Çarxı sakinləri: Kəndimizdə heyvandarlıq da, meyvəçilik də yoxa çıxır

Çarxı sakinləri örüş yerlərinin satılmasına etiraz edirlər

Source: Meydan TV
Çarxı sakinləri: Kəndimizdə heyvandarlıq da, meyvəçilik də yoxa çıxır


Çarxı sakinləri örüş yerlərinin satılmasına etiraz edirlər

“Kənddəki 2 min ailənin mal-qarasını otarmağa yer yoxdur. Azı 100 hektarlıq yer hissə-hissə satılıb, hardasa 15-20 hektar yer qalıb. Adamlar mal-qaralarını, qoyun sürülərini otarmağa yer tapmır”.

Bunu Meydan TV-yə Xaçmazın Çarxı kənd sakinləri deyir. Onların sözlərinə görə, kəndin örüş yeri son 1il ərzində hissə-hissə müxtəlif adamlara satılıb, çəpərlənib. İndi 2 min ailənin mal-qara və qoyun-quzusunu otarmağa yer tapılmır. Kənd sakini Zaur Əliyev:

“O vaxt torpaq islahatları aparılanda, kəndlilərə pay torpaqları veriləndə hamıdan örüş sahəsinə görə 10-15-20 sot torpaq sahəsi saxladılar. Ötən ilədək hamı ümumi sahəsi 100 hektardan çox olan örüş yerində rahat şəkildə mal-qarasını, qoyun sürülərini otarırdı. Son 1 ildə örüş sahəsi sürətlə satılmağa başlandı. Biz dava-qırğınla vur-tut 15-20 hektar yer saxlaya bildik. Ancaq bu 1 ildə o qədər əziyyət çəkdik ki… Adamlar mal-qaranı otarmağa yer tapmır, məcbur oluruq mal-qaranı tövlədə saxlayaq. Heyvanlar havasızlıqdan xəstəlik tapır, ölür, iştahları kəsilir, süd vermir, qısırlaşır”.



“Təsərrüfatlar məqsədli şəkildə məhv edilir”

Kənd sakini Fikrət Nadirov deyir, əhali əsasən meyvəçilik və heyvandarlıqla məşğul olur. Örüşsüzlük səbəbindən heyvandarlıq yoxa çıxmaq üzrədir:

“Heyvana yem çatdıra bilməyən kəndli məcburdur, onu bazara çəkib satsın… Bu da o deməkdir ki, yaxın vaxtlarda kənddə heyvan qalmayacaq. Meyvəçiliyi susuzluqla məhv edirlər, heyvandarlığı örüşsüzlüklə. Bir-iki nəfər pul qazanacaq deyə, 2 min ailənin sürüsü qalıb ortalıqda, bu boyda özbaşınalıq olar? Bu, bir kəndin təsərrüfatını məhv etmək deməkdir”.

Kəndlilərin deməsinə görə, onlara heyvan otarmaq üçün saxlanılan yer kəndin qəbiristanlığının ətrafıdır:

“Orda da demək olar ki, ot yoxdur. Heyvanları aparıb tökürük ora, quru yerdir. Bir az qalırlar orda, məcbur oluruq qaytaraq tövləyə, gedək, ot alaq, gətirib tökək qabaqlarına, yesinlər. Belə heyvandarlıq olar? Bir il əvvələdək mal-qara otardığımız yerlərin ətrafını bağlayıblar, xəndəklər atıblar, əkin işləri də aparılıb. Torpaqları satan bələdiyyədir, alanlar da elə kənddəndir. Bir dəfə bələdiyyə sədrinə müraciət elədik, gəldi, dedi, daha satılmayacaq. Ancaq baxırıq ki, hissə-hissə yenə satılır.

Aprelin 29-da əllidən çox kənd sakini örüş yerinə yığışaraq torpaqların satılmasına etiraz edib. Kəndin bələdiyyə sədri Yaşar Hüseynov onlarla görüşüb.



Bələdiyyə sədri: “Əllərində 40 hektar sahə var, daha nə istəyirlər?”

Çarxı kənd bələdiyyə sədri Yaşar Hüseynov Meydan TV-yə bildirib ki, kənd sakinlərinin örüş sahəsi kimi iddia etdiyi torpaq sahələri bələdiyyəyə aid torpaqlar olub və icarəyə verilib:

“Sakinlərin iddiaları əsassızdır. Əvvəla, həyətyanı torpaq sahələri istisna olmaqla, bələdiyyə torpaqları satılmır, yalnız müqavilə əsasında icarəyə verilir. Sakinlərin iddia etdikləri torpaq sahələri də bələdiyyə mülkiyyətində olan sahələrdir və tam qanuni şəkildə ayrı-ayrı adamlara icarəyə verilib. Kəndlilərin istifadəsində hazırda 40 hektardan çox örüş sahəsi var. Kənddə sizə deyildiyi qədər mal-heyvan sayı da yoxdur. Bu gün mən onların toplaşdığı yerə getdim, özlərinə də başa saldım ki, icarəyə verilən torpaqların örüş sahələriylə əlaqəsi yoxdur. Torpaq islahatları nəticəsində bələdiyyələrin mülkiyyətinə də torpaq sahələri verilib. Bələdiyyələr əsasən torpaqların icarəsindən, ərazidəki əmlakların vergisindən və həyətyanı torpaq satışından maliyyələşir və torpağı qanuni yolla icarəyə vermək də bələdiyyənin hüququdur. İcarədarlar özləri də sakinlərə dəfələrlə sənədlərini təqdim ediblər. Bu adamlar nə istəyirlər, anlamıram”.

Yaşar Hüseynovun sözlərinə görə, ümumiyyətlə, kəndli ilə bələdiyyələr arasında torpaq mübahisələrinin yaranmasının səbəbkarı elə kəndlilərdir:

“Belə hallar da var ki, kəndli torpağını dəyər-dəyməzinə satıb, gedib bir “Jiquli” alıb qoyub altına, sonra da gəlir ki, torpağım yoxdur, mənə torpar ver. Bu torpaq bir dəfə verilir, torpağı satıb maşın almaqdansa, ək, məhsul götür, məhsulunu sat, maşın al… Adamlar əvvəlki kimi torpaqda işləməyi bəyənmirlər, düşünürlər ki, əziyyət çəkməkdənsə, elə birbaşa torpağı satım, maşın alım, sonra gedib yapışaram bələdiyyənin xirtdəyindən, yenə torpaq alaram”.

Ana səhifəBölgəÇarxı sakinləri: Kəndimizdə heyvandarlıq da, meyvəçilik də yoxa çıxır