İqtisadiyyatda gələn il 0.4 faiz azalma gözlənilir
Britaniya iqtisadiyyatında gələn il 0.4 faiz azalma proqnozlaşdırılır.
Britaniya Sənaye Konfederasiyasının (Confederation of British Industry – CBI) proqnozunda belə deyilir.
Sənəddə bildirilir ki, Britaniya iqtisadiyyatının gələn il 0.4 faiz azalmasına səbəb inflyasiyanın yüksək olaraq qalmasıdır. Şirkətlər investisiyaları dayandırır və bu, uzunmüddətli artım üçün tutqun təsir göstərir.
Bu da CBI-nin iyunda açıqladığı proqnozundan fərqlənir. Həmin hesabatda qeyd olunurdu ki, Britaniya iqtisadiyyatında 2023-cü il üçün 1 faiz artım gözlənilir.
Hazırki proqnozda isə vurğulanır ki, iqtisadiyyatda kəskin azalma müşahidə olunur və ümumi daxili məhsulun (ÜDM) 2024-cü ilin ortalarınadək COVID-dən əvvəlki səviyyəyə qayıtması gözlənilmir.
Britaniya Rusiyanın Ukraynaya təcavüzündən sonra təbii qaz qiymətlərindəki artımdan, həmçinin COVID-19 pandemiyasından sonra əmək bazarının tam bərpa olunmamasından və davamlı olaraq zəif investisiya və məhsuldarlıqdan ağır zərbə alıb.
CBI bildirib ki, işsizlik 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində 5 faizə yüksələcək, hazırda isə 3,6 faizdir.
Oktyabrda Britaniya inflyasiyası istehlak tələbini kəskin sıxaraq 41 ilin ən yüksək səviyyəsinə çatıb: 11,1 faiz.
CBI gələn il orta hesabla 6,7 faiz, 2024-cü ildə isə 2,9 faiz azalacağını proqnozlaşdırır.
CBI-nin ÜDM proqnozu Britaniya hökumətinin Büdcə Məsuliyyəti Ofisinin proqnozundan daha az tutqundur, yəni keçən ay 2023-cü il üçün 1,4 faiz azalma proqnozlaşdırırdı.
Lakin CBI proqnozu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) uyğundur ki, Britaniya gələn il Rusiyaya qarşı Avropanın ən zəif performans göstərən iqtisadiyyatı olacaq.
Foto: Reuters
CBI 2024-cü ilin sonunda biznes investisiyasının pandemiyadan əvvəlki səviyyədən 9, işçiyə düşən məhsuldarlıq isə 2 faiz aşağı olacağını proqnozlaşdırır.
Bunun qarşısını almaq üçün CBI hökuməti Britaniyanın “Brexit”dən sonra iş vizası sistemini daha çevik etməyə, investisiya üçün daha çox vergi güzəştləri verməyə çağırıb:
“Əgər tədbir görülməsə, itirilən onillik artımının şahidi olacağıq. Çünki ÜDM-də iki sadə amil nəzərəçarpandır: insanlar və onların məhsuldarlığı. Amma nə ehtiyacımız olan insanlar var, nə də məhsuldarlıq”.
Avropada qiymət artımları, enerji böhranı bu ilin fevralından başlayıb.
Səbəb isə Rusiyanın Ukraynaya hücumudur.
Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyub.
Rusiya da öz növbəsində Avropaya neft və qazın nəqlində maneələr yaradıb.
Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.