Bəxtiyar Hacıyev Ramiz Mehdiyevə sual ünvanladı

“Bu savadsızlıq, cahillik və kadr böhranının səbəbi kimin yanlış siyasətinin nəticəsidir?”

Source:


“Bu savadsızlıq, cahillik və kadr böhranının səbəbi kimin yanlış siyasətinin nəticəsidir?”

Oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyası Elmi Şuranın 15 illiyi münasibətilə iclas keçirib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tarixə nəzər salaraq deyib ki, 70 il qabaq qalib gəldiyimiz savadsızlıq elə bil geri qayıdır: “Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur.

Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır – əlbəttə ki, ilk növbədə ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi”.

İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə vasitəsilə Ramiz Mehdiyevin çıxışına münasibət bildirib. O, PA rəhbərinə bir neçə sual ünvanlayıb: “Hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dünən  Azərbaycan təhsilindən, icra hakimiyyətlərinin biganəliyindən, qızların erkən ərə verilməsindən, dövlət qurumlarının kadr böhranı yaşamasından gileylənib. Deyib ki, 70 il əvvəl mübarizə apardığımız savadsızlıq təzədən həyatımıza qayıdır.

Hörmətli akademik yəqin çox gözəl bilir ki, son 20 ildə Azərbaycanı hansı siyasi qüvvə idarə edib və son 20 ildə o, Prezident Administrasiyasının rəhbəridir. Gözəl bilir ki, mətbuat, TV-lər, qəzetlər, internet xəbər saytları, hətta sosial şəbəkələr də onların nəzarəti altındadır. Onu da bilir ki, icra başçılarını da, nazirləri də, komitə və komissiya sədrlərini də, hətta Milli Məclisin üzvlərini də onlar özləri seçib və təyin ediblər.  O zaman sual yaranır: Bu savadsızlıq, cahillik və kadr böhranının səbəbi kimin yanlış siyasətinin nəticəsidir? “Antimilli ünsürlər” adlandırdığınız müxalifətin, yoxsa hesabları bağlanan QHT-lərin, yaxud həbsdə yatan maarifçi, hüquqşünasların, gənc fəalların, Amerikanın və Avropanın hər il bağlanan FLEX, UGRAD, Muskie, Fulbright proqramlarının, NDI və NED-in maliyyələşdirdiyi və bağlanmış Azad Fikir Universitetinin?”

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev Ramiz Mehdiyevə sual ünvanladı