İqtisadçı deyir ki, artıq köhnə iqtisadi-siyasi model tükənib
2023-cü ilin ilk 4 ayında Azərbaycanda 39 milyard 986,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi (DSK) bildirib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çoxdur.
Məlumatda bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olub.
İqtisadçı Natiq Cəfərli ÜDM-nin artım tempini qonşu ölkələrlə müqayisə edib.
Deyir ki, Azərbaycanda ÜDM-də cuzi artım olub – 0.4 faiz.
Gürcüstanda artım tempi əvvəlki illə müqayisədə 7,1, Ermənistanda 12,2 faizdir.
İqtisadçı bildirib ki, Azərbaycanda iqtisadi aktivlik tendensiyası da ürəkaçan deyil.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ölkə iqtisadiyyatının artım tempi 0,4 faizdən 0,1 faizə enib:
“Obyektivlik naminə deyim ki, Ermənistan və Gürcüstanda iqtisadiyyatın artımı daha çox Rusiya ilə, oradan gələn insanların xərcləri, Rusiyaya qarşı Qərb sanksiyalarından yan keçmək üçün həmin ölkələrin iştirakı ilə daha çox bağlıdır. Amma tendensiya təhlükəlidir. Azərbaycan iqtisadi artım tepmini itirib, impuls itib, deməli, artıq köhnə iqtisadi-siyasi model tükənib. Yenisinin təsisi isə qaçılmazdır”.
İqtisadçı bildirib ki, bu gedişlə Azərbaycanın neft-qaz sektoru ölkənin artan xərclərini ödəməz hala gələcək:
“Real sektorun inkişafına mane yaradan isə indiki sistemin özüdür”.
Bu ilin ilk rübünün açıqlanan rəqəmləri göstərir ki, ötən illə müqayisədə ÜDM-də, demək olar ki, artım olmayıb.
Məsələn, 2022-ci ilin ilk rübündə ÜDM bir öncəki illə müqayisədə 7.2 faiz artmışdı.
ÜDM-nin artım tempinin belə aşağı olmasının bir səbəbi də Azərbaycanın neft hasilatının aşağı düşməsidir.
Energetika Nazirliyinin ən son açıqladığı məlumata görə, ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il Azərbaycanda neft hasilatı 8.1 faizədək azalıb.