Başa düşən “anlayış” daşları

Qadınların minillik mübarizəsi və onun parlaq nəticələri insanlığın təntənəsidir.

Source:

Bəzən nə qədər dil töksək də, yaxşı nitq sərgiləsək də, hər cür sübutu göz önünə gətirsək də, adamlar dediklərimizi nə anlamaq istəyir, nə də sübutları görməzdən gəlirlər. Oxşar vəziyyətlərdə biz özümüzdən çıxır, əsəbiləşirik.

Əslində hər şey çox bəsitdir – onlar sadəcə bizi anlamaq istəmirlər. Axı anlamağa başlasalar, həll yolunu tapmalı olacaq və dəyişəcəklər. Bu da onların həmin mövzu ilə bağlı özünü pis hiss etməsinə gətirib çıxaracaq. Belə anlayış onların münasibətdə göstərdiyi mövqe dəyişikliyi və həmişə qorumağa çalışdıqları düşüncənin özləri tərəfindən təhrifi ilə nəticələnəcək. Bu şeylər anlayış göstərməyən adamların proqnozları və arqumentləridir.

Düzdür, anlayış özündə müəyyən çətinlikləri ehtiva edir. Uzun müddətdən sonra anladığını göstərən şəxs palazın altına yığılmış problemlərlə qarşılaşmalı olur. Bu faktdır ki, anlayış göstərərkən biz bir çox çətinliklə üzləşirik. Təbii ki, hamı da bu cür hallarla qarşılaşma gücündə deyil. Çox adam da belə vəziyyətə hazır olmadığı və həmin üzləşməni məntiqli hesab etmədiyi üçün başa düşmək, anlamaq istəmir.

Bir xoşagəlməz məqam da var ki, həmin qəbildən olan adamlar əksər şeyləri səhv anlamağa çox meyillidilər. Elələri sanki qaraqəlblilikdə və pis niyyətli olmaqda bir-biri ilə yarışa girirlər. Onların düzgün, obyektiv anlayışla bağlı mexanizmi sınıq-salxağ vəziyyətdədir. Təmirə də heç ehtiyac duymurlar. Bu hal onlara sərf edir.

Elə olur ki, kiminləsə danışıq vaxtı onun fikiri ilə razılaşmadığımı qeyd edirəm. Həmin adam da qayıdıb deyir ki, “deyəsən fikirimi başa sala bilmirəm?!”

Mən də onun sözlərini yenidən təkrarən danışıb, “bunu demək istəmişdin, hə?” – deyə soruşuram. O da təsdiqləyir ki, “hə”!  Həmin şəxsə sonda bunu deyirəm: “Səni anlayıram, ancaq o fikirini haqlı saymıram!”

Ümumiyyətlə, anlayış qavramı, kimisə anlamaq zəhmət tələb edən nəsnədir. Çünki gərək səmimi olasan, qarşındakını diqqətlə dinləyəsən, enerji verib, əmək sərf edəsən. Burada incə məqam var. Bir çoxu düşünür ki, əgər qarşımdakını anlamağa çalışsam, onun düşüncələrinin də doğru olduğunu təsdiqləməli olacağam. Halbuki, bu belə deyil. Anlamaq ayrı şeydir, onları təsdiqləmək ayrı. Məhz bu yanlış qavrayışa görə də adamlar bilərəkdən anlayışsız olmağı seçirlər.

Anlamağın, kimisə başa düşməyin yolu dinləməkdən keçir. Bu, elə-belə yalandan başını yuxarı-aşağı yelləyərək qulaq asırmış kimi passiv dinləmək tərzi deyil, yox. Gərək fikirini qarşındakının çatdırmaq istədiyi fikirə cəmləyəsən. Ancaq belə olan halda onun vermək istədiyi mesajı anlamaq mümkündür.

Əksər adamlar anlamağa deyil, həmsöhbətinin danışdıqlarının içində özünü haqlı, qarşısındakının isə istifadə etdiyi cümlələrdə onu haqsız çıxaracaq sübutlara fokuslanmağa çalışır. Buna ən çox münasibətdə olan cütlüklərin ”haqlı olmaq” çəkişmələrində daha çox rast gəlinir.

Bu halların aradan qalxması üçün əvvəlcə gərək səbrli olasan. Çünki üstünə getdikcə vəziyyət daha da çətinləşə bilər. Həmin yaxınımızın bizi anlamasının ona nə üçün çətin olduğunu tapmağa çalışmaq məqsədəuyğundur. Əgər səmimi söhbət alınacaqsa, ona açıq suallar vermək olar: “Məni anlamaq özünü əskik, dəyərsiz, yoxsa məsuliyyətli olmağına gətirib çıxaracaq?”

Beləcə onun bizi necə anladığını başa düşə bilərik.

Anton Çexov deyirdi ki, tərbiyəli adamlar heç vaxt “məni başa düşmürlər” kəlməsini işlətmirlər. Çexov bu cümləni çox haqlı şəkildə işlədib. Özlərini anlamayan adamlar, başqalarının onları anlamasını istəyirlər. Bu cür sözləri isə ən çox da elə aciz adamlar işlədir.

Bütün hallarda isə anlaşılmaq çox gözəl hissdir. Bu hal insanları bir-birinə yaxınlaşdırır.  Adamlar onları başa düşənləri daha çox axtarır və elələrini daha cəlbedici sayırlar. Bir sözlə, xoş əlaqələr və uğurlu münasibətlər üçün anlayışlı olmaq əsas vəzifələrdən biridir.

Ana səhifəMənim FikrimcəBaşa düşən “anlayış” daşları