İstehsalçılar qiyməti artırmadığını deyir
Bakıda yumurtanın qiyməti artıb. Bahalaşma həm broyler, həm də kənd yumurtasında müşahidə edilir.
Satıcılar Meydan TV-yə bildiriblər ki, son bir həftədə broyler yumurtaları 1-2, kənd yumurtası 5-10 qəpik arasında bahalaşıb.
Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Elman Məmmədov deyib ki, ötən həftə 30 qəpikdən təklif edilən kənd yumurtası 40 qəpiyə yüksəlib.
“Dünən gecə yumurtanı yeni qiymətlə almışıq. Amma bu gün dedilər ki, bazarlar, topdansatış mağazaları yoxlanılır, qiymət artımı dayandırılacaq”,-Məmmədov deyib.
Satıcılardan biri isə güman edib ki, qiymət artımı bayram öncəsi tələbatla bağlı deyil. Çünki bazarda ciddi canlanma yoxdur:
“Rusiya Prezidentinin televiziyada göstərilən mətbuat konfransında ruslar yumurtanın qiymətindən şikayətləndilər. Rusiyaya yumurta göndərmək təklifi ilk olaraq Azərbaycandan gəldi. Zəng vurub dedilər ki, biz Rusiyaya yumurta göndərərik. İki partiya yumurta göndəriblər. Yəqin fikirləşirlər ki, daxili bazarda qiymətləri artırsınlar. Satıcı olsaq da, savadsız deyilik”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, adambaşına illik yumurta norması 290 ədəd olduğu halda azərbaycanlılar il ərzində adambaşına 190 ədəd, ruslar isə 345 ədəd yumurta yeyirlər. Bu günlərdə Azərbaycan Rusiyaya 612 min yumurta ixrac edib. Yumurtanın qiyməti bu səbəbdən qalxıb:
“Özümüzü yumurta ilə təmin edə bilmədiyimiz halda Rusiyaya ixrac edirik”.
Məhərrəmli qeyd edib ki, Rusiyada yumurtaya tələbat artdığı üçün çalışırlar ki, daha çox yumurta idxal etsinlər. Azərbaycanla yanaşı, Belarus, Türkiyə də yumurta göndərir. Putin çalışır ki, seçki ərəfəsində qiymət artımı baş verməsin.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının açıqlamasında isə deyilir ki, nəinki son günlərdə, hətta son aylarda yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib:
“Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da bir yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən bir qəpik ucuzdur”.
Məlumatda deyilir ki, bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı beş milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız tələbatdan artıq olan yumurta göndərilir.
“Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar”,-assosiasiyadan bildiriblər.
Assosiasiyadan qeyd edilib ki, ölkədə yumurtanın bahalaşması üçün hər hansı iqtisadi əsas yoxdur:
“Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib”.