Nemət Əliyev: “Rusiya-Ukrayna bazarını tərk edən 100 milyardlarla kapitalın 0,01 faizi bizim ölkəyə üz tutmayıb”
Xarici investorların Azərbaycana yatırdığı sərmayələrin miqdarı azalıb.
Bunu Dövlət Statistika Komitəsinin (DSK) hesabatlarından görmək olur.
Məsələn, xarici investorlar 2021-ci ilin yanvar-avqust dövründə əsas vəsaitlərə 1, 720 milyard dollaradək sərmayə yatırıb.
İqtisadçı Nemət Əliyev hesablayıb ki, 2022-ci ildə xarici investorların Azərbaycana etdiyi yatırımlar 22 faiz azalıb.
O, bunu ötən il və bu ilin ilk 8 ayında yatırılan investisiyalar əsasında hesablayıb.
“8 aylıq sərmayələrin nominal həcmi il ərzində 383 milyon dollar azalıb. Müqayisə üçün deyim ki, “COVİD-19”un tüğyan elədiyi 2020-ci ilin yanvar-avqust dövründə xaricilər Azərbaycana 1,957 milyard dollar, 2015-ci ildə isə 4,519 milyard dollar sərmayə qoyublar”.
İqtisadçı qeyd edir ki, xarici sərmayələr son 2 ilə 32 faiz, son 7 ilə 70 faizdən çox azalıb:
“Sizcə, bu dərəcədə pisləşmənin səbəbləri nələrdir? Nə üçün xarici sərmayədarlar Prezident İlham Əliyevi, Əliyev hökumətini eşitmirlər, Azərbaycandan yan keçirlər? Axı dövlət başçısı keçirdiyi müşavirələrdə, verdiyi müsahibə və açıqlamalarda dəfələrlə investorları Azərbaycana səsləyib. Hətta bir zamanlar icra başçılarının qarşısında vəzifələr də qoyurdu ki, başçılıq etdikləri rayonlara xaricdən investorlar gətirsinlər. Bəs nəticələr nə üçün bu dərəcədə ağırlaşıb, vəziyyət niyə düzəlmir? Vəziyyət o dərəcədə arzuolunmaz həddə çatıb ki, hətta Rusiya-Ukrayna müharibəsinin təsiri ilə Rusiya bazarlarını, elə həm də Ukrayna bazarlarını tərk edən 100 milyardlarla kapitalın heç olmasa 0,01 faizi bizim ölkəyə üz tutmayıb. Üz tutmamağı bir yana qalsın, burada olan kapital da ölkəni tərk edib”.
Nemət Əliyevin sözlərinə görə, Azərbaycana yatırım etmək istəyən xarici investorların azalmasının əsas səbəbi odur ki, onlar bu ölkədə özlərinin təhlükəsizliyinə zəmanət görmürlər:

“İnvestorlar əziyyət çəkmədən pozulacaq hüquq və haqlarının bərpa olunmasına inansaydılar, qanunların təsir gücünün məmur iradəsindən üstün olmasına əmin olsaydılar, sərmayədarlar gəlməzdilərmi buraya? İş qurmazdılarmı, pul qazanmaq istəməzdilərmi bizim ölkədə? Heç şübhəniz olmasın ki, əgər biznes fəaliyyəti üçün heç olmasa orta səviyyəli şərait olsaydı, gələrdilər də, ən yeni texnika və texnologiyaları da buraya gətirərdilər, həm qazanar, həm də qazandırardılar. Amma və lakin bunların heç birindən danışmaq mümkün deyil, çünki ölkədə biznes fəaliyyəti üçün gərəkən şərait yoxdur. Onun altından bir daş, üstündən də daha ağır daş qoyublar”.
Müstəqil iqtisadçılar, şərhçilər daim açıqlamalarında bildirirlər ki, nə qədər Azərbaycanda ədalətli hüquq sistemi olmayacaq, azad iqtisadi bazardan söhbət gedə bilməz.
Onlar xarici sərmayəçilərin birinci fikir verdikləri məfhumun ədalətli hüquq sistemi olduğunu düşünürlər.
Azərbaycana yatırılan xarici investisiyaların həcmi 2014-cü ildən bu yana azalmağa başlayıb. Həmin il Azərbaycana qoyulan xarici investisiya 10161,1 milyon dollar olub. Həmin ildən sonra investisiya qoyuluşları azala-azala gedib.
2015-ci ildə ölkəyə yatırılan xarici investisiya 10719,1 milyon, 2016-cı ildə 10161,1 milyon, 2017-ci ildə 9120,5 milyon, 2018-ci ildə 8236,5 milyon, 2019-cu ildə 7129,1 milyon, 2020-ci ildə isə 6125,4 milyon manat olub.
Azərbaycan iqtisadiyyatı “orta azad” hesab edilir. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır.
İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.
Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə belə bildirilir.
Hesabatda Azərbaycan 75-ci pillədə yer alıb.
İndeks iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə 177 ölkəni dəyərləndirib.
Kateqoriyalar üzrə həmin ölkələrin orta balı hesablanıb.
Bura əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığı daxildir.

Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan 26-cı sırada yer alıb. Bununla “əsasən azad” ölkələr sırasına düşüb. Bu kateqoriyada 27 ölkə var.
Gürcüstandan əvvəldə Çexiya, ABŞ, İngiltərə, sonrasında isə Malta gəlir.
Ermənistan da Azərbaycan kimi “orta azad” kateqoriyasına düşüb. Ancaq Azərbaycandan 17 pillə öncə, 58-ci yerdə qərarlaşıb. Əvvəlində İtaliya, sonrasında isə Serbiya, Kolumbiya gəlir.
Qazaxıstan 64-cü pillədə qərarlaşıb. O da “orta azad” kateqoriyalı ölkələr sırasındadır. Özündən əvvəl İndoneziya, sonra isə Sent-Lüsiya yer alıb.
Azərbaycan rəsmiləri adətən açıqlamalarında ölkədə iqtisadi azadlığın olduğunu bildirirlər. Biznes qurmaq üçün şəraitin olduğunu deyirlər.
Müstəqil ekspertlər isə daim açıqlamalarında əksinə, yerli qurumların açıqladığı hesabatlara şübhə ilə yanaşdıqlarını bildiriblər.
Onların fikrincə, bunun səbəbi ölkədə müstəqil araşdırma aparan qurumların olmaması, dövlətə bağlı qurumların isə “hər şey yaxşıdır” görüntüsü yaratması və yanıldıcı nəticələr açıqlamasıdır.