Berlin Film Festivalı sərt karantin tədbirləri altında başlayır

Beynəlxalq Berlin Film Festivalı, nikkimeel/shutterstock

Pandemiya ilə əlaqədar kinoteatrların tutumu 50 faiz azaldılıb

“Berlinale” kimi tanınan 72-ci Beynəlxalq Berlin Film Festivalı sərt karantin tədbirlərinə baxmayaraq, bu gün fəaliyyətə başlayır.

Bildirilir ki, açılış mərasimi rejissor Fransua Ozonun dram janrında çəkdiyi “Piter fon Kant” filmiylə olacaq.

Festivalın əsas hissəsinə on biri sənədli olmaqla 27 tammetrajlı film, “Forum Special” proqramına isə daha 14 tammetrajlı və qısametrajlı film daxil edilib.

Mükafatların təqdimetmə mərasimi fevralın 16-da keçiriləcək.

Sonra festivalın müddəti fevralın 20-dək uzadılacaq – bütün “Berlinale” kinoteatrlarında filmlərin təkrar nümayişi təşkil olunacaq.

Pandemiya ilə əlaqədar olaraq “Berlinale” kinoteatrlarının tutumu 50 faizə qədər azaldılıb.

Almaniya mədəniyyət naziri Klaudia Rot festivalın keçirilməsini mühüm addım hesab edib.

O, festivalın “offline” təşkili kino və mədəniyyət sahəsində çalışan hər kəsə ən yaxşı nümunə olduğunu bildirib.

Onun fikrincə, budəfəki festival özündə ümid, cəsarət və demokratiyanı ehtiva edir.

“Mədəniyyətsiz, teatrsız, konsertsiz, kinosuz hər şey susur”, – nazir belə deyib.

Ana səhifəMədəniyyətBerlin Film Festivalı sərt karantin tədbirləri altında başlayır