63 yaşlı Rəfiqə Mustafayevanın oğlundan başqa həyatda kimsəsi yoxdur. Zamin Əliyev birinci qrup əlil olan anası ilə 20 ildir kirayədə yaşayır. Onlar 1988-ci müharibəsi zamanı Ermənistandan qaçqın düşüblər.
Zamin Əliyevin qaçqın düşəndən bəri öz mənzilləri olmayıb. Kirayələrdə xəstə anasıyla yaşamağın çətinliyi onu ailə həyatı qurmağa da qoymayıb. O, anasının əlilliyinə görə, Nərimanov Rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğunu deyir. Ancaq onlara hələ 2028-ci ildə mənzil növbəsinin çatacağı deyilib.
Rəfiqə Mustafayevanı iflic vurub, bədəninin bir tərəfi hərəkətsizdir. İllərdir yataq xəstəsidir.
Zamin Əliyevin yarımcan vəziyyətdə qalan anası üçün əlindən gələn tək şey fəhlə işləyib, onu dolandırmaqdır. Müalicəsinə gücü çatmır. Kirayə yükündən qurtulmaq üçün hökumətdən bir mənzil, o da olmasa sığınacaq istəyir.
Bayram günləri olduğundan Nərimanov Rayon İcra Hakimiyyətinə suallarımızı ünvanlamaq mümkün olmadı.