Gürcüstan, Ermənistan, Rusiya və Türkiyə muzdla çalışanlara daha artıq məvacib verir
Bu il yanvarın 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onlardan 899,1 min nəfəri dövlət, 842,7 min nəfəri isə özəl sahədə çalışıb. Orta aylıq əmək haqqı 933,8 manat olub.
Dövlət Statistika Komitəsi (DSK) yazır ki, bu, əvvəlki ilə nisbətən 11,2 faiz artmış rəqəmdir.
DSK bildirir ki, mədənçıxarma, maliyyə və sığorta, elmi- texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanların əmək haqqı bu rəqəmdən artıq olub.
İş yerlərinə gəlincə, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində çalışır.
Gürcüstan Statistika İdarəsinin məlumatına görə, bu ölkədə 2023-cü ildə orta aylıq əmək haqqı 1716.6 lari (1100 manat) olub. Bu, 2022-ci ilə nəzərən 18.7 faiz artım deməkdir.
Ermənistanda isə bu 265,052.000 dramdır. (1117 manat). Bu ölkədə də 2023-cü ilin ikinci yarısı orta aylıq əmək haqqında cüzi artım olub.
Türkiyədə son dönəmlər lirənin dollar qarşısında yenidən dəyər itirməsindən sonra minimum əmək haqları 20 min türk lirəsinə qalxdı (1112 manat). Bu ölkədə orta aylıq əmək haqqına gəlincə, sahələrə görə dəyişir. Məsələn, Türkiyədə bir müəllimin orta aylıq maaşı 847 avro (1554 manat) civarındadır, orta hesabla bir polis məmuru isə ayda təxminən 938 avro (1720 manat) qazanır.
Rusiyada orta aylıq əmək haqqı 94 min 400 rubldur (1770 manat). Bu, ən son açıqlanmış rəqəmdir, manat qarşılığı tez-tez dəyişir. Çünki rublun kursu bu aralar müharibə və neft satışının həcminə görə çox tez-tez dəyişə bilir.