Bandit kapitalizmi

Source:
Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Çox dəyərli intelektual kimi tanıdığımız Araz Gündüzün son tərcüməsi olan Entoni Giddensin “Əlimizdən çıxan dünya” əsərində Putinin oyuncağa çevirdiyi dövlətin iqtisadi sistemini “bandit kapitalizmi” adlandıraraq yazır:

“Demokratiya üçayaqlı kətilə bənzəyir: dövlət, iqtisadiyyat və vətəndaş cəmiyyəti arasında tarazlığın olması zəruridir. Əgər onlardan hansısa biri o birindən üstündürsə, nəticə məyusedici olacaq”.

Sadalanan həmin demokratiya üçayağından Rusiyada yalnız biri var: avtoritar dövlət! Bəli, yalnız güclü avtoritarizmə söykənən bircə repressiv dövlət aparatı var. İqtisadiyyatını isə yalnız oliqarxlar arasında bölünən piroqa bənzətmək olar. Vətəndaş cəmiyyəti institutunun prinsipial şəxslərinə qarşı repressiya yerdə qalanlarının da “meymunlar ölkəsindəki” (ifadə Rusiyanın məşhur teatr xadimlərindən birinə məxsusdur) reallıqla barışmağa məcbur edib.

Rusiya canlı bir orqanizm olaraq çoxsaylı xəstəlikləri özündə daşıyan pasiyentdir. Bu xəstəliyi şiddətləndirən və ağrıların artıran pasiyentin ən böyük siyasi xəstəliyi “sərhədsizlik” xəstəliyidir. Bütün dünyaya yayılacaq qədər imperiya xəstəliyinə yoluxmuş “şimal ayısı” zəifləri boğur. Gücü çatmayanı isə yaralayır. Qarabağ, Abxaziya, Osetiya, Dnestrayanı, Krım bu vəhşiliyin qurbanlarıdır. Bir Krıma görə Avropa Birliyi və ABŞ-la üz-üzə gələcək qədər tərslik nümayişi ona nələrin hesabına başa gəlmədi? Bir dəvəyə yük olacaq qədər özünün kütləsini hər zaman artırmağa çalışan Rusiya, bircə dəfə də olsun özünün sanbalını artıra biləcək çəkisi haqqında düşünmədi. Siyasi çəkisi yox, məhz kütləsi onun beynini daha çox məşğul etdi. Hamını, o cümlədən qonşuları “ütüləyəcək” qədər əzici gücünü özünə üstünlük kompleksi qazandıracağını qafasına taxıb. Sizif əməyi sayəsində bu qədər resurs itkisinin alternativini heç düşünmədi. Bütün bölgələrdə hamı ilə eyni dərəcədə savaş içində olub, torpaqları nəzarətdə saxlamağın ona nə verdiyini heç anlamaq belə istəmədi. Bunu düşünmək fürsəti və zamanı oldumu?

Tutaq ki, hətta okeanları tutdun, ərazilərə yayıldın, amma sonda öz torpaqlarını icarə üçün yenə də müasir texnologiyanı yaradanlara verməyə məcbur olursan ki?! Ondansa, bütün dünya ilə savaş içində olmadan təbii (Rusiya) və texnoloji, finans resursları (Qərb və Avropa) birləşdirməklə yeni iqtisadi inkişaf ssenariləri yaratmaq ən doğrusu deyilmi? Belə bir alternativin olduğu bir seçim imkanında bu sizif əməyinin adı nədir?

ABŞ və Avropa Birliyi ilə soyuq müharibə iqtisadi baxımdan açıq savaş mərhələsinə keçib. ABŞ-ın Maliyyə Nazirliyi təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı olan şəxslərə qarşı sanksiyanın əhatə dairəsinə düşəcək şəxsləri müəyyənləşdirən layihəni Konqresə göndərib. Cəmi 200 nəfərdən artıq olan dövlət idarəçiliyində mövqe tutan insanlardan başlamış transmilli şirkət rəhbərlərinədək olanların hamısı Rusiya iqtisadiyyatını öz təsirlərində saxlayan cil atan xərçəngə bənzəyir. Öz iradələrinə tabe etdirilən böyük bir iqtisadiyyatın müxtəlif sektorlarını siyasi çevrələrlə razılaşdıraraq yüzlərlə oliqarx arasında bölüşdürülüb. Gəlir piroqunun xeyir-duası Kremldə həll olunur. Məhz Rusiyada nepatizm nəticəsində iqtisadi resurslara nəzarətin edilməsi gəlir bərabərsizliyinin (Cini indeksi) sürətlə böyüməsinə gətirib çıxarıb. “Credit Suisse”nin 2017-ci il üçün “Qlobal Sərvət Hesabatı”na əsasən, dünyada sosial ədalətsizlik ən çox Rusiyada müşahidə olunur. Belə ki, ölkənin 75 faiz sərvəti ölkənin 1 faizini təşkil edən yuxarı zümrəli insanların əlində cəmləşib. Müqayisə üçün deyək ki, hətta Hindistan və Taylan kimi ölkələrdə bu rəqəm 58 faizdən çox deyil.

İslahatyönlü olmayan və bazar iqtisadiyyatına keçidi müəmmalı olan Rusiya kimi bir iqtisadi sistemdə böyük bir sərvətin məhdud bir çevrənin əlində olması bu dövlətin istismarçı xarakterini göstərir. Gəlir bərabərsizliyinin mövcud həddə qədər böyüməsi dövlətin tənzimləmə funksiyasının effektiv olmamasının sübutudur. Bu nisbət həm də iqtisadi alətlərin sosial diferensasiyasının təşviqedici rolunun daha da artmasına işarədir. Bu isə o deməkdir ki, sərvət sahibi olanlar özlərinin iqtisadi diktatura qurmaqları ilə cəmiyyəti ifrat varlılara və lümpenlərə bölürlər. Rusiyanın makroiqtisadi göstəriciləri sübut edir ki, bu nisbət yaxın illərdə müsbətə doğru dəyişməyəcək. Dövlətin istismarçı rolu daha da artacaq. Xarici borclamanın kritik həddi keçməsi, resurs asılılığı və “sosial yükün” artması Rusiyanı sürətlə sosial-iqtisadi və siyasi labrintə aparır. Bu qədər ağır problemləri çoxsaylı dialoq mühitində həll etmək əvəzinə, Putinizmin dar çevrəsində xısın-xısın müzakirəsi nəyi dəyişə bilər ki? Bu qədər böyük ərazini, təbii ehtiyatları və iqtisadi resursları iki nəfər dostun duetinə tabe etdirilən Putin-Medvedyev yerdəyişməsi bu dərd selinə necə yön verə bilər ki? Qurdla qiyamətə qalacaq qədər siyasi görməmişlik, siyasi duet sahiblərinin doymaz iştahlarını nə vaxta qədər doyduracaq?

Dünən mətbuat konfransında Putin zabitin oğlunun öz qılıncını Kreml “saatına” dəyişməsinə dair bir əhvalat danışdı. Özünün yaratdığı bir militarist sistemə bəraətqazandırıcı məzmun verərək:

“Bir gün keçmiş zabit oğlundan soruşur. Oğlum, mənim qılıncım var idi, sən onu görməmisən? Oğul deyir ki, əsəbləşmə ata, mən onu qonşu həyətdəki oğlanın saatı ilə dəyişmişəm. Ata deyir, göstər. O da göstərir. Atası deyir: “Saat qəşəngdir, amma bilirsən, oğlum, sabah quldurlar gəlib məni öldürsə, ananı öldürsə, böyük bacına təcavüz etsə, sən gəlib deyəcəksən ki, axşamınız xeyir, indi Moskva vaxtı ilə saat 12:30-dur?”

Gecə keçəndən sonra cinayətə məruz qalan şəxslər bir çox hallarda cinayətkarın təsadüf qurbanı olmağına görə həyatını itirmirlər. İndiyə qədər etdikləri cinayətlərin revanşı və qisas zəminində bədəl ödəyirlər. “Saatla” zaman ölçüsünü dəyərləndirə bilməyən, qılınca sığınmağı yeganə çarə biləcək. Qılıncla dünyanı fəth etmək istəyən, elə “saatı da” “qılıncı da” itirəcək. Zamanı gələndə gəzdirdiyi qılıncla həm özünü məhv edəcək, həm də qoluna taxdığı “saatdan” məhrum olacaq.

Bu əhvalat XXI əsrdə sosial dövlət olmağı yox, militarist dövlət hədəfi olan bir sistemin mahiyyətini ifadə edən bəraətqazandırıcı uydurmadır. Bu fəlsəfəyə köklənən bir siyasi zehniyyətin qılıncın önəminə nə qədər vurğun olduğunu göstərir. İnsana xidməti və onun maraqlarının təmin edilməsini deyil, hərbi qüdrətinin necə artırılmasına sahib bir zehniyyətin hələ nə qədər separat ocaqları alovlandıracağını görəcəyik… Bunlar isə Rusiyanın güclənməsini deyil, süqutunu yaxınlaşdıran amillərdir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəAnalitikaBandit kapitalizmi