Azərbaycan hakimiyyətinin mübarizəsinin mərkəzində dayanan Müşfiq

2017-ci ilin avqust ayı. Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin abidəsinə çiçək qoyur.

2017-ci ilin avqust ayı. Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin abidəsinə çiçək qoyur.

Şair 1938-ci ildə edam olundu və onun qalıqlarının yeri azərbaycanlı-rus oliqarxları onu tapdıqlarını iddia edənə qədər bilinmirdi.

Stalin dövründə yaşamış azərbaycanlı şairin qalıqlarının tapılması ilə bağlı açıqlama hakimiyyət, görkəmli azərbaycanlı-rus oliqarxları və şayiə yayan jurnalist arasında mübarizəyə səbəb olub. Qalmaqal prezident İlham Əliyevi tapıntılarla bağlı araşdırmalara şəxsən nəzarət etməyə məcbur edib.

Şair Mikayıl Müşfiq 1938-ci ildə, 29 yaşında ikən sonradan Sovet İttifaqını silib-süpürən siyasi repressiyalar zamanı öldürülüb. Bu gün onun romantik şeirləri Azərbaycanda ən populyarlarlar sırasındadır və ölkənin məktəblərində öyrənilir, ancaq onun ölümünün hansı şərtlərdə baş verməsi sirr olaraq qalır.

Qalıqlar Azərbaycanda böyümüş rus oliqarxı Fərhad Əhmədovun həyata keçirdiyi həvəskar arxeoloji ekspedisiya zamanı aşkarlanıb. Əhmədov 1970-ci ildə korrupsiyaya qarşı geniş yayılmış mübarizələr sırasında öldürülən, nar şirəsi zavodunun keçmiş rəhbəri olan atasının qalıqlarını tapmağa çalışırdı (Yeri gəlmişkən, İlham Əliyevin atası Heydər Əliyev o zaman Sovet Azərbaycanının başçısı idi).

Bu araşdırmanın bir hissəsi olaraq Əhmədov digər Azərbaycan rəsmilərinin və ziyalılarının, o cümlədən, 1930-cu illərdəki “təmizlənmə”yə nəzarət edən və 1956-cı ildə edam olunan Sovet Azərbaycanının başçısı Mircəfər Bağırovun qalıqlarını tapdığını açıqladı.

"Mən Stalin dövründə qətlə yetirilənlərin çoxunun küllərinin basdırıldığı Qaradağ rayonunun Puta kəndində axtarış zamanı böyük azərbaycanlı şair Mikayıl Müşfiqin qalıqlarını tapdım" – Əhmədov 10 oktyabr tarixində “haqqin.az” xəbər saytına açıqlayıb.

Əhmədovun qalıqların Müşfiqə aid olması qənaətinə necə gəldiyi məlum deyil. Bir köməkçinin vasitəçiliyi ilə, o, "Eurasianet"-in müsahibə istəyini rədd edib.

Azərbaycan hökumətinin öz opponentlərinə hücum etməsi üçün ölkənin təhlükəsizlik xidmətinə vasitəçilik edən xəbər saytı kimi tanınan “haqqın.az” daha sonra tapıntıları araşdırmaq üçün kampaniyaya başlayıb.

"Biz bu sensasiyalı xəbərə laqeyd qala bilməzdik. Bir axtarış qrupu yaratdıq və müvafiq ictimai institutları, Mədəniyyət Nazirliyini, Yazıçılar Birliyini və Elmlər Akademiyasını məlumatlandırmaq üçün araşdırmaya start verdik”- saytın redaktoru Eynulla Fətullayev yazıb.

Yazıçılar Birliyinin katibi, məşhur detektiv romanların müəllifi Çingiz Abdullayev də kampaniyaya qoşulub:

"Müşfiq bütün Azərbaycana necə biri olmaq və necə yaşamaq lazım olduğunu göstərdi", – o, “haqqın.az”-a bildirib.

Lakin Mədəniyyət Nazirliyi məsələni rədd edib. 22 oktyabrda nazirliyin mətbuat katibi İntiqam Hümbətov bildirib ki, heç kim, o cümlədən Əhmədov nazirliyi Müşfiqin qalıqlarının tapılması barədə məlumatlandırmayıb. Mədəniyyət naziri Əbülfəz Qarayev xəbəri "sensasiya" adlandırıb.

“Heç kim təsdiq olunmamış məlumatlara istinad etməməlidir. Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük bir iz qoyan şəxsiyyətdir və Azərbaycan dövləti ona hörmət bəsləyir”, – Qarayev növbəti gün jurnalistlərə bildirib:

"O, dövlət və ictimaiyyət tərəfindən heç vaxt unudulmayıb və əsla unudulmayacaq”.

Əhmədov Rusiya qəzetlərinin birində ictimaiyyətə açıq məktubla Qarayevə cavab verərək, bir neçə il öncə Müşfiqin qalıqlarını tapdığını nazirə söylədiyini və sensasiya yaratmaq ittihamının əsassız olduğunu deyib:

“Burada pis niyyət olmadığı halda pis niyyət axtarmaq lazım deyil. Biz əlimizdən gələn hər şeyi etməliyik ki, şairin qalıqlarının tapılması məsələsi münaqişələrə və mübahisəyə səbəb olmasın, əksinə nazirlik, yaradıcı birliklər və ictimaiyyət arasında səmərəli əməkdaşlığa nümunə olsun”.

O, “haqqın.az” saytının rəhbəri Fətullayevin adını birbaşa çəkmədən, məlum piar kampaniyası ilə bağlı qınaqların da yönünü dəyişdirməyə çalışıb.

"Mən mətbuatda kampaniya başlatmadım və bu məsələni təbliğ etməyə çalışmadım", - deyə o yazıb.

Fətullayev də həmçinin "Eurasianet"-ə şərh verməkdən imtina edib.

Stalin dövründə baş verən repressiya cinayətlərinin xatırlanması Kremli tərəfindən anti-Rusiya ifadəsi kimi qəbul edildiyi üçün bu mövzu keçmiş Sovet İttifaqı ərazisində həssas sayıla bilər.

Azərbaycan 1930-cu illərdəki repressiyalara abidə qoymayan bir neçə keçmiş sovet dövlətindən biridir.

Lakin Rusiya hazırkı araşdırmalara dəstək verəcəyini ifadə edib. Baş nazirin müavini Olqa Qolodets (Olga Golodets) qeyd edib ki, "həvəskar qrup tərəfindən aparılan araşdırma cəhdlərinə böyük hörmət bəsləyir". O, əlavə olaraq bildirib ki, tapıntılar peşəkar araşdırmaçılar tərəfindən təsdiqlənməlidir.

Əhmədovun məktubunun dərcindən iki gün sonra Əliyevin məsləhətçisi Əli Həsənov bildirdi ki, prezident araşdırmanı şəxsən nəzarətə götürüb.

Tez bir zamanda mədəniyyət naziri Qarayev, Yazıçılar Birliyinin sədri Abdullayev, Həsənov və digər yüksək dərəcəli məmurlardan ibarət bir işçi qrupu yaradıldı və qalıqların DNT analizindən keçirmək istədiklərini söylədilər.

“Məsələ tədqiq ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaq”, – Həsənov qeyd edib və əlavə edib ki, “Əliyev həmişə Azərbaycan mədəniyyətinə, onun nümayəndələrinə, xüsusən repressiya qurbanı olan ziyalılara böyük qayğı ilə yanaşır".

Bu, Əliyevin Müşfiqin xatirəsinə ikinci açıq hücumu idi. 2017-ci ildə yolda tikinti aparıldığına görə şairin abidəsi Bakıdakı parkdan söküldü və bu, ictimaiyyətin hiddətini artırdı. Əliyev məsələnin araşdırılması və abidənin yenidən bərpa olunması üçün göstəriş verdi.

Azərbaycanın müstəqil intellektualları məsələyə şübhə ilə yanaşaraq, Əliyev hökumətinin Müşfiq kimi müxalif şairlərlə müqayisədə Sovetlər Birliyi ilə daha çox ortaq nöqtəsi olduğunu vurğulayır.

" Müşfiqi xatırlamaq yalnız bugünkü repressiyalara qarşı çıxdığınız halda mümkündür. Əks təqdirdə, bu, sünilik və ikiüzlülükdür”, - tarixçi Altay Göyüşov “Facebook”-da yazıb.

Şair və yazıçı Nərmin Kamal “Eurasianet”-ə bildirib: "Ölkədə çoxlu Müşfiqlər var. Əgər onlar həqiqətən Mikayıl Müşfiqə hörmət edirlərsə, oxşar həyat yaşayan müasir Müşfiqlərə qarşı repressiv münasibətlərini dəyişdirmələri daha düzgün olardı".

"Eurasianet" də yayımlanan bu məqalənin müəllifi Lamiyə Adilqızı müstəqil azərbaycanlı jurnalistdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4r9fh8

Ən çox baxılan