Bəs deyirdilər daha heç bir bank bağlanmayacaq?

Faktiki olaraq itirən yenə xalqımız və dövlətimiz oldu

Source:


Faktiki olaraq itirən yenə xalqımız və dövlətimiz oldu

“Bank Standard”ın “sağlamlaşdırılması” oyunu qurtardı. “Sağlamlaşdırma”nın ilk günündən dəfələrlə demişəm ki, bu proses qanuna zidd aparılır. Sağlamlaşdırılan banka dövlət kifayət qədər pul verməli idi ki, borclarını ödəsin, amma vermirdi və əmanətçilərin hüquqları kobud şəkildə pozulurdu. Sadəcə bir imitasiya idi.

Onu da dəfələrlə demişdim ki, bankların bağlanması prosesi bitməyib və yaxında davam edəcək, lakin bunu inkar edirdilər. Bank sistemimiz çox ağır durumdadır və bankların bağlanması davam edəcək. Gunahı da özlərindədir: vaxtında borclularla ədalətli davranıb onlara güzəştlər etsəydilər, vəziyyət bu həddə çatmayacaqdı.

“Bank Standard”a qayıdaraq qeyd etmək lazımdır ki, söhbət əmanətlərin həcminə görə ölkənin ikinci bankından gedir. Bu bankı ona görə sağlamlaşdırmaq istəyirdilər ki, onun bağlanması “bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilərdi”. Oldu da! Bu bankda təkcə sığortalanmış əmanətlərin həcmi deyilənə görə təxmini 500 mln. manatdır (sığortalanmamış əmanətlər və başqa borclar da var). Həmin pulu indi Əmanətlərin Sığortalanması Fondu qaytarmalı olacaq. Təbii, öz hesabına yox, çünki pulu yoxdur. Yenə Mərkəzi Bankdan kredit alacaq. Beləliklə, Fondun indi o qədər borcu olacaq ki, bəlkə də heç vaxt qaytara bilməyəcək.

Dövlət niyə “sağlamlaşdırma”dan əl çəkib ləğvə getdi?

Çünki “Bank Standard”ın sığortalanmış əmanətlərdən də başqa xeyli borcu var, əmlakı isə azdır, verdiyi kreditlərin əksəriyyəti faktiki ümidsizdir, batıb. Belə vəziyyətdə qərara alındı ki, bu bankın bütün borclarını ödəməkdənsə, təkcə sığortalanmış əmanətlərini ödəmək daha sərfəlidir (amma bu da asan olmayacaq). Bu isə o deməkdir ki, “sağlamlaşdırma” qərarı əvvəldən səhv idi və xeyli vaxt itirildi.

Faktiki olaraq itirən yenə xalqımız və dövlətimiz oldu. Çünki sığortalanmış əmanətlər dövlət hesabına qaytarılacaq. Yəni xalqın hesabına. Deməli, kimsə bankı bərbad idarə edir, kimə və necə gəldi kredit verir, sonra isə onun əməllərinə görə bizi xərcə salırlar.

Kimdir həmin şəxslər?

İlk növbədə bu bankın faktiki sahibi Heydər Babayev. Bəziləri məni Elman Rüstəmova qarşı rəhmli olmağa çağırır. Elə indicə rəhmli olacağam: iqtisadi-maliyyə sistemimizin ən bərbad rəhbər şəxsi Rüstəmov deyil, Babayev idi. Əvvəlcə qiymətli kağızlar sahəsini elə günə qoydu ki, həmin sahə faktiki yoxdur, sonra isə bütövlükdə iqtisadiyyatı bərbad günə qoyub getdi. Lakin yıxılanı baltalamaq istəməmişəm heç vaxt. Amma bu gün söhbət onun dövlət vəzifəsindən getmir. Özəl bankından gedir. O bankından ki, dövlətimizə ağır zərbə vurdu. Babayev və onun kimilər mütləq məsuliyyətə cəlb olunmalıdır ki, digər bankirlərə də dərs olsun. Əgər gec deyilsə. Çünki bunun ardı gələcək: bankların bağlanması davam edəcək. Məsuliyyətə cəlb olunan isə yoxdur…

Ana səhifəAnalitikaBəs deyirdilər daha heç bir bank bağlanmayacaq?