''Şirkərin məni maddi şirnikləndirmə yolu ilə ələ almaq niyyətini rəisin diqqətinə çadırdım''
Mayın 15-də Bakı Şəhər Prokurorluğuna çağırılan “criminal.az” saytının baş redaktoru Anar Məmmədovu İstintaq İdarəsinin rəisi Rəşad Mansurov qəbul edib.
Bu barədə Anar Məmmədov özü məlumat yayıb.
Baş redaktor bildirib ki, dünən bir ilə yaxın onlarda saxlanılan "macbook"un qaytarılacağı deyilsə də, prokurorluğa çağırılmasına səbəb SOCAR haqda yazdıqlarıdır:
“Mən SOCAR haqda yazılar verdiyimə görə Bakı Şəhər Prokurorluğuna çağırılmışdım. Rəşad Mansurovla söhbətim zamanı o belə yazıları dayandırmağımı tövsiyə etdi və hansı səbəbdən bu yöndə məqalələr yaydığımı soruşdu. Heç bir məqsədim olmadığını dedim. SOCAR-dan “Criminal.az” saytına haker hücumlarını dayandırmasını Rəşad müəllimdən xahiş etdim. Bundan başqa, şirkərin məni maddi şirnikləndirmə yolu ilə ələ almaq niyyətini rəisin diqqətinə çadırdım. Bütün söhbətimizin əsası "SOCAR-dan yazma" idi”.
Anar Məmmədovun sözlərinə görə, idarə rəisi Rəşad Mansurov "macbook"un məhkəmə qərarı qüvvəyə minməmişdən qabaq qaytarılması üçün rəhbərliyə ərizə yazmağı məsləhət gördü:
“Ərizəmi yazdım və prokurorluqdan çıxdım”.
Jurnalist sonda qeyd edib ki, rəis Mansurovdan dəfələrlə SOCAR-la bağlı hər hansı şikayətin olub-olmaması sualına cavab ala bilməyib:
“Nəticə budur ki, şirkət haqda yazılarıma görə qeyri-rəsmi şəhər prokurorluğuna çağırılıram və şifahi də olsa xəbərdarlıq alıram”.
A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 308.8 (vəzifə səlahiyyətlərini aşmaq), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.
Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədov haqqında 2 il sınaq müddəti ilə 5,6 il şərti cəza qərarı çıxarıb.