Əkrəm Həsənov: ”Azərbaycan tarixində elə bir fakt yoxdur ki, bağlanan bankın sığortalanmayan əmanətləri qaytarılsın”
Ləğvetmə prosesində olan “Texnikabank” və “Bank of Azerbaijan” ASC-lərin qorunmayan əmanətçilərinə kompensasiya ödəmək çətin olacaq.
“Report” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.
O, bunu həmin bankların aktivləri ilə bağlı vəziyyətin acınacaqlı olması ilə izah edib.
Bununla yanaşı, A.Cavadov qeyd edib ki, bəzi bağlanmış bankların, məsələn, “Parabank”, “Dekabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin qorunmayan əmanətçilərinin pulunu 100 faiz qaytarmaq mümkün olacaq.
“Həmin əmanətləri qaytarmaq mümkün olmayacaq”
Azad Cavadovun söylədiklərini Meydan TV-yə şərh edən bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib ki, fondun icraçı direktoru formal cəhətdən doğru desə də, ümumiyyətlə, həmin əmanətləri qaytarmaq mümkün olmayacaq. Çünki Azərbaycan tarixində elə bir fakt yoxdur, bağlanan bankın sığortalanmayan əmanətləri qaytarılsın. Əlbəttə, bank vətəndaşları məlumatlandırmalı idi və bunu “İstahlakçıların hüquqları haqda” qanun tələb edir. Məsələn, “Standart Bank”, bankın rəsmiləri 520 milyon əmanətin 460 milyonunun sığortalandığını bildirdilər. Ortada 60 milyon sığortalanmayan əmanət qalır. Deməli, Əmanətlərin Sığortalanması Fondu 460 milyonu qaytarmalıdır, öz vəsaiti olmasa da, Mərkəzi Bankdan kredit götürə bilər. Ancaq Mərkəzi Bank vəsaiti verməyə məcbur deyil, amma əks halda bank sistemi pis duruma düşəcək. Bununla belə, təəssürat yaranmasın ki, “Standart Bank”ın borcu elə 520 milyon əmanətdir, bu, yalnız vətəndaşların əmanətidir. Bankda şirkətlərin də hesabı var, təkcə bir şirkətin 3 milyon manatı var. Nəhayət, həmin borcların da sığortası yoxdur. Yaxud hüquqi şəxslərin və yerli bankların borclarından danışan yoxdur, əgər sahibkarlığın inkişafından danışırıqsa, onları da müdafiə etməliyik”.
“Bankların əmlakı satılmalıdır”
Əkrəm Həsənov təəssüflənir ki, sağlamlaşdırma prosesi başlayanda Maliyyə Bazarlarına Nəzarət Palatası banklar haqqında maliyyə hesabatını yaymadı: “Əslində, palata bankların maliyyə hesabatlarını açıqlamaqda borcludur. Ən azı , “Standart Bank”da 700-800 milyon borc var. Əgər dövlət hansısa bankın müflis olunmasını elan edirsə, bu, o deməkdir ki, əmlakı borcundan azdır. Əmlak dedikdə, daşınmaz və daşınan əmlakı nəzərdə tutulur, bura bina, torpaq, avtomobil, mebel, kompüter və verdiyi kreditlər daxildir. Bunların hamısı bir yerdə 700 milyona heç yaxınlaşmır da. Bu, etirafdır ki, verdikləri kreditlərin əksəriyyəti batıb və istintaq araşdırmasına ehtiyac var. Burdan belə nəticə çıxır. Əmanətçilərin Sığortalanması Fondu bankın əmlakını satmalıdır. Tutalım ki, qeyd olunanların hamısı satıldı və bu, 500 milyon manat etdi, 200 milyon çatmır. “Banklar haqqında qanun”a görə, ləğv olunan bankın əmlakının satışdan gələn gəlir birinci növbədə Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. 500 milyonun artıq 460 milyonunun hansı istiqamətə yönəldiyi məlum oldu. Cəmi 40 milyon qalır və 200 milyon da borc var. İkinci növbədə, yenə Əmanətlərin Sığortalanması Fondudur, bu məbləğ ləğvetmə prosesinə çəkilən xərclərə aiddir. Bankların ləğvetmə prosesi illərlə çəkir, söhbət məhkəmələrdən, vəkillərdən və s. gedir. Həm də bankı ləğv edən üçün yaxşı pul yeri olur bank, burda qohum-əqrabaları işə götürüb onlara yüksək maaşlar təyin edirlər. Sonradan bankın ləğv olunmasına 10 milyon xərc çıxdığını elan etsələr, təəccüblənməyin. Deməli, 40 milyonun 10 milyonu Əmanətlərin Sığortalanması Fonduna getdi. Üçüncü növbədə, “Standart Bank”ın öz işçiləridir, söhbət əməkhaqlarından gedir, böyük bank olduğundan az məbləğ deyil. Dördüncü növbədə dövlətdir, yəni bankın dövlətə vergi, kommunal və s. borcları. 2 milyon bankın işçiləri və dövlətə ayrılanda 28 milyon qalır ki, bu məbləğ sığortalanmayan əmanətçilər, hesabları olan şirkətlər və banklar arasında bölünür. Bütün hallarda heç kəs pulunu sona qədər almayacaq və mən normal ssenari irəli sürdüm. Ehtimal edirəm ki, “Standart Bank”da Əmanətlərin Sığortalanması Fondunun vəsaiti tam qayıtmayacaq. Çünki vəziyyət çox bərbaddır, hazırda “Standart Bank”a qarşı sahibkarların məhkəmə işi var və məbləğlər çox iridir. Problem ondadır ki, bu bank çox məsuliyyətsizcəsinə idarə olunub, öz şirkətlərinə iri kreditlər verməklə indiki bərbad vəziyyəti yaradıblar”.
“Azad Cavadov öz dərdindən danışıb”
Hüquqşünas başqa banklarda da oxşar vəziyyət yarandığını bildirib: “Bankların çoxu bərbad vəziyyətdıdir və maliyyə hesabatlarını da bu səbəbdən dərc etmirlər. Əslində, Azad Cavadov çətinlik olacağını söyləyəndə, öz dərdindən danışıb, yəni özləri də vəsaitlərini götürə bilməyəcəklər”.
Əkrəm Həsənov yaranmış durumda məsuliyyətin bank sahiblərinin üzərinə düşdüyünü və məhkəməyə də onların verilməsinin vacibliyini vurğulayıb: “Çünki onlar iri kreditləri öz ciblərindən yox, əmanətçilərin puluyla veriblər. Bank sahibləri cinayətə yol veriblər, söhbət “Standart Bank”dan gedirsə, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, “Texnikabank”dan gedirsə, Etibar Əliyevin adı çəkilməlidir, amma bankı idarə edən şəxslərlə bərabər Mərkəzi Bankın məsuliyyəti də var. Axı Mərkəzi Bank illər boyu bu banklara nəzarət edib və qanunvericilikdə bu məsələlər yer alıb. Söhbət yalnız Elman Rüstəmovdan getmir, istintaq müəyyən etməlidir ki, Mərkəzi Bankın hansı işçiləri bankları yoxlayıb və hesabat verib. Əgər məhkəmədə sübut olunsa ki, onların hərəkətləri qeyri-peşəkar və vicdansız olub, o zaman onlara da qarşı iddialar qaldırılmalıdır”.