BMT-nin İnsan Hüquqları Şurasının dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçisi Gina Romero həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli ilə bağlı Azərbaycanın Baş prokuroruna məktub ünvanlayıb.
Romero “X” hesabında yazıb ki, oktyabrın 23-də göndərdiyi məktubda Anar Məmmədlinin həbsindən, istintaq təcridxanasında saxlanılmasından və ona qarşı irəli sürülən ittihamlardan narahatdır.
Romero məktubunda vurğulayıb ki, Anar Məmmədli insan hüquqları və seçki monitorinqi fəaliyyətinə görə cəzalandırılır. Məruzəçi həmçinin hüquq müdafiəçisinin hazırkı təqibi ilə 2013-cü il işindəki hüquq pozuntuları arasında “gözəçarpan oxşarlıq” olduğunu qeyd edib.
Məruzəçi Baş prokuroru Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb:
“Eyni zamanda, Anar Məmmədlinin istintaq təcridxanasından təcili şəkildə azad edilməsini, dərhal tibbi müalicəyə çıxışının təmin olunmasını, vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı bütün cinayət ittihamlarının geri götürülməsini, eləcə də səmərəli hüquqi müdafiə və kompensasiyanın təmin edilməsini tələb etməyə çağırdım”.
Romero əlavə edib ki, beynəlxalq standartlara əsasən, QHT-lər (qeydiyyatlı və qeydiyyatsız) resurslara, o cümlədən xaricdən maliyyə və digər resurslara çıxış və onları idarə etmək hüququna malikdir və bu fəaliyyət kriminal təqib üçün əsas olmamalıdır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli 2024-cü ilin aprelində qaçaqmalçılıq ittihamı ilə həbs olunub, sonradan isə onun ittihamları ağırlaşdırılıb. Məmmədli bütün ittihamları rədd edir və ictimai fəaliyyətinə görə həbs olunduğunu bildirir.
QHT sədri bundan əvvəl 2013-cü ildə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları ilə həbs olunmuşdu. 2014-cü ilin mayında məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib. 2016-cı ildə isə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Avropa Məhkəməsi Anar Məmmədli ilə bağlı işdə dövlətin haqsız davranması ilə bağlı qərar qəbul etsə də, Azərbaycan hökuməti bu qərarı hələ yerinə yetirməyib.