Filmin qəhrəmanı jurnalistdir
Vayn-filmlərlə məşhurlaşan rejissor, aktyor və bloger Taleh Yüzbəyov ilk dəfə tammetrajlı ekran işini təqdim edib.
Silsilə xarakterli olacaq “Ortastatistik Rasim 1: Parklar və parkdakılar” adlı ilk filmdə illərdir Azərbaycan ailə dəyərlərində kök salmış diskriminasiya halları qabardılıb.
Filmin qəhrəmanı Rasim jurnalistdir. Ailəsini çətinliklə dolandırır, xirtdəyədək borcun içində boğulur. Hətta məhəllə marketinə xeyli borcu var. Banklara olan kreditlərini ödəyə bilmir, gecikdirir.
Rasimin oğlunun çoxdankı arzusudur ki, atası ona doğum günündə “Segway” (Sürəti saatda 30 kilometrə qədər çatan elektrik nəqliyyat vasitəsi-red) alsın.
Redaktoru Rasimə maaşını vaxtından əvvəl ödəyəcəyinə dair söz verib ki, o da oğlunun çoxdankı arzusunu reallaşdıra bilsin. Tərslikdən iş yeri oğlunun doğum günündə bağlanır və Rasim “Segway” almaq üçün lazım olan 359.99 manatı əldə edə bilmir.
Bir yandan da ailədə həyat yoldaşı onu başqa kişilərlə müqayisə edir, pul qazanmadığı üçün sıxışdırır, fərasətsiz adlandırır. Rasimə qarşı psixoloji zorakılıq – “sən qazanıb, gətirməlisən, mən yeməliyəm- düşüncəsi” filmin sonunda baş qəhrəmanı həyat yoldaşının qınaqlarından, oğlunun tənbehedici baxışlarından qurtulmaq üçün onu oğurluğa sövq edir.
Şüarı “Kiçik adamın, kiçik problemi haqda” film ümumilikdə götürəndə, Azərbaycan kinosu üçün yenilik hesab edilə bilməz. Hətta mövzu etibarilə, “Cəbiş müəllim” filmi ilə də səsləşir.
Taleh Yüzbəyovun filmində də Kəmalə Onur dominantlıq edən qadın obrazındadır, “biz kimdən əskiyik, balalarını saxlaya bilmirsən” kimi sözlərlə həyat yoldaşına irad tutur.
Kütləviliyə hesablanan filmi ümmilikdə keyfiyyətli iş hesab etmək olar.
Rollarda Taleh Yüzbəyov, Kəmalə Onur, İmami Salahlı, Hikmət Rəhimov, Zemfira Əbdülsələmova, Səmimi Fərhad, Allahverdi Yolçuyev, Rauf Şahsuvarov, Elcan Rəsulov, Şahin Nəsirov, Əlixan Rəcəbov, Əli Əlizadə, Zaur Şəfiyev, Emil Musayev, Vüqar Hüseynov, Pərviz İsaqov, Günel İmanova, Cavid Nəsrulla, Elnur Hüseynli, Sahibzaman Bağırov, Kəmalə Əliyeva, Toprak Sönməz, Jalə Məmiyeva, Nail Mahmudov və başqaları çəkilib.
Ssenari müəllifi və rejissor Taleh Yüzbəyov, bəstəkar Məryəm Əlibəylidir.