Mənbə: Google

“Azərbaycan elmi məqalələrin sayına görə dünyada sonuncu yerlərdədir”

Gələn ilin büdcəsindən elmə 1 faizdən az vəsait ayrılması nəzərdə tutulub

2020-ci ilin dövlət büdcəsində elm xərcləri üçün 193.7 milyon manat nəzərdə tutulub. Bu, o deməkdir ki, elm xərcləri 26,913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq.

Dövlət büdcəsində elm xərclərinin payının az olması hər zaman müzakirə edilən məsələlərdəndir.

İqtisadçı Vüqar Bayramov deyir ki, elm xərclərinə az vəsaitin ayrılması qlobal impact jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərəcək:

“Belə ki, beynəlxalq “Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirməsinə görə, elmi impact məqalələrin sayına görə, Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir”.

Çap edilən elmi məqalələrin sayına görə, Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşür.

İqtisadçı deyir ki, göründüyü kimi əksər MDB ölkələrilə müqayisədə Azərbaycanın aparıcı elmi jurnallarda daha az elmi məqalələri çap edilir. Bu baxımdan elm xərclərinin məbləğinə baxılmalı və xüsusən də, impact jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istifadə olunmalıdır:

“Doğrudur, bəzi yerli universitetlər, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qlobal jurnallarda elmi məqalələri çap edilən əməkdaşlarına əlavə stimullaşdırıcı ödəniş edir. Bu, pozitiv haldır. Amma dövlət büdcəsi hesabına da xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var”.

Vüqar Bayramov deyir ki, bunun üçünsə elm xərclərinin məbləğinin ünvanlı şəkildə artırılmasına ehtiyac var:

“Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı daha çox elmin inkişafından keçir”.

2020-ci ilin dövlət büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

Büdcə gəlirinin yarıdan çoxu hələ də neft gəlirləri hesabına formalaşır. Gələn ilin dövlət büdcəsinin nə az, nə çox 57 faizini - neftdən gələn gəlirlər təşkil edir: həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri.

Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

Prezident İlham Əliyev özü də oktyabrın 15-də müşavirədə bu problemə toxunub. Büdcədə neftdən asılılığın aradan qaldırılması üçün hökumətə tapşırıqlar verdiyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u5swnj

Ən çox baxılan