“Həmrəylik halqası” adlandırılan şəbəkə təhlükəsiz qaz nəqlini nəzərdə tutur
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə Bolqarıstan Prezidenti Rumen Radev də iştirak edib.
Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirildiyi bildirilən ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, 2022-ci ildə Azərbaycan və Bolqarıstan arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu da əvvəlki ilə baxanda 4.5 dəfə artım deməkdir.
İqtisadçı bildirir ki, Azərbaycan Bolqarısatanla enerji əməkdaşlığını 2022-ci ildən başlayaraq gücləndirib.
Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan mavi qazını istehlak edir.
Bu il isə Bolqarıstan 1 milyard kub metrdən çox qaz nəql ediləcək:
“İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı, Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər”.
Yeni imzalanan memoranduma gəlincə, Vüqar Bayramov bildirib ki, bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir:
“Azərbaycanın regional geo-siyasi və geo-iqtisadi mövqeyi möhkəmlənir”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı Avropa enerji mənbələrini Rusiya qazından uzaqlaşdırmağa çalışır.
Aİ iyulda Azərbaycanla 2027-ci ilədək qaz idxalının həcmini 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb.
“Ukraynadakı müharibə bizi mehriban qonşuluq, qarşılıqlı yardım və həmrəylik anlayışlarının yeni ölçülərini axtarmağa sövq edib. Bu, bizi beynəlxalq logistik xəritəni yenidən cızmaq üçün tamamilə yeni səmərəli həllər, yeni marşrutlar və yeni təchizat üsulları axtarmağa sövq edir”, – Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
İlham Əliyev isə Avropa dövlətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında sazişin imzalanmasını “çox vaxtında atılmış addım” adlandırıb.
Bildirib ki, bu, Avropanın daha bir çox ölkəsinə daha böyük və təhlükəsiz qaz nəqlini təmin edəcək.
Bolqarıstan Azərbaycandan İtaliyaya təbii qazın çatdırılması üçün çoxseqmentli boru kəməri layihəsi olan Cənub Qaz Dəhlizi ilə Yunanıstanla interkonnektor vasitəsilə birləşdirilir.
Bağlayıcı Bolqarıstana 1 milyard kubmetr Xəzər qazının çatdırılmasına imkan verir ki, bu da ölkənin tələbatının təxminən üçdə birini ödəyir və həcmi hər il 5 milyard kubmetrə qədər artırmaq gücünə malikdir.
Azərbaycan 2020-ci ilin sonundan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməyə başlayıb.
2022-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 11,4 milyard kubmetr ixrac edib.
2027-ci ilədək Azərbaycan qazının Avropaya ixracının 20 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır.