Deniz Bülent Tolqa deyir ki, sənətkarın rəsmlərini ona erməni rəssamların əsərləri kimi satıblar
Xalq rəssamı Səttar Bəhlulzadənin “Ebay” onlayn satış platformasında 650 əsərdən ibarət kolleksiyasını satışa çıxarılması ilə bağlı bəzi məqamlar məlum olub.
Satışı reallaşdıran “Tolga & Sons Art Gallery” şirkətinin sahiblərindən biri Deniz Bülent Tolqa “yeniavaz.com”a bildirib ki, uzun müddətdir belə əsərləri toplamaqla məşğuldur.
O deyib ki, 1989-1990-cı illərdən etibarən İsveçrədən, Amerikadan, İngiltərədən, Moskvadan, bir sözlə, dünyanın hər yerindən rəssamların əsərlərini alırlar.
Rəsmləri isə onlara erməni rəssamların əsərləri olaraq satıblar:
“Biz bunları erməni və sovet rəssamı adı ilə almışıq. Əsərləri aldıq, dedik ki, xeyr, bunlar erməni deyil, türkdür. Əsərləri alıb, dünyada adlarını qorumağa çalışdıq. Azərbaycan öz rəsmlərinə qovuşsun deyə çalışırıq. Bu kolleksiyanı Azərbaycan üçün hazırlayırıq. Kaş ki, bir nəfər bu əsərlərə sahib çıxa. Təəssüf, 40 ildir ki, heç kim sahib çıxmır. Hamı məni tənqid edir ki, bunlar niyə Türkiyədədir. Ona görə ki mən sahib çıxmışam”.
Kolleksiyaçının sözlərinə görə, o, bu günə qədər Səttar Bəhlulzadənin iki əsərini çox yüksək qiymətə satıb:
“Səttar bəyin sadə yağlı boya işinin qiyməti təxminən 300 min dollardan başlayır, 500-600 min dollara qədər dəyişir. Məndə 1200 ədəd rəsm var, uzun müddətdir toplayıram. Özüm bu mövzuda ən önəmli ekspertlərdənəm. Məndən çıxan rəsm, mənim qoyduğum qiymət əsla yanlış olmaz. Heç kimdə Səttar Bəhlulzadənin əsərləri yoxdur, qalmayıb, qiymətləri mən müəyyənləşdirirəm. Səttar Bəhlulzadənin əsərlərindən birini 25 min dollara aparıcı-müğənni Burcu Esmersoya satmışam. Bu yaxında birini də hədiyyə edəcəyəm və ya satacağam”.
Deniz Bülent Tolqa Heydər Əliyev Fondu ilə əməkdaşlığından da danışıb.
O deyib ki, 2013-cü ildə Fonda mühüm bir kolleksiyanın satışını ediblər:
“1068 rəsm satdıq, 68-ni mən hədiyyə etdim, 1000 ədədini də sevərək aldılar. Sizin muzeylərinizdə, özəl muzey binası yaratdılar, orada sərgilənir”.
Səttar Bəhlulzadənin hazırda “Ebay” satış platformasındakı 18 milyon dollarlıq dəyərində olan kolleksiyasına gəlincə, kolleksiyaçı bildirib ki, topluda ümumilikdə 1200 ədəd Azərbaycan rəsmi var.
2020-ci ilin mayında bəzi media resurslarında Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub-saxlanan əsərlərinin orijinallığına dair iddialar yer almışdı.
Həmin ilin iyununda muzeydəki rəsm əsərlərinin vəziyyəti ilə bağlı monitorinq aparılmışdı.
Komissiya üzvləri məlumatın əsassız olduğunu bildirmişdi.