Oqtay Rəcəbovun COVID-19-dan vəfat etdiyi bildirilir
Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Meydan TV-yə bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhumun ölümünə COVID-19 səbəb olub.
Həmçinin qeyd olunub ki, bəstəkarın ailəsi də xəstəliyə yoluxduğu üçün vida mərasimi keçirilməyəcək.
Oqtay Rəsəbov dekabrın 15-də 81 yaşında vəfat edib.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Oqtay Rəcəbovun ailəsi tərəfindən dekabrın 15-də Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 14:02 saatında müraciət daxil olub:
“Müraciət anındaca tibbi briqada ünvana gedib və onlar ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb”.
Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda doğulub.
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb.
Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru olub.
O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir.
Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Oqtay Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.