Azərbaycan hökuməti, prinsipcə, bu yaxınlarda böhran ərəfəsində olduğu kimi, Qərblə qarşıdurma yoluna qayıda bilər, amma bu, çətin ki, ən yaxşı qərar olsun, həm də rejimin resurs ehtiyatları xeyli azalıb və Köhnə və Yeni Dünyanın ikinci təzyiq dalğasına davam gətirməyə bilər
Beynəlxalq maliyyə institutlarının Azərbaycana maliyyə yardımı mövzusu ətrafında son fəallıq Bakıda hökumətin “qapalı” keçmiş və “açıq” gələcək arasında seçim edə bilmədiyi fikrini getdikcə daha çox dərinləşdirir.
Neft qiymətlərinin düşməsi və milli valyutanın devalvasiyasının vurduğu ardıcıl zərbələrdən nokdauna düşən Azərbaycan kömək üçün Dünya Bankı, BVF, AİB, AYİB-ə, həmçinin Yaxın Şərqin zəngin elitalarına müraciət edib. Söhbət on milyardlarla dollar məbləğdən gedir. Bu addımlar zərurətdən irəli gəlib, amma əməkdaşlığa, xüsusən də islahatlar sahəsində əməkdaşlığa açıq olan təşkilatlarla əməkdaşlıq etmək istəyi ilə heç cürə bağlı deyil.
Hökumətin əməllərinin ziddiyyətli olduğu ölkənin iki beynəlxalq təşkilat – “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (EİTİ) və “Beynəlxalq “Açıq Hökumət” Tərəfdaşlığı” (OGR) ilə münasibətlərində hiss olunur. Son vaxtlar hökumət qızğın surətdə beynəlxalq oyunçuları hər iki təşəbbüsün meyarlarına uyğunlaşmaq istəyinə inandırmağa cəhd edib və EİTİ-yə daxil olan bir sıra QHT-nin hesablarına qoyulmuş həbslərin götürülməsi və onların hərəkət azadlığının təmin edilməsi üzrə kosmetik addımlar atıb, habelə böyük gecikmə ilə olsa da, aprelin sonlarında “2016-2018-ci illər üçün açıq hökumətin təşfiqi üzrə Milli Fəaliyyət Planı”nı qəbul edib.
Lakin OGR-in Keyptaunda qəbul etdiyi Azərbaycanın statusunun üzvlükdən qeyri-fəal üzvlüyə qədər endirilməsi, səs hüququndan məhrum edilməsi haqqında son qərarı göstərir ki, Vaşinqton kosmetik addımları qəbul etmir və sürətləndirilmiş rejimdə real islahatlara nail olmaq niyyətindədir.
OGR 2011-ci ildə ABŞ prezidenti tərəfindən irəli sürülüb və həmin vaxtki dövlət katibi Hillari Klintonun 2012-ci ilin iyununda Bakıya səfəri zamanı fəal şəkildə təşviq olunub. Həmin vaxt Klinton bəlli edib ki, ABŞ-ın digər ölkələrlə münasibətləri dövlətlərin açıqlıq və ya qapalılıq dərəcəsi ilə müəyyən olunacaq: “ABŞ əmindir ki, 21-ci əsrdə ölkələr arasında ən böyük fərqlərdən biri Şimal və Cənub, Şərq və Qərb arasında bölgü, dini etiqad və ya istənilən digər kateqoriya deyil, daha çox onların açıq və ya qapalı cəmiyyət olması olacaq”.
Klinton Cənubi Qafqaz regionunda demokratiya autsayderi olan Azərbaycana xoş məram addımı kimi jurnalistləri, etiraz nümayişlərinin iştirakçılarını azad etməyi və “Açıq hökumət” təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti ilə dialoqa başlamağı təklif edib. Lakin Azərbaycanda sonrakı söz azadlığının pozulması da hadisələrinin göstərdiyi kimi bu çağırış eşidilməyib, baxmayaraq ki, dövlət katibi Bakını kursun dəyişdirildiyi barədə vədlərlə tərk edib. Göründüyü kimi, burada əmin idilər ki, payızda prezident seçkilərində Oval kabinetə nümayəndələri Bakı rejimini himayə etməsi ilə məşhur olan Respublikaçılar Partiyasının irəli sürdyü namizəd daxil olacaq.
OGR-də apreldə qəbul edilmiş qərar iyunun 1-2-də Varşavada iclası keçiriləcək EİTİ-də də Azərbaycanı yaxşı heç nə gözləmədiyini düşünmək üçün əsas verir. Bakı təşkilatın sammitində tamhüquqlu üzvlük statusunu bərpa etməyə ümid edir, amma Keyptaun uğursuzluğundan sonra EİTİ ilə münasibətlərin düzəldilməsi şansı da azalır. Bu isə bütünlükdə o deməkdir ki, təşəbbüslərin müəllifləri kimi ABŞ və Britaniya habelə Avropadakı müttəfiqləri Azərbaycanda demokratik islahatlarla bağlı prinsipial məsələlərdə mövqeyi yumşaltmaq niyyətində deyillər. Bu halda isə beynəlxalq maliyyə institutlarından və hətta ABŞ-la sıx əlaqədə olan Yaxın Şərq monarxiyalarından kömək gözləməyə dəyməz.
Azərbaycan hökuməti, prinsipcə, bu yaxınlarda böhran ərəfəsində olduğu kimi, Qərblə qarşıdurma yoluna qayıda bilər, amma bu, çətin ki, ən yaxşı qərar olsun, həm də rejimin resurs ehtiyatları xeyli azalıb və Köhnə və Yeni Dünyanın ikinci təzyiq dalğasına davam gətirməyə bilər. ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı meydanlarından son xəbərlər də Azərbaycanda islahatlara müqavimət xəttinin tərəfdarlarına yaxşı heç nə vəd etmir. Hillari Klinton bir az da ekssentrik respublikaçı Doland Trampın sayəsində getdikcə daha çox ABŞ-ın gələcək prezidenti əlamətlərini qazanır.
Klintonun xarici siyasət strategiyası hələlik lazımi şəklini almasa da, onun Rusiya və Şimali Koreya kimi avtoritar rejimlərə qarşı qarşıdurma nəzərdə tutan xarici aksenti göstərir ki, 2012-ci ildə dedikləri strateji prioritet olaraq qalır. Klintonun daxili siyasətlə bağlı bəyanatları da dolayısıyla bunu göstərir, bu siyasətə xarici siyasətin xəbərçisi kimi baxmaq olar, çünki ABŞ-ın rifahı və inkişafı əksərən kontinental Amerikanın hüdudlarından kənardakı manevrlərlə müəyyən olunur.
Klinton ilk seçkiqabağı nitqini 2015-ci il iyunun 13-də beynəlxalq Franklin Delano Ruzvelt parkında elan edib və ard-arda gələn üç demokrat prezidentdən – Ruzvelt, Bil Klinton və Obamadan sitat gətirərək, o, onların baxışlarını aşağıdakı ifadə ilə yekunlaşdırıb: “Bu gün və ardıcıl çiçəklənmə hamı tərəfindən qurulmalı və hamı üçün ortaq olmalıdır”. Bu, o deməkdir ki, ABŞ-da və açıq ölkələrdə demokratiyanın inkişafı və qapalı ölkələrdə onun bərqərar olması ABŞ-ın ilk qadın prezidentinin prioriteti olacaq. Bunu nəzərə almamaq olmaz.