Azərbaycan filmi ilk dəfə Almaniya kinoteatrlarında

Mənbə: https://edumap.az/

Premyerada rejissor və filmin aktyorları da iştirak edəcək

Rejissor Elmar İmanovun “Mövsümün sonu” (“End of Season”) tammetrajlı filmi Almaniya kinoteatrlarında nümayiş olunacaq.

Film fevralın 17-dən etibarən Aaxen, Berlin, Drezden, Frankfurt, Münster, Nürnberq, Reqensburq, Hannover, Gauting, Heydelberq, Karlsrue, Leypsiqdə göstəriləcək.

Berlindəki premyerada rejissor və filmin aktyorları da iştirak edəcək.

Film Azərbaycanda kiçik bir ailənin həyatını əbədi dəyişəcək bir günün hekayəsindən bəhs edir.

Samir və Fidan otuz yaşlarının ortalarındadır. Uzun illərdir evli olan ailə orta təbəqəyə mənsubdur. Onlar 18 yaşlı oğulları Mahmudla Bakının kənarındakı köhnə tikili taxta binanın ikiotaqlı mənzilində yaşayırlar.

Samir işsiz aktyordur. Bəzən reklam çarxlarında mənfi rollarda çəkilir. Arvadı Fidan xəstəxanada uşaq həkimi işləyir.

Oğulları maliyyə sıxıntıları ucbatından ailəsi ilə yaşamağa məcbur tələbədir.

Filmin gedişatında məlum olur ki, ailədə bir-birinə qarşı yad münasibət, anlaşılmazlıq, inadkarlıq halları onların arasında soyuqluq yaradıb.

Hekayə, ailənin çoxdan planlaşdırdığı bazar gününü çimərlikdə keçirməsi ilə başlayır. Onlar çimərliyə gedərkən aralarında münaqişə yaranır.

Sahildə, onları sevindirməli bir məkanda baş verən dramatik hadisələr, bu ailənin və bütövlükdə cəmiyyətin bütün real problemlərini ortaya qoyur.

“Mövsümün sonu” filmi Rotterdam beynəlxalq kinofestivalında “FIPRESCI” mükafatına layiq görülüb.

“Color of May” kinoşirkətinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə çəkilib.

Ana səhifəMədəniyyətAzərbaycan filmi ilk dəfə Almaniya kinoteatrlarında