Həmin teatrlarda çalışanların əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib
Azərbaycanın bir neçə teatrına “aparıcı teatr” statusu verildiyi bildirilir.
Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, Kukla Teatrı, Pantomima Teatrı, Lənkəran Dram Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, Uşaq Filarmoniyası, Şuşa Dövlət Musiqili Dram Teatrı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan Bakı Marionet Teatrı aparıcı tearlar siyahısına salınıb.
Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.
Azərbaycanda 30 dövlət, 10 özəl teatr var.
Teatrlar “akademik”, “aparıcı” və “adi” dərəcəli kateqoriyalara bölünür.
Zaman-zaman teatr adamları kateqoriyalara bölünməyi doğru hesab etmirlər.
Xalq artisti, Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı daha öncə Meydan TV-yə bildirmişdi ki, teatrın kateqoriyalara bölünməsi, ikinci, üçüncü dərəcəli olması, maaş cədvəlinə çox pis təsir edir.
“Aktyor bölgüsünün də aparılmasını doğru hesab etmirəm. Aktyorların bölgüsü – ali dərəcəli və titullu olanlar, birinci və ikinci dərəcəli aktyor kateqoriyaları var. Əgər aktyor çox tanınmış deyilsə, tamaşalarına məhz ona görə gəlmirlərsə, bu, özü də bir maneədir. Hesab edirəm ki, bu qayda ləğv olunmalıdır. Çünki aktyorun maaşına təsir edir. Bütün bunlara baxmaq lazımdır”, – xalq artisti deyib.