Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.
Bu barədə məlumat verən hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var.
Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.
“Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur”, – deyə K.Quliyev vurğulayıb.
***
Qan vermək istəyənlər Bakı Mərkəzi Hərbi Hospitalına getsin
Aprelin 3-dən etibarən sosial şəbəkələrdə cəbhədəki gərginliklə bağlı Mərkəzi Hərbi Hospitala qan lazım olduğu ilə bağlı paylaşımlar edilir.
“Cəbhədə vəziyyət pis olduğuna görə qan lazımdır. Kim qan vermək istəyir Bakı Mərkəzi Hərbi Hospitalına getsin. Əsasəndə mənfi qanı olanlar. Hər hansısa bir əsgərimizin həyatını xilas edə bilərsiniz. Hamınızın hal-hazırda rahat oturmağınıza səbəb səbhədə olan qardaşlarımızdır. Qan verin”.
Meydan TV məlumatın dəqiq olub-olmadığını öyrənmək üçün Mərkəzi Hərbi Hospitalla əlaqə saxlayıb. Hospitaldan yayılan məlumatın doğru olduğunu bildiriblər:
“Bəli, cəbhədəki vəziyyətlə bağlı qan lazımdır. Xüsusən də, çətin tapılan, mənfi rezuslu qan qruplarına ehtiyac var. Qan vermək istəyənlər gün ərzində Hərbi Hospitala yaxınlaşa bilərlər”.