Cəbhəçilərin həbs müddəti uzadıldı

Prokurorluğun Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli ilə bağlı vəsatətinə baxılıb

Source:
Aqil Əli Məhərrəm, Babək Həsənli,  Ruslan Nəsirli
Aqil Əli Məhərrəm, Babək Həsənli, Ruslan Nəsirli


Prokurorluğun Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli ilə bağlı vəsatətinə baxılıb

Sentyabrın 18-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirlinin həbsdə saxlanma müddətinin artırılması barədə prokurorluğun vəsatətinə baxılıb.

Məhkəməyə cəbhəçilərin özü də gətirilib. Onların işi üzrə məhkəmə proseslərinin üçü də qapalı keçirilib.

Yaxınlarının sözlərinə görə, cəbhəçilər prokurorluğun vəsatətinə etiraz ediblər. Bildiriblər ki, heç bir istintaq hərəkəti aparılmır. Onlar ittihamların əsassız və qondarma olduğunu vurğulayıblar.

Məhkəmə hər üç şəxs barəsində prokurorluğun vəsatətini təmin edib. AXCP funksionerlərinin barəsində həbs-qətimkan tədbirinin müddəti dekabrın 9-na qədər uzadılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli mayın 25-də həbs olunub. Onlar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmovla birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. S.Rüstəmov ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərCəbhəçilərin həbs müddəti uzadıldı