Çavuşoğlu: Qarabağ münaqişəsi regionda sabitlik və təhlükəsizliyə qorxu törədir

Azər Qasımlı: ”İctimaiyyətə məlumat verilmədən lokal proses başlayacaq”

Source:
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu


Azər Qasımlı: ”İctimaiyyətə məlumat verilmədən lokal proses başlayacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli mexanizminin formalaşması mövzusunu şərh edib. “Anadolu” agentliyinin müxbiri ilə söhbətində o, diqqəti Türkiyə-Rusiya-İran mexanizminin olmasına yönəldib.

“Biz Moskva, Ankara və Bakının iştirakı ilə oxşar üçtərəfli formatın yaradılmasının mümkünlüyünü bəyan etmişik.

Azərbaycan bu təklifi müsbət qarşılayıb, prezident Ərdoğan isə bu barədə Putinə deyəndə o, dərhal təklifi qəbul etdi”, – Çavuşoğlu vurğulayıb.

Cənubi Qafqazda vəziyyətə toxunan nazir deyib ki, “Qarabağ münaqişəsi regionda sabitlik və təhlükəsizliyə qorxu törədir. Biz bundan əvvəl də münaqişənin nizamlanmasına səy göstərmişik”, -deyənazir bildirib.

Çavuşoğlu əlavə edib ki, Rusiya da Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müvafiq təşəbbüslə çıxış edir.

“Biz Rusiyanın təklifini nəzərdən keçiririk. Bu təşəbbüslər münaqişənin nizamlanması kontekstində Ermənistana təklif etdiyimiz təşəbbüslərlə üst-üstə düşür. Həm rusiyalı, həm də azərbaycanlı qardaşlar Ankaranın münaqişənin həllinə mümkün qədər töhfə verməsinə tərəfdardır. Biz münaqişənin nizamlanması istiqamətində bizdən asılı olan hər şeyi edəcəyik”, – Türkiyə XİN rəhbəri bildirib.

Mövlud Çavuşoğlunun açıqlamasını Meydan TV-yə şərh edən ReAL Hərəkatı sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı hesab edir ki, yalnız müəyyən şərtlər daxilində Moskva Ankaranın Qarabağ münaqişəsinin nizamlanmasına qoşula bilər: “Məsələ ondadır ki, Türkiyə Minsk Qrupu çərçivəsində prosesə qatılmayacaq, Rusiya və digər həmsədr dövlətləri də heç bir halda buna izn verməz”.

Azər Qasımlı

A.Qasımlı bildirdi ki, Rusiya hazırda Qarabağ danışıqlarını Minsk Qrupu çərçivəsindən çıxartmağa çalışır: “Moskva özünün moderatorluğu altında Azərbaycan və Ermənistanı hansısa bir barışığa gətirmək niyyəti güdür. Rusiyanın hərbi bazaların yerləşdirilməsi, bölgəyə öz sülhməramlılarını yerləşdirmək kimi şərtləri ağır və qəbuledilməzdir. Hazırda qlobal səviyyədə siyasi gedişatda gərginliklər yaşanır, mən 15 iyul Türkiyə olaylarından sonra Ankarayla Qərbin ABŞ və Avropa Birliyi münasibətlərindəki durumu nəzərdə tuturam. Bu isə Ərdoğan hakimiyyətini Rusiyayla daha yaxın olmağa sövq edir və gedişat Rusiya, Azərbaycan və Türkiyə üçbucaq avtoritar rejimlərinin əməkdaşlığına doğru istiqamətlənir. Ermənistan da bu sıradadır, sadəcə, bu ölkə Moskvanın təsiri altında olduğundan adını çəkmədim. Beləliklə, Rusiya Türkiyəni Minsk Qrupuna buraxmadan Qarabağ probleminin nizamlanmasında Ankaradan nəsə qopartmaq istəyir. İndi suallar yaranır, Ankara Moskvanın şərtləriylə razılaşacaqmı, Qarabağ Türkiyə üçün nə qədər önəmlidir və sair”.

“Düşünürəm ki, ictimaiyyətə məlumat verilmədən lokal proses başlayacaq, amma nəticəsi olacağına inanmıram. Çünki NATO üzvü olması, İncirlik Bazası, Boğazlar məsələsi və nəhayət, Avropa Birliyi və Amerikayla ticarət əlaqələrinin əhatəli olması Türkiyənin Rusiyayla daha dərin əməkdaşlığa getmək imkanlarını məhdudlaşdırır”, – deyə A.Qasımlı bildirib.

Ana səhifəAnalitikaÇavuşoğlu: Qarabağ münaqişəsi regionda sabitlik və təhlükəsizliyə qorxu törədir