Azərbaycanla Norveç arasında nə baş verir?

Siyasi xadimlər hadisələri Azərbaycanın imicinə zərbə kimi qiymətləndirirlər

Norveç hökuməti Azərbaycanda səfirliyinin bağlanması haqqında qərar verərək, ictimaiyyət arasında sual yarada biləcək addım atdı.

Hadisələrin xronologiyası:

Noyabrın 9-da Norveç hökuməti Gürcüstanda səfirlik açması ilə bağlı qərarını açıqladı. Eyni zamanda Azərbaycandakı səfirliyin bağlanması elan edildi. Bundan sonra Norveç Azərbaycanda fəxri konsulluq səviyyəsində təmsil olunacaq. Azərbaycanla bağlı diplomatik və konsulluq işləri isə ölkənin Ankaradakı səfirliyi vasitəsilə aparılacaq. 

Eriksen Soreyde

Eriksen Soreyde

Norveçin xarici işlər naziri, xanım Eriksen Soreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır və bu ölkədə həyata keçirilən islahatlar onu ''Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb''.

İlkin olaraq Azərbaycan tərəfi XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevnın simasında bu qərara sakit reaksiya versə də, sonradan Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir vəziflərini icra edən Hikmət Hacıyev daha kəskin bəyanat verdi.

Leyla Abdullayeva

Leyla Abdullayeva

Belə ki, Leyla Abdullayeva bildirmişdi ki, “qərar təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır və Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir”. 

H.Hacıyev isə öz növbəsində bəyan etdi ki, “bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.

Hikmət Hacıyev

Hikmət Hacıyev

H.Hacıyev həmçinin Norveçin bir zamanlar Azərbaycanda səfiri olan Stenar Gili də xatırlayaraq, onun vaxtilə diplomatik etikanı pozduğunu və Azərbaycanın daxili işlərinə qarışdığını bəyan edib. 

S.Gil zaman-zaman Azərbaycan rəsmiləri, hakimiyyətyönümlü şəxslər tərəfindən insan hüquqlarının müdafiəsi baxımından atdığı addımlara görə tənqid edilib. Bu ittihamlara cavab olaraq S.Gil 2011-ci il mayın 17-də “Turan” agentliyinə müsahibəsində Azərbaycandakı fəaliyyəti dövründə heç bir diplomatik etikanı pozmadığını və insan haqları məsələsinin ölkənin daxili işləri olmadığını bəyan edib.

Steynar Gil

Steynar Gil

“Gözlərini yumub, baş verənləri görməməzliyə vurmaq olardı. Amma bundan sonra bu xatirələrlə necə yaşaya bilərdim?”, S.Gil deyib. 

“Turan” agentliyinin Norveçin qərarı ilə bağlı təhlil yazısında isə bildirilir ki, norveçlilərin azərbaycanlılarla Avropa norma və dəyərləri sistemində energetika, mədəniyyət, ictimai və təhsil layihələri vasitəsilə münasibətlər qurmaq cəhdləri heç bir nəticə verməyib və demək olar ki, hazırkı qərar Gürcüstan, Ermənistan və Azərbaycanın siyasi vektorlarının uyğunsuz şəkildə inkişafı kontekstində illər ərzində formaşalıb. 

Azərbaycanla münasibətlərə görə Gürcüstan deyil, Ankara səfirliyinin cavabdeh olacağı faktı da buna dəlalət edir. Praktiki olaraq, Norveçin Tbilisidəki missiyası Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamayacaq. Bu missiyanı qismən fəxri baş konsul, bəlkə də Azərbaycanda Equinor-un şəxsində, öz üzərinə götürəcək”, təhlildə deyilir.

Məsələyə Azərbaycan tərəfindən verilən reaksiyanın son nöqtəsi kimi, noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Finlandiyada, İsveç və Norveç Krallıqlarında fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun geri çağırılmasını qəbul etmək olar. 

“Azərbaycan beynəlxalq aləmdən təcrid olunur”

Müsavat Partiyasının başqanı Arif Hacılı Norveçin Bakıda səfirliyini bağlamasını Azərbaycan üçün çox ciddi hadisə adlandırıb:

“Baş verənlər Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması prosesini göstərir. Bu məsələlərdə Bakının mövqeyi, Xarici İşlər Nazirliyinin açıqlamaları və ardınca Skandinaviya ölkələrindən səfirin geri çağrılması hakimiyyətin Azərbaycanın taleyi hqda düşünmədiyini bir daha təsdiqləyir. Ölkənin təcrid olunması Qarabağ problemi də daxil olmaqla köklü problemlərin həllində çox böyük maneələr yaradır”.

Arif Hacılı

Arif Hacılı

Onun fikrincə, hakimiyyət bu məsələlərdən nəticə çıxartmaq əvəzinə hikkə və təkəbbür nümayiş etdirir.

“Halbuki, siyasi xadim, dövlət xadimi qərarlar qəbul edərkən öz hikkəsinə, ona olan münasibətlərə yox, dövlətin maraqlarına əsaslanmalıdır. Skandinaviya ölkələrindən səfirin geri çağrıılıması isə Azərbaycan dövləti üçün böyük probemlər yaradacaq. Ona görə proses dayandırılmalı, hakimiyyət Norveç səfirliyinin bərpa olunmasına çalışmalıydı. Ancaq diplomatiya sahəsində heç bir təşəbbüskarlığı olmayan hakimiyyət çox kobud səhvə yol verərək səfirliyin Azərbaycandan çıxmasının daha ağır nəticələr ilə dövlətimizi ağır problemlərlə üz-üzə qoydu”.

Arif Hacılının sözlərinə görə, Norveç səfirliyi Azərbaycandakı ictimai-siyasi hadisələrə, insan haqlarına digər səfirliklərə nisbətən daha həssas reaksiya verirdi.

“Bir çox məsələlərdə əsas təşəbbüskar kimi çıxış edib. Təbii ki, Norveç səfirliyinin bu addımı digər ölkələrin öz diplomatik missiyası ilə bağlı qərarlarına yenidən baxmaqla nəticələnə bilər. Azərbaycan hakimiyyəti ölkənin tam təcrid olunmaması üçün təcili tədbirlər görməlidir”.

“Baş verənlərdə hansısa sui-qəsd nəzəriyyəsini görmürəm”

Siyasi icmalçı Zərdüşt Əlizadə xatırladıb ki, Azərbaycanın Norveç Krallığındakı səfiri Adış Məmmədov 5 il idi vəzifədəydi.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

“Adətən, bir səfir göndərildiyi ölkədə 4 ilə qədər işləyir. Əgər yaxşı işləyirsə, məsələsinə yenidən baxıla bilər, yaxud başqa ölkəyə göndərilir. Adış Məmmədov çox güman ki, vaxtı bitdiyindən müvafiq nazirliyə geri çağrılması barədə müraciət edib. Bu baxımdan mən baş verənlərdə hansısa sui-qəsd nəzəriyyəsini görmürəm”.

“Rəsmi Oslo bu ölkədə işləməyin mənasını görmədi”

Milli Şurasnın sədri, professor Cəmil Həsənli məsələ ilə bağlı şərhində ilkin olaraq Norveçin demokratik ölkələrindən biri olduğunu qeyd edib:

Cəmil Həsənli

Cəmil Həsənli

“Bu ölkə Azərbaycanda demokratik təsisatlara son illərin münasibətini görürdü. Rəsmi Oslo Azərbaycanda müəyyən layihələrin həyata keçməsinə dəstək verdi. Amma 2011-ci ildə qanunvericilikdə həyata keçirilən mürtəce dəyişikliklərdən sonra demokratik cəmiyyətin qurulacağına olan ümidlərini üzdü. Mənzərə belədir ki, Azərbaycanı korrupsiya bürüyür, repressiv idarəetmə hökm sürür, ailə-klan hakimiyyətinin qurulması istiqamətində hüquqi baza yaradılır. Ona görə də rəsmi Oslo bu ölkədə işləməyin elə mənasını görmədi”.

“Bu hadisələr Azərbaycanın nüfuzuna ciddi zərbədir”

Avropada siyasi mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov iki ölkə arasında ciddi bir hadisənin baş vermədiyini düşünür.

Bununla belə onun fikrincə, əhalisinin sayına və ərazisinə görə Norveç kimi kiçik ölkələr dünyadakı maraqları baxımından iki halda səfirlik saxlayırlar. Burada iqtisadi və geosiyasi maraqlar üstünlük təşkil edir:

Rauf Mirqədirov

Rauf Mirqədirov

“Söhbət demokratiya, insan haqları, təhlükəsizlik və başqa məsələlərdən gedir. Hazırda Norveçin Azərbaycanda iqtisadi maraqları yoxdur, neft müqaviləsindən çıxıb. Son dövrlərdə isə Norveç azadlıqların, insan haqlarının inkişafı layihələrində iştirak etdi. Digər məqam isə təhlükəsizlik və geosiyasi gerçəklik idi. Nəzərə alaq ki, bir neçə ildir Qərb-İran və Rusiya ilə münasibətlər çox ciddi problemə çevrilir. Azərbaycan Cənubi Qafqazın önəmli ölkəsi olduğundan Norveç Bakıya ümumqərb mənafeyi baxımından ciddi diqqət yetirirdi. Lakin Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərini genişləndirir, xüsusilə Krımın ilhaqı və Şərqi Ukraynanın bir hissəsi ilə bağlı sanksiyaları dəstəkləmədi. Ən azı susmaq olardı. Amma rəsmi Bakı Kollektiv Təhlükəsizlik Təşkilatını çox ciddi izlədiyini bəyan edir”.

Onun fikrincə, bu hadisələr Qərblə Rusiya arasında qlobal qarşıdurmada Azərbaycanın Avropanın tərəfdaşı statusunu şübhə altına alır.

“Yəni hər üç istiqamətdə-iqtisadi, demokratiya və təhlükəsizlik- ciddi durğunluq varsa, deməli, Norveçin Azərbaycanda səfirlik saxlaması üçün mövcud problemlər aradan qalxıb. Gürcüstan bütün problemləri ilə yanaşı önəmlidir, özünü NATO və Avropa Birliyinin üzvü görmək istəyir. Ermənistanda isə Qərblə əməkdaşlığa ümidlər artsa da, vəziyyət birmənalı deyil. Həm də səfirlik Gürcüstana ona görə köçürülür ki, Ermənistanda da fəallıq göstərəcək. Azərbaycanda səfirlik olarkən məlum münaqişəyə görə bu mümkün deyildi”.

R.Mirqədirov Azərbaycanın Norveçdəki səfirini geri çağırmasını Bakının demarşı hesab edir:

“Düşünmürəm ki, səfirin geri çağrılması başqa səbəb olsun. Norveçin qərarından sonra Azərbaycan hansısa cavab addımı atmalıydı. Təəssüf ki, Bakı Rusiya ilə münasibətlərdə belə addımlar atmır, amma Qərb ölkələrinə qarşı bu cür demarşlar edir. Əlbəttə, bu hadisələr Azərbaycanın nüfuzuna ciddi zərbədir. Norveç əslində deyir ki, siz artıq bizim üçün maraqlı deyilsiniz”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fpkut4

Ən çox baxılan