Gənclər böyük nəslin təcrübəli qiyamçılarından fərqli olaraq, daha səmimi və daha doğruçudurlar
Mayın 10-da Azərbaycan və bəlkə də, bütün dünya misli görünməmiş hadisənin şahidi oldu – Bakının mərkəzində “ümummilli lider” Heydər Əliyevin əlini Mərkəzi Bankın binasına doğru uzadan abidəsinin postamentində şəkil çəkilib.
“Qul Bayramınız Mübarək!”, “Fuck the system!” (Rədd olsun sistem!) qraffitisinin müəllifi iki gənc – Bayram Məmmədov və Qiyas İbrahimov idi. Onlardan biri 2013-cü ilin martında Bakıda Fəvvarələr Meydanında “Əsgər ölümlərinə yox!” aksiyasından sonra baş vermiş həbslər nəticəsində hakimiyyətin dağıtdığı NİDA mülayim etirazçı gənclər hərəkatının üzvüdür.
İslahatlar aparılması və vəziyyətin yenidən qiymətləndirilməsi haqqında vədlərə baxmayaraq, bu dəfə də hakimiyyətin reaksiyası standart oldu. Oğlanlar dərhal tapıldı, həbs olundu, fiziki və mənəvi təhqirlərə məruz qoyuldu və narkotik saxlamaq ittihamı ilə həbsxanaya salındı. Bunun ardınca qorxutma məqsədilə abidənin üzərində şəkil çəkilməsi ilə əlaqəsi olmayan üç gənc daha həbs edildi.
Liderin postamentindəki qraffiti öz-özlüyündə Azərbaycan həqiqətləri üçün qeyri-adi bir şeydir. İlk dəfədir ki, H.Əliyevin abidəsində aerozol boyası ilə yazı yazılıb və bu, bəzi şeylərdən xəbər verir. İlk növbədə böhranın olduğunu göstərir. Heç kim üçün sirr deyil ki, böhran var və hakimiyyətin islahatları çox gecikdirdiyi, vaxtaşırı yalnız vəziyyətin sabitləşdirilməsi üzrə islahatçı addımlar kimi qələmə verdiyi ayrı-ayrı tədbirlər gördüyü üçün getdikcə daha uzunmüddətli xarakter alır. Hətta düzəldilmiş statistik məlumatlar belə ölkədə vəziyyətin getdikcə pisləşdiyini göstərir – ÜDM, xarici ticarət, istehlakçı bazarı göstəriciləri mənfidir. İkincisi, cəmiyyətdə etirazçı əhval-ruhiyyənin artmasını göstərir ki, gənclər bunun indikatorudur. Qiymətlərin bahalaşması və hakimiyyətin fəaliyyətsizliyi fonunda əhalinin gəlirləri azalır, işsizlik artır. Üçüncüsü, son 20 ildə orta və ali məktəblərdə və KİV-də yayılan yaltaq ideologiyada dərin çatlaq olduğunu göstərir. Azərbaycan öz liderinin və siyasi sistemin hakimiyyət daşıyıcılarının müstəsnalığı ideyasını tətbiq edən avtoritar ideologiya ilə doyurulub.
Bu avtoritarizm ideologiyası azad cəmiyyət ideyalarını ifadə edən virtual plüralist informasiya dünyası ilə ciddi ziddiyyət təşkil edir. Artıq informasiya dünyasının seçim azadlığı ideologiyası gənc nəslin, o cümlədən rejim hadimlərin varislərini belə bürüyüb.
Qeyd etmək lazımdır ki, bu, 2015-ci ilin əvvəllərində hakimiyyətin iqtisadi böhranın basqısı və xarici siyasi təzyiq altında vətəndaş cəmiyyətinin boğulması siyasətinə fasilə verməsindən sonra gənc fəalların ilk həbsidir. Təxminən üç il əvvəl hakimiyyət yüzə yaxın vətəndaş cəmiyyəti fəalını, o cümlədən gənc qiyamçıları həbs edərək, ictimai-siyasi məkanda yekun kimi görünən təmizləmə aparmışdı. Onların bir hissəsi hələ də siyasi məhbuslar siyahısındadır.
Bu qraffiti çağırışı avtoritar siyasətin perspektivsiz və hakimiyyətin hərəkətlərində müşahidə olunan onu qoruyub saxlamaq cəhdlərinin mənasız olduğunu göstərir.
Submədəniyyət kimi qraffiti, hansı sahəyə – mədəniyyətə, siyasətə, iqtisadiyyata, ideologiyaya aid olmasından asılı olmayaraq, həmişə istənilən hakimiyyətə, hətta demokratik hakimiyyətə qarşı müxalif kimi qəbul edilib. Ona qarşı mübarizə aparılıb və aparılır, amma onu diqqətə almaq məcburiyyətindədirlər, belə ki, onda həmişə düzgün ifadə tapmaq olar, Fransada 1968-ci ilin yazında tələbə etirazları zamanı olduğu kimi. İğtişaşlar iqtisadiyyatın uzunmüddətli inkişafdan sonra gələn, prezident de Qollun şəxsi xarizmasının güclənməsi, dövlətin azadlıqsevər fransızların həyatına müdaxiləsi ilə müşaiyət olunan qısamüddətli tənəzzülü zamanı baş vermişdi. Bu hadisələr çoxmilyonluq tətillər, de Qollun hakimiyyətdən getməsi ilə başa çatıb və Beşinci Respublikanın yenidən formalaşmasına start verib. Bu Respublikanın ən mühüm prinsipi vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipi idi.
Azərbaycanda, siyasi olmasa belə, qraffiti Fransa, Britaniya və ya ərəb qraffitisindən heç nə ilə fərqlənmir, onun istənilən formasına diqqətlə baxmaq pis olmazdı. Gənclər böyük nəslin təcrübəli qiyamçılarından fərqli olaraq, daha səmimi və daha doğruçudurlar. Vaxtilə dahi Onore de Balzakın dediyi kimi:
“Həqiqət eynilə acı içki kimidir, dadı xoşagəlməzdir, amma sağlamlığı bərpa edir”.