Almaniya səfirliyi Azərbaycanda filmin nümayişindən imtina olunduğunu deyir
2022-ci il noyabrın 14-dən 25-dək Azərbaycanda XII Avropa Film Festivalı keçirilib.
Festivalda Çexiya, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç və Ukraynadan on iki film təqdim olunub.
Tədbirdə filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunub.
Filmlər “Landmark CineClub” və “CinemaPlus”un “Deniz Mall”dakı kinoteatrında nümayiş etdirilib.
Noyabrın 28-də Almaniyanın Bakıdakı Səfirliyinin “Facebook” səhifəsində məlumat yerləşdirilib ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala daxil olan “Odda – İki Bacı” (“Sisters Apart”) filminin nümayişindən imtina edib.
“Təəssüf ki, bundan qabaq kinoteatrın filmi qısa müddətdə təxirə salınması səbəbindən Aİ Film Festivalında göstərilə bilmədi”, – məlumatda bildirilib.
Qeyd edilib ki, film dekabrın 5-də “Landmark CineClub”da göstəriləcək.
Film kürd-iraq əsilli Rojda adlı gənc qızın başına gələn hadisələrdən bəhs edir. O, Almaniya Silahlı Qüvvələrinin əsgəridir. Gənc qız itkin düşmüş bacısını tapmaq üçün təyinatını İraqa saldırır.
Filmin rejissoru Dafna Çarizani yunandır, Almaniyada yaşayıb.
“Report” iddia edir ki, filmin Azərbaycan kinoteatrı tərəfindən nümayişinə imtina olunma səbəbi məhz süjet xəttidir.
Belə ki, kinoteatr anti-Türkiyə mövzusuna görə filmi yayımlamayıb.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən Nərmin Həsənova Meydan TV vasitəsilə məsələyə aydınlıq gətirərək, deyilənləri təkzib edib.
Bildirib ki, onlara təqdim olunan sihayıda “Odda – İki bacı” (“Sisters apart”) filmi olmayıb:
“Avropa Festivalı keçiriləndə bizə siyahıda filmlər verilmişdi. Bu film siyahıda yox idi. Sonradan təqdim etdilər, biz də imtina etdik. Filmi özbaşına nümayiş etdirə bilmərik. Kinoteatrlarımızda nümayiş olunacaq filmlər ilk növbədə Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənir. İmtina etməyimizin ikinci səbəbi isə texniki amillərlə əlaqədar idi. Filmin tərcüməsi və nümayişi vaxt alacaqdı”.
Azərbaycanda Avropa Film Festivalı 2010-cu ildən etibarən keçirilir.
Builki festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “The Landmark” otel və biznes mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə reallaşıb.