmiyyətlə işləmək vacibdir, gender həssaslığını artırmaq lazımdır ki, cəmiyyətdə gender transformasiyası baş versin və qızlar da oğlanlar kimi əhəmiyyətli və qiymətli olsunlar. Həmçinin o qeyd edib ki, 2010-cu ildən doğuş zamanı cinsi balansın pozulmasının azalması istiqamətində bəzi müsbət tendensiyalar nəzərə çarpır. Bakradzenin sözlərinə görə, BMT-nin Əhali üzrə Fondu Ümumdünya Bankı ilə birgə informasiya kampaniyası aparmağa hazırlaşır – bura KİV vasitəsilə təbliğat, həmçinin yerlərdə əhalinin bilgi səviyyəsini artırmaq məqsədilə tibbi personalla keçirilən treninqlər, gənc valideynlərlə söhbətlər daxil olacaq.

“Gender bərabərliyinin de-fakto yoluna qoyulmasına və güclənməsinə yardım etmək lazımdır. Bu, bütün sahələrdə kişi və qadınların hüquq və imkanlarının bərabərliyində özünü büruzə verir. Ən vacib amillərdən biri varislik hüququdur ki, praktikada tez-tez oğlan övladın xeyrinə pozulur. Əvvəllər, necə deyərlər, ümidlər oğullara bağlanırdı, çünki hesab olunurdu ki, onlar ailənin gələcək himayədarlarıdır və yaşlı valideynləri onlar təmin edəcəklər. Lakin indi zaman dəyişib, qadınlar daha müstəqildirlər, özlərini təmin edə bilirlər. Təcrübə sübut edir ki, oğul kimi qız övladlar da valideynləri dəstəkləyir və onlara kömək edirlər”,- deyə Bakradze qeyd edib.

Həkim –ginekoloq İ.M də bildirir ki, lap çoxdan selektiv abort etməkdən imtina edib: “ Mən bunu dini baxışlarıma görə etmirəm. Səbəb başqadır, selektiv abortlar böyük müddətlərdə – hamiləliyin 12-ci və daha sonrakı həftələrində edilir, çünki yalnız həmin ərəfədə ultrasəs müayinə zamanı körpənin cinsini görmək mümkündür. Onu da hər həkim müəyyənləşdirə bilmir”, – İ.M. deyir.

Həkimin sözlərinə görə, nə qədər ki, Gürcüstanda hamilələrin qorunması haqqında qanun qəbul olunmayacaq, mövcud vəziyyət dəyişməyəcək. Həkim sovet dövründə belə bir qanunun olduğunu yada salır: “Bir qadın, ana və həkim kimi mən istəyərdim ki, Gürcüstanda “hamilə və qidalandıran anaların müdafiəsi haqqında qanun” qəbul olunsun. Bu qanuna görə, hamilə qadını işdən çıxarmaq olmazdı (halbuki, indi bu halla tez-tez rastlaşırıq), körpəyə qulluq etməsi üçün anaya birillik ödənişli məzuniyyət, üstəgəl iki il də ödənişsiz, lakin iş yerinin mütləq qorunması şərtilə məzuniyyət verilirdi. Və nə qədər ki, xalqın maddi güzəranını yüksəltməyiblər, selektiv abortlar necə vardı, eləcə də olacaq”, – həkim-ginekoloq deyir.

Mətanət Əzizova da hesab edir ki, qadağalar başqa və daha kəskin problemlərin yaranmasına səbəb ola bilər: “Qadağalar korrupsiyaya meydan aça bilər. Bəlkə hansısa ölkələrdə onların effekti və nəticələri ola bilər, lakin korrupsiyanın, rüşvətxorluğun yüksək səviyyədə yayıldığını nəzərə alsaq, qadağa problemin həllinə yardım etməyəcək”.

Ekspert hesab edir ki, problemi başqa yollarla həll etmək lazımdır. Onun sözlərinə görə, BMT-nin qadınlara qarşı zorakılığın kökünün kəsilməsi ilə bağlı deklarasiyasında belə bir bənd var – əgər ölkədə problem yaradan adət-ənənələr varsa, hökumət onlarla mübarizə aparmağa məcburdur.

“Əgər ölkədə gender diskriminasiyası varsa, mübarizə aparmaq lazımdı, zorakılıq varsa, mübarizə aparmaq lazımdır. Qadağalar vasitəsilə mübarizə aparmaq yox, təhsilin köməyi ilə, hüquqları qoruyan qanunlarla, yaxşı tibbi xidmət yaratmaqla, qadınlar üçün şərait və xidmətlər yaratmaqla mübarizə aparmaq lazımdır”, – Əzizova deyir.


Çoxlu oğlan doğulur, gələcəkdə vəziyyət necə olacaq?

Əgər cinsi seleksiya daha bir neçə il davam eləsə, 10, 20 ildən sonra bölgədə vəziyyət necə olacaq? Sözügedən hal hansı sosial problemlərə yol açacaq?

Qarik Ayrapetyan hesab edir ki, cinslər arasındakı balansın kəskin pozulması ölkədə cinayətkarlığın artmasına səbəb ola bilər: “Əgər indiki kimi düşünməyə davam etsək və cəmiyyətin bu problemə münasibətini dəyişməsək, gender bərabərliyi sahəsində dəyişikliklər etməsək, vəziyyət olduğu kimi qalacaq və bizim ölkəmiz onilliklər sonra ciddi fəlakətlə üzləşəcək”.

Mətanət Əzizova və Lela Bakradzenin fikrincə isə selektiv abortlar ciddi demoqrafik problemlərə yol açacaq.


Bizi qanun yox, valideyn ürəyimiz xilas edəcək…

Annanın aborta getməyə cəsarəti çatmayıb. O, yalnız qız olduğu üçün körpəsini yaşamaq haqqından məhrum etmək istəməyib: “Mən son anda dayandım. Başa düşdüm ki, körpə də öz həyatı uğrunda mənimlə mübarizə aparır. Lap əvvəldən cinsini göstərmirdi. Bu balaca mələk məndən daha ağıllı idi…”, – Anna xatırlayır.

Onun əri, iki qız atası da həyat yoldaşının qərarı ilə razılaşıb. Annanın deiyinə görə, əri o, abort etmədyinə görə sevinib də. “Ailədə təkcə o deyirdi ki, qız, ya oğlan- onun üçün fərqi yoxdur, əsas odur ki, sağlam uşaq doğulsun”, – Anna göz yaşları içində danışır.

Anna üçüncü qızını dünyaya gətirəcəyinə görə xöşbəxtdir. O, əmindir ki, valideynləri abort qərarından yalnız ürəkləri daşındıra bilər: “Həkimə rüşvət vermək, qanundan yan keçmək mümkündür, uşaqdan xilas olmaq istəyəndə bunun üçün minlərlər yol tapa bilərsən. Ancaq ürəyin sənə bunu qadağan edirsə, heç bir sərt qanuna ehtiyac yoxdur”, – Anna deyir.


Məqalə “Cənubi Qafqazın tabu mövzuları” layihəsi çərçivəsində hazırlanıb.


Günel Mövlud (Azərbaycan) Edita Badasyan (Gürcüstan) Qayane Mkırtıçyan (Ermənistan)

Ana səhifəAnalitikaCənubi Qafqazın doğulmayan qızları