Kinostudiyaya rejissor Nazim Hüseynov rəhbərlik edəcək
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin olunub.
Mədəniyyət naziri Anar Kərimovun əmri ilə vəzifəyə Nazim Hüseynov gətirilib.
Bundan öncə kinostudiyaya rejissor Fariz Əhmədov rəhbərlik edib.
O, “Facebook” səhifəsində öz ərizəsi ilə işdən ayrıldığını yazıb.
“Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisi ilə birlikdə işlədik. Mən yenə də audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətimi davam etdirəcəyəm. Yeni işlərdə, yeni layihələrdə yenə də birlikdə olacağıq. Yenə də Azərbaycan kinosuna xidmət etməyə davam edəcəyik”, – Fariz Əhmədov qeyd edib.
Fariz Əhmədov 2020-ci ildə kinostudiyaya direktor təyin olunmuşdu.
Yeni direktor Nazim Hüseynov daha öncə, 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsini icra edib.
O, “215 KL” Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992-1997, 1999-2010), “Space” Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997-1999), “Salnamə” Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb.
II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub.
2013-cü ildən “Salnaməfilm” studiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.