Vahid Məhərrəmov: ”Fazil Məmmədovun söylədikləri imitasiyadır”
Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. “APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.
Onun sözlərinə görə, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
2017-ci ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi qəbul olunarsa, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 3 il artırılacaq.
F. Məmmədov onu da qeyd edib ki, Azərbaycanda quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərəmov Meydan TV-nin “ƏDV-dən azad edilmə qərarı böhrana hər hansı təsir edəcəkmi” sualına belə cavab verib:
“Neft gəlirlərinin yüksək olduğu zamanlarda istehsalı stimullaşdıracaq addımlar atılmayıbsa, bu sahələrə güzəştli kreditlər, məhsul istehsalçılarına subsidiyalar başqa ölkələrdə nəzərdə tutulduğu kimi verilməyibsə, əhalinin alıcılıq qabiliyyətinin kəskin düşdüyü, xidmət, ticarət obyetlərinin bağlandığı, işsizlərin sayının artdığı zamanlarda bu cür qərarlar “yanğını damcıyla söndürməyə” bənzəyir. Düşünmürəm ki, bu qərarların çörək, un istehsalına stimullaşdırsın. İstehsalı stimullaşdırmaq yalnız alıcılıq qabiliyyətinin artırılması ilə mümkündür. Bu da dövlətin real sektora böyük həcmdə kredit resursları ayıracağı zaman olacaq”.
Vahid Məhərəmov hesab edir ki, sosial-iqtisadi durum getdikcə pisləşdiyi halda bu cür tədbirlər təsirsizdir. Baxın, manat dəyərdən düşdüyü üçün banklar müştərilərə, əhali də banklara etibar etmir. Belə olan halda hansısa işləri həyata keçirmək çox çətindir.
“İstehsal vasitələri xaricdən gətirildiyindən Azərbaycan quş əti istehsal etmir. Ona görə bunu daxili istehsal kimi göstərmək ağlasığmazdır. Damazlıq yumurta idxal olunur, bundan quş əldə edilir, yem, istehsal avadanlıqları və dərman preparatları da xaricdən gətirilir. Quş ətinin maya dəyərində yem 70 faizə qədərdir. Ona görə Fazil Məmmədovun söylədikləri imitasiyadır. Hesab edirəm ki, ölkə istisadiyyatı yenidən qurulmalıdr. İndiyə qədər görülən işlər göstərir ki, hökumət bu sahənin mütəxəsisləri deyil, gördükləri də imitasiya olub. Bu baxımdan yeni kadrlar işə cəlb olunmalı və onlar ölkəni vəziyyətdən çıxarmaq üçün konsepsiya hazırlamalıdırlar”,-deyə ekspert fikrini yekunlaşdırıb.