Bu gün Beynəlxalq Ana Dili Günüdür
Fevralın 21-də dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.
Beynəlxalq Ana Dili Günü UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) tərəfindən təsis edilib.
Bu günün yaranma tarixi
1952-ci il fevralın 21-22-də Banqladeş Pakistanın tərkibindəykən benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində dörd tələbə həyatını itirib.
Sonradan dövlət rəsmiləri gənclərin xatirəsinə ehtiram əlaməti olaraq həmin təqvimin ana dili günü elan edilməsi məqsədilə UNESCO-ya müraciət ediblər.
1999-cu ilin noyabrında UNESCO tərəfindən 21 fevralı Beynəlxalq Ana Dili Günü elan olunub.
2000-ci ildən etibarən fevralın 21-i dünyada dil və mədəni müxtəlifliyi və çoxdilliliyi təşviq etmək məqsədilə qeyd edilir.
UNESCO ölkələri çoxdilli təhsil siyasəti yürütməyə çağırır
UNESCO-nun Baş direktoru Odre Azule 2023-cü il fevralın 16-da Beynəlxalq Ana Dili Gün münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
“Mövcud qlobal təhsil böhranı ilə mübarizə aparmağa kömək etmək üçün UNESCO hökumətləri təhsilin ilk illərindən ana dilinə əsaslanan çoxdilli təhsili həyata keçirməyə çağırır”, – Azule deyib.
O, bildirib ki, bu qayda işləkdir, hətta uşaqlara öyrənməyə kömək edən empirik sübutlar da var.
Ana Dili Günündə UNESCO həm də dünyaya yerli dillərin qorunmasının vacibliyini xatırladır.
Bildirilir ki, dünyada danışılan 6700-dən çox dilin ən azı 40%-i danışanların olmaması səbəbindən uzunmüddətli perspektivdə yox olmaq riski altındadır.
Azərbaycan dilinin hazırkı vəziyyəti
Yazıçı Şərif Ağayar Meydan TV-yə deyir ki, 30 illik müstəqillik dövründə dil sahəsində çox ciddi islahatlar aparılmalı olunduğu halda, hələ də heç bir iş görülməyib:
“Azərbaycan dili urvatdan düşüb, efirlərdə yalnız yaltaqlıq vasitəsinə çevrilib. İmkanlı adamlar Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar, bu dildə danışmırlar. Dilin bu günə düşməsinin əlahiddə səbəbləri var. Azərbaycanda bütün sahələri korrupsiya bürüyüb. Təhsil, tibb acınacaqlı gündədir. Yaza bilən insanları, düşüncəsi, ləyaqəti olan adamları müxtəlif yollarla sındırmağa, məhv etməyə çalışırlar. Xalq yazçısı Azərbaycanca danışa bilmir, amma büdcəni, xalqın malını sağa-sola xərcləyir, heç hesabat da vermir. Mətbuat da yaxşı vəziyyətdə deyil. Ciddi müəlliflər pərən-pərən düşüb”.
“Azərbaycandilli yazarları adam yerinə qoymurlar”
“Azərbaycandilli yazarları adam yerinə qoymurlar. Belə olan halda Azərbaycan dilinə kim inanacaq? Məhz buna görə bir çoxları üçün Azərbaycan dili heç bir perspektiv vəd etmir. Soruşsaq, deyəcək: “Dilimizi nə günə qoymusunuz ki, uşağımı o dildə oxutdurum?”, – yazıçı deyir.
“Bu dilin gözəlliyi, bu poeziya qatı, nəsr qatı, publisistika qatı heç kimin diqqətində deyil, heç kimə lazım deyil. Dil o vaxt inkişaf edir ki, sadaladıqlarımla çiyin-çiyinə addımlayır”.
Şərif Ağayar bu istiqamətdə rəsmi dil institutlarından da öncə qeyri-hökumət təşkilatlarının aktivləşməsini vacib sayır:
“Bizdə millət vəkili Sabir Rüstəmxanlının rəhbərliyi ilə “Azərbaycan Dil Qurumu” İctimai Birliyi yaradılmışdı. Mən də idarə heyətində təmsil olunurdum. Təəssüf ki, maliyyə və bir çox başqa səbəblərə görə fəaliyyətini uğurla davam etdirə bilmir. Azərbaycanda hər şeyə pul tapılır, bu cür ciddi, taleyüklü, strateji məsələlərə tapılmır. Halbuki dil ərazi və dövlətlə birlikdə bir xalqın ən vacib var olma komponentidir. Dilimizə də vətən torpağı kimi həssas yanaşmalı, onu qorumalı və inkişafını təmin etməliyik”.
“Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq”
Bugünlərdə “Qanun” Nəşrlər Evinin rəhbəri, tərcüməçi-yazar Şahbaz Xuduoğlu da Azərbaycan dili ilə bağlı fikirlərini “Facebook” səhifəsində yazmışdı.
Bildirmişdi ki, müstəqilliyin tarixi 30 ili keçsə də, Azərbaycan dilinin xüsusi nəaliyyəti yoxdur. Bunu düzgün təhsil sisteminin qurulmaması, dərsliklərlə əlaqələndirib:
“Dünyada olduğu kimi bizdə də kitab oxuyanların sayı artır, amma daha çox əcnəbi dillərdə: rusca, ingiliscə, türkcə… Buna səbəb həmin dillərin inkişafı üçün mühitin və əsaslı dövlət siyasətinin olmasıdır. Bizdə isə əksinədir. Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq. Konstitusiyada dilimizin adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı”.
Naşir paylaşımında Türkiyə türkcəsini dövlət dili kimi qəbul etmək fikri ilə də çıxış edib:
“Gündəlik həyatımızın diqtəsinə qulaq asmaq zamanıdır. Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik. Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik? Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir. Həmişə düşünmüşəm yaxşı olacaq, dilimiz inkişaf edəcək. Ümid məni irəli aparır, reallıq isə geri çəkir. Yeganə inkişaf yolumuz Axundov irsinə qayıtmaq öz türkcəmizi qəbul etməyimizdir”.
“Azərbaycan hakimiyyətinin elmə münasibəti Leninin burjuaziyaya münasibəti kimidir”
Təhsil eksperti Nabatəli Qulamoğlu Azərbaycan dilinin başlıca probleminin bu dili tədris etmək üçün müəyyən edilən standartların yararsız olmasında görür.
O, Meydan TV-yə bildirib ki, Azərbaycan dili üzrə standartların qəbulunu təkcə Elm və Təhsil Nazirliyinə etibar etmək olmaz:
“Çünki məmur dilçilərin çoxu dünyanın inkişaf tendensiyasından xəbərsizdir. Hər saatda minlərlə informasiya alırıq. Bu informasiyaların böyük əksəriyyəti çox mühüm əhəmiyyət kəsb edir. Dil haqqında ən xırda detalların tədrisə cəlb olunması bizi ümumi inkişafdan geri salır. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzi əzbərçiliyə hesablanmış testlərlə şagirdlərin kreativ düşüncəsinin qarşısını alır. Kreativ düşüncə isə yeni texnologiyaların yaradılması üçün detenatordur, yəni dili yaradıcı şəkildə öyrətmək bütün elm sahələrinin inkişafına müsbət təsir edir, biliyə əsaslanan iqtisaadiyyat yaradır”.
“İstənilən sahədə hər bir yenilik yeni anlayış və məfhumlar yaradır. Deməli, zəncirvari proses dilin leksikasını mükəmməlləşdirir. Biz bu gün bir yeni dəzgah istehsal etsək, onun adı öz dilimizdə olacaq, həmin dəzgahın ətrafında yaranan sözlər də bizə məxsus olacaq. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr demokratik ölkələrdir. Azərbaycan hakimiyyətinin elmə münasibəti Leninin burjuaziyaya münasibəti kimidir. Elm və mədəniyyət inkişaf etməsə, dil inkişaf etməz – bu birmənalıdır”, – Nabatəli Qulamoğlu deyib.
Azərbaycan dili “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunla tənzimlənir.