“Kimsə bankları talayır, xərcini isə biz ödəyirik!”
2003-cü ildə Mərkəzi Bank dünən ləğv edilən “Bank Standard”a 100 milyard manat kredit vermişdi. İndiki pulla 20 milyon manat edir. İndi də böyük rəqəmdir. Amma 13 il əvvəl lap böyük rəqəm idi. Mərkəzi Bank digər banklara bu məbləğdə kredit vermirdi. Amma əsas olan bu deyil. Əsas odur ki, kredit 15 il müddətinə və girovsuz verilmişdi.
Buna görə də Beynəlxalq Valyuta Fondu (BVF) kəskin etirazını bildirmişdi. BVF hesab edirdi ki, belə kredit sağlam mərkəzi bank təcrübəsinə ziddir, çünki mərkəzi bank uzunmüddətli və girovsuz kreditlər verməməli, hər hansı banka digərləri ilə müqayisədə üstünlük verməməlidir. BVF bunu həmçinin Mərkəzi Bankın PRGF (Yoxsulluğun Azaldılması və İqtisadi Artımın Maliyyələşdirilməsi) üzrə üzərinə götürdüyü öhdəliyin pozulması kimi qiymətləndirmişdi. Rüsvayçılıq idi! BVF-in təpkisi nəticəsində Mərkəzi Bank krediti “Bank Standard”-dan geri aldı.
Bəli, həmin dövrdə rəsmilərimiz beynəlxalq maliyyə qurumlarından çəkinirdi. Amma sonra pulumuz artdı, onlarla hesablaşmamağa başladıq, sivil fəaliyyətdən uzaqlaşdıq, çağdaş günə düşdük və yenə başlamışıq həmin qurumlarla nəzakətli davranmağa.
Beləliklə, azı ötən onillik ərzində Mərkəzi Bank rəhbərliyi özünə yaxın banklara sərfəli şərtlərlə xeyli kredit verib. Niyə məhz onlara və niyə sərfəli şərtlərlə – istintaq predmetidir. Təəssüf ki, digər dövlət qurumlarından fərqli olaraq, Mərkəzi Bank 25 il ərzində bir dəfə olsun belə dövlət orqanları tərəfindən yoxlanılmayıb. Yoxlama olsa, oradan nələrin çıxacağını bir Allah bilir, bir də Elman Rüstəmov.
Elman Rüstəmova yaxın banklar üzrə həmçinin bank nəzarəti də bərbad olub. Elə buna görə də həmin banklar kimə (təbii, yaxınlarına) və necə (təbii, ən sərfəli şərtlərlə) gəldi kreditlər veriblər. Adi insanları və sahibkarları isə ağır şərtlərlə kredit bataqlığına salıblar. İndi nə sonuncular kreditləri qaytara bilir, nə də banklara yaxın borclular qaytarmaq istəyir. Buna görə də həmin banklar əmanətləri qaytara bilməyib müflis olurlar. Nəticədə əmanətlər tam sığortalı olduğu üçün onları dövlət qaytarmalı olur. Xalqın sərvəti hesabına. Kimsə bankları talayır, xərcini isə biz ödəyirik!
Bu ilin əvvəlində “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul ediləndə gözlənti var idi ki, qanun qüvvəyə minənədək bütün belə banklar bağlanacaq. Çünki əks halda, əmanətlərin hamısını qaytarmaq lazım olacaqdı. Lakin Mərkəzi Bank həmin bankların yalnız bir neçəsini bağladı. Niyə? Çünki gözü kölgəlidir bank sahibləri qarşısında, cürət etmədi. Və bu bərbad mirası Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürdü və dedi ki, narahat olma, “sağ” qalan banklarda vəziyyət qənaətbəxşdir. Palata da hamıya bəyan etdi ki, daha heç bir bank bağlanmayacaq. Amma Palata bankları yoxlayanda gördü ki, hətta hesabatları da saxtadır. Nəticədə iyulda 4 bankı da bağlamalı oldu, amma vəd verdi ki, daha bank bağlanmayacaq.
“Bank Standard”ı isə sağlamlaşdırmağa cəhd etdi, çünki Mərkəzi Bank Palataya demişdi ki, burada da vəziyyət normaldır, sadəcə problemli kreditləri qaytarmaq üçün vaxt lazımdır. Amma sonda bəlli oldu ki, vəziyyət “rusca”dır: kreditlərin çoxu batıb, xilas yolu yoxdur. Və bu bankı da bağlamalı oldu.
Əlbəttə, Palata prosesi bir az da uzada, vaxt uda bilərdi. Lakin Mərkəzi Bankın “zibili”nin məsuliyyətini üzərinə götürmək istəmədi. Gələn ilə qalsaydı, Mərkəzi Bank deyəcəkdi ki, mənlik deyil artıq, Palatanın işidir. Amma indi bunu deyə bilməyəcək: açıq-aşkardır ki, məhz Mərkəzi Bankın pis nəzarəti sayəsində lisenziyası çoxdan alınmalı olan “Bank Standard” 600 milyon manata yaxın əmanət toplaya bilib. Palatanın dünənki qərarı Mərkəzi Bankın məsuliyyətini aşkar etməklə yanaşı həm də cəzadır: sığortalanmış əmanətlər məhz Mərkəzi Bankın hesabına ödəniləcək və onun ehtiyatları daha da azalacaq, bu isə devalvasiyanı daha da tezləşdirəcək.
Əlbəttə, Palatanın da fəaliyyətində qüsur az deyil, bu barədə vaxtaşırı yazıram. Lakin yeni yaradılmış bu qurum çox çətin şəraitdə işləyir. Üstəlik, başda Mərkəzi Bank olmaqla onun fəaliyyətinə mane olanlar, səhv məlumatlandıranlar da az deyil. Dünən yazmışdım ki, konkret “Bank Standard”a görə əsas məsuliyyəti onun sahibi – ən səriştəsiz nazirlərimizdən biri olmuş Heydər Babayev daşıyır. Lakin bütövlükdə bank sisteminin darmadağın olduğuna görə məsuliyyət Elman Rüstəmovun üzərindədir. Qeyri-peşəkar və korrupsion bank sistemi onun törəməsidir…