Bəhruz Səmədov: “Məni “ermənipərəstlikdə” ittiham edənlərə yazılarımı oxumağı təklif edirəm”

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

Fəal həbs edilən jurnalist Ülviyyə Əliyə müsahibə verib

Dövlətə xəyanət ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov müsahibə verib.

O, Bakı İstintaq Təcridxanasının Müalicə Müəssisəsində “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə müsahibəsində həbsinin səbəbləri və yaşadıqları barədə danışıb.

Səmədov bildirib ki, həbsinə səbəb akademik fəaliyyəti və beynəlxalq konfranslardakı çıxışlarıdır.

“Bu cür konfranslarda hər zaman dövlətə xəbərçilik edən adamlar olur. Sonuncu dəfə Mançesterdə tənqidi çıxış etmişdim, çıxışım son illərin siyasəti barəsində idi. Bu, hakimiyyət üçün hədəfdir. Həbsim həm də Avropanın 2023-cü il sentyabr hadisələrinə münasibətinə cavab idi. Müharibəyə qarşı çıxmışam, amma bu, torpaqlara qayıdışa qarşı olmaq demək deyildi. Mən sonranı düşünüb, sezarizmin nəyə gətirib çıxaracağını bildiyim üçün bu mövqedə idim”, – Bəhruz Səmədov bildirib.

O hesab edir ki, Ermənistana sülh danışıqlarının getdiyi bir vaxtda ona 15 il həbs cəzasının verilməsi prosesin ziddiyyətindən xəbər verir:

“İlk gündən demişdim ki, bu ittiham dövlətin öz maraqlarına ziddir. Akademikə belə ittiham verilməsi, onu işgəncəyə məruz qoymaq ölkənin nüfuzuna zərər vurur və iddia olunan “sülh gündəliyinə” zidd addımdır. Hələ ittihamın səbəbi mənə aydın deyil. Mən nə siyasətçiyəm, nə də geniş oxucu kütləm olub. Sadəcə, radikal tənqidçi olmuşam. Dövlət Təhlükəsizlik Xidmətində mənə dedilər ki, səbəb ermənilərin mənim məqalələrimə istinad etməsidir” – Bəhruz Səmədov müsahibəsində bildirib.

Onun sözlərinə görə, “ermənipərəst” adlandırılmasına səbəb kimi göstərilən yazılarında o, əksinə, Azərbaycan cəmiyyətinin müharibə travmalarından bəhs edib:

“Məni “ermənipərəstlikdə” ittiham edənlərə yazılarımı oxumağı təklif edirəm. Mən orada Azərbaycan xalqının travmaları haqda açıq yazmışam”.

Bəhruz Səmədov həbsindən sonra ona dəstək göstərən jurnalistlər – Aytac Tapdıq, Aysel Umudova və Ülviyyə Əlinin həbsindən danışıb, bunu ağır bir sınaq kimi qiymətləndirib:

“Bütün bunlar ağırdır. O qədər pis şeylər baş verdi ki, sonda affekt vəziyyətində məhkəmədən qayıdanda intihara cəhd etdim. İstəyirdim ki, ölümümlə ölkədəki vəziyyəti bir növ son söz kimi bəyan edim. Son anda məni Taryel Abdullayev xilas etdi. Yaxşı ki, belə də oldu”.

Sülh fəalı deyib ki, ölkədə hər hansı mübarizə aparmaqdan çoxdan imtina edib və bəzən ən doğru yol çıxış yolunu seçməkdir:

“Öz vətənində peyğəmbər olmur. Mən də ölkədə mübarizə aparmaqdan imtina etmişəm. Bəzən ən yaxşı strategiya gediş, çıxışdır. Necə ki, Musa öz xalqını Misirdən çıxardı, mənim kimi düşünənlərə də bunu məsləhət görürəm”.

Bəhruz Səmədov Qarabağ müharibəsindən sonra vətəndaş cəmiyyətinə qarşı başladılan həbs dalğasını belə şərh edib:

“Qələbədən sonra hakimiyyətin legitimlik problemi aradan qalxdı, siyasət yox səviyyəsinə düşdü. Yalnız media və bir neçə şəxs qaldı. Onları da susdurmaqla hakimiyyət tam diskursiv hökmranlığa nail oldu. Banal millətçilik və konsumerizmdən başqa heç nə qalmadı. Bu hadisələrin baş verəcəyi 2020-ci ildə mənə məlum idi, elə buna görə də müharibəyə qarşı oldum”.

Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.

O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.

O iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətBəhruz Səmədov: “Məni “ermənipərəstlikdə” ittiham edənlərə yazılarımı oxumağı təklif edirəm”