Dövlət ittihamçısı fəala 16 il cəza verilməsini istəmişdi
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində verilib.
Daha öncə, iyunun 20-də keçirilən prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəmişdi.
İyunun 21-də isə Bəhruz Səmədov dövlət ittihamçısının ona 16 il həbs cəzası istəməsinə etiraz olaraq intihara cəhd etmişdi.
Nənəsi Zibeydə Osmanovanın Meydan TV-yə verdiyi məlumata görə, son anda onu dustaq yoldaşı xilas edib.
Bəhruz Səmədov həbsinə etiraz olaraq iyunun 19-dan ölüm aclığına başlayıb.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.