Mənbə: Meydan.TV

Azərbaycanda yaşamaq istəmirik

Cənab prezident! Çoxdandır sizə məktub yazmıram. Elə bir ciddi səbəb də yoxdur. O mənada ki, məktub yazmağa bizi məcbur edən səbəblərin hamısı sizə bəllidir. 2016-cı il, sentyabrın 5-dən “Azadlıq” qəzeti çıxmır. Yazılarımızı burda verirdik. Azad mətbuatın son alınmaz qalası sayılırdı. Bəlkə də, şişirdirdik, ancaq 2016-cı il sentyabrın 5-dən sonra bunun şişirtmə olmadığını anladıq; yazı verməyə yer tapmayanda. Lap elə 2005-ci ilə qədər azad tribunalar vardı. Bir qəzetdən, onun rəhbərindən, mövqeyindən xoşu gəlməyən müəllif yazılarını verməyə başqa qəzet tapırdı. Jurnalistlər yerini, kollektivi dəyişməyi o qədər də dərd eləmirdi. Bir neçə qəzetə yazmaq da vardı. Ancaq sonrakı illərdə bütün yollar, azad söz deyən dillər, müstəqillik iddiasında olan qəzetlər sıradan çıxarıldı; KİV-ə Dövlət Dəstəyi “sayəsində” indiki durum yarandı.

Başqa səbəb də var, yazdığım məktublara sizdən heç vaxt cavab gəlməyib, bu məktublar heç saytınızda da yerləşdirilməyib. Baxmayaraq ki, o sayta hər gün bir neçə məktub qoyulur. Paytaxtdan çox uzaq, işıq, internet belə olmayan kəndlərdən göndərilən məktublar... nədənsə ora daha tez “yol tapır”. Həm də tərif dolu məktublar.

Bu ilin əvvəlindən başlayaraq rayonlarda seçicilərinizlə məhrəm görüşləriniz zamanı topladığınız şikayət məktublarından da heç birini o saytda görmədim. Səbəbini hələ də bilmirəm. Açığı, düşündüm ki, yəqin, rayondan qayıdanda yolda itirmisiz, yəni ola bilməzdi, şəxsən sizə əlbəəl verilən məktublar o sayta yol tapmasın; kimdir sözünüzün qabağında söz deyən.

Bu məktubu yazmaq istəyisə Bakı Ağır Cinayətlər Məhkəməsində yarandı. Xəbəriniz olar, yəqin, “AXC-Müsavat cütlüyü” hakimiyyətdə olanda Gədəbəyin Saleh Rüstəmov ad-soyadlı icra başçısı vardı. O hakimiyyət 26 ildir yoxdur, ancaq, demək olar, siz çıxışlarınızda o illərdən tez-tez danışırsız, çoxu o hakimiyyət illərini unutsa da, Saleh Rüstəmov hələ də yaddaşlardadır; Başçı və vətən oğlu kimi. Ötən il mayın 8-də - Şuşanın işğalı günü - onu sizinkilər həbs edib. Qondarma ittihamla. Buna heç toxunmuruq, onsuz da son illərdə tutulanların hamısı qondarma ittihamla içəriyə salınır, iş alır. İstintaqçılar əziyyət çəkməsin deyə, hamını əsasən narkotiklə tuturlar (Saleh bəy də bu ittihamla saxlanmışdı). Hazır mətn – cinayət işi üzərində ad-soyad dəyişməklə işləmək çox rahatdır. Düzdür, sonda maddənin, maddələrin dəyişdiyi vaxt da olur, ancaq buna görə kimsə tutanları sorğu-suala çəkmir...

Saleh Rüstəmov və onunla birgə tutulanların məhkəməsi gedirdi. O proseslərdən biri, ya da ikisi sizin Davosda olduğunuz vaxta düşdü. Bəlkə də, məhkəmədə baş verənlərdən xəbər tutmadız. Birini xatırlatmaq istəyirəm. Qabaqca onu deyim ki, tutulanların hamısına dəhşətli işgəncə veriblər; keçmiş icra başçısı, müharibə iştirakçısı Saleh Rüstəmova, Qarabağ qazisi Babək Həsənova, o biri 3 gəncə - Aqil Məhərrəmli, Ruslan Nəsirli və Vidadi Rüstəmliyə.

Saleh Rüstəmovdan əvvəldə yazdım, vətən darda olduğu günlərdə əlinə silah alıb torpaqlarımızı düşməndən – ermənilərdən qoruyub. Bioqrafiyasında uğurlu Başkənd əməliyyatı var. Həmin Saleh Rüstəmov, vətən üçün canını verməyə hazır olan, döyüş yoldaşlarını itirən, torpaq uğrunda qan tökən adam görün məhkəmədə nə deyir: “Mənim heç bir məqsədim, siyasi ambisiyam yoxdur. Ümumiyyətlə, nə mən, nə də övladlarım gələcəkdə də Azərbaycanda yaşamaq istəməmişik”.

Niyə deyir bu sözləri? Heç hakim də ona bu sualı vermədi. Ümumiyyətlə, xəbəriniz var, yəqin, Azərbaycan məhkəmələrində araşdırma, məhkəmə istintaqı deyilən şey yoxdur. İttiham tərəfi nə göndərirsə, hansı cəzanı istəyirsə, hakim də onu verir. “Heykəl məhbusları”nda belə hal olmuşdu, prokuror Qiyas İbrahimova 9 il iş istəmişdi, ancaq hakim Ənvər Seyidov heç bir məhkəmə araşdırması aparmadan 10 il iş vermişdi...

İstəyirəm siz də biləsiz: heç kim – nə hakim, nə dövlət ittihamçısı, nə nadzorlar - Saleh bəydən soruşmadı ki, niyə sən uğrunda vuruşduğun torpaqda yaşamaq istəmirsən, həm də təkcə özün yox, övladlarınla birgə? O torpaq üzərinə ayağını cəsarətlə, fəxrlə, qürurla basmağa, orda məğrur-məğrur gəzməyə haqqı olanlardansan axı. Soruşmadı, heç kim sorğu-sual eləmədi.

Bilirsinizmi niyə, cənab prezident? Bilirsiniz...

P.S.Saleh bəyin apelyasiya şikayətinə də mayın 8-də - Şuşanın işğalı günü - baxıldı və 1-ci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı; həm də heç bir məhkəmə araşdırması aparılmadan.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wk9a9u

Ən çox baxılan