Azərbaycanda Teatr Forumu: incəsənət xadimləri nələri təklif ediblər

Foto: Azertac

“Aktyor var ki, işdən sonra mühafizəçi işləyir”

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başlayıb.

Forumda Azərbaycan müasir teatrının mövcud problemlərinə toxunulub, təkliflər irəli sürülüb.

“Report” xəbər verir ki, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlidən teatrların kommunal ödənişlərdən azad olunmasını təklif edib.

Teatrşünas söyləyib ki, özəl müəssisələrdə qapıda duran mühafizə xidmətinin əməkdaşları aktyorlardan iki-üç dəfə artıq maaş alır.

İlham Rəhimli teatrlara yardım edən sponsorların vergidən azad edilməsini təklif ilə də çıxış edib:

“Rəhbərlik bu barədə Nazirlər Kabinetinə təkliflər versin”.

Teatrşünas Elçin Cəfərov isə forumda çıxışı zamanı teatrların marketinq probleminə toxunub:

“Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Halbuki bu, çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır”.

İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır:

“Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir”.

Xalq artisti Afaq Bəşirqızı çıxışı zamanı təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın:

“Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur. Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin”.

Xalq artisti Nurəddin Mehdixanlı isə deyib ki, teatrlar qohumluq prinsipləri ilə fəaliyyət göstərməməlidir:

“Teatrda rollar əmioğlu, bibioğlu prinsipi ilə bölünməməlidir. Fəxri adlar yaşa görə yox, işə görə verilməlidir. Teatrların kommersiya layihələri olmalıdır. Həmçinin teatrda ciddi nizam-intizam olmalıdır. Hər şey ədalət prinsipinə əsaslanmalıdır. Onda çox şey həll olunacaq”.

İki gün davam edəcək Forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Ana səhifəMədəniyyətAzərbaycanda Teatr Forumu: incəsənət xadimləri nələri təklif ediblər