“Papanin” yerli müsabiqənin “Ən yaxşı sənədli film” seçilib
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı yekunlaşıb.
Mükafatlandırma mərasimi noyabrın 23-də “Nizami” Kino Mərkəzində olub.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsinin yaydığı press-relizdə bildirilir ki, əsas mükafat – “Qızıl Nar” heykəlciyi rejissor Türkan Hüseynovaya təqdim edilib.
Onun müəllifi olduğu “Papanin” ekran işi yerli müsabiqənin “Ən yaxşı sənədli film” seçilib.
Cavid Səmədovun “Korona incəsənətə yardım” sosial çarxı isə “Ən yaxşı sosial çarx” seçilib.
Hər iki qalibə ayrı-ayrılıqda 1000 manat pul mükafatı verilib.
Festivalın “Ən yaxşı prodüser” nominasiyası üzrə qalib “Arzu” filminin prodüseri Rüfət Əlizadə olub.
Qalibə diplom və 500 manat pul mükafatını təqdim edilib.
Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərinin siyahısını təqdim edirik:
“Münsiflər heyətinin xüsusi seçimi” – “Kuku” bədii filmi. Rejissor Svetlana Belorusova. Rusiya.
“Münsiflər heyətinin xüsusi mükafatı” – “Ruhun ruhu” sənədli filmi. Rejissor Hoze Martinez, Culieta Gəzrok. İspaniya.
“Ən yaxşı animasiya filmi rejissoru” – Mahsa Samani. “Habub” animasiya filmi. İran.
“Ən yaxşı animasiya filmi” – “Pərdəarxası”. Rejissor Vu Yen Şenq. Tayvan.
“Ən yaxşı sənədli film rejissoru” – Viyet Vu. “Əbədi bahar” filmi. Vyetnam.
“Ən yaxşı sənədli film” – “4000 səs”. Rejissor Kuiş Səccad. İraq.
“Ən yaxşı bədii film rejissoru” – Heydər Taştan. “Çingiz” filmi. Türkiyə.
“Ən yaxşı yaxşı bədii film”. “Daliya”. Rejissor Brusi Olason. İslandiya.
Yerli müsabiqə
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu – “28 May” bədii filmi. Rejissor Elvin Əhmədoğlu.
“Ən yaxşı prodüser” – “Arzu” filminin prodüseri Rüfət Əlizadə
Münsiflər heyətinin diplomu
“Mən Gəncəyəm” sənədli filmi. Rejissor Ramil Ağasıyev.
“Mənim ailəm” sənədli filmi. Rejissor Afaq Yusifli.
“Bir ovuc yumor və cansıxıcı kədər” sənədli filmi. Lalə Əliyeva.
“Xocalı nişanəsi” sosial çarxı. Rejissor Elçin Elxanlı.
Münsiflər heyətinin xüsusi mükafatı
“Artıq” bədii filmi. Rejissor Fərid Hüseynov.
“+65” animasiya filmi. Rejissor Sevinc Quliyeva.
“Ən yaxşı ssenari” – “Qaldırın yelkənləri” bədii filmi. Rejissor Səbinə Haqverdiyeva.
“Ən yaxşı sosial çarx” – “Korona-incəsənətə yardım”. Rejissor Cavid Səmədov
“Ən yaxşı sənədli film”- “Papanin”. Rejissor Türkan Hüseynova
Beynəlxalq müsabiqədə yarışan filmləri publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirib.
Yerli müsabiqənin münsiflər heyətinin üzvləri tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti, aktrisa Mehriban Zəki, kinorejissor Elməddin Alıyevdir.
Noyabrın 19-dan başlayan festival çərçivəsində yerli film müəlliflərinin və yaradıcı heyətin iştirakı ilə müzakirələr keçirilib.
Xarici ölkələrin Azərbaycandakı səfirlikləri festivalın beynəlxalq müsabiqəsində yer alan filmlərlə maraqlanıb, nümayişlərdə iştirak ediblər.
“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.