Azər Paşa Nemətov İkinci Fəxri xiyabanda dəfn olunub

Azıərpaşa Nemətov. Foto: Azertac

İlham Əliyev Xalq artistinin ölümü ilə bağlı nekroloq imzalayıb

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru, Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri xiyabanda dəfn olunub.

Xəbəri APA yayıb.

Bildirilir ki, əvvəlcə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri xiyabana aparılaraq dəfn olunub.

Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Prezident İlham Əliyev Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Azər Paşa Nemətov 1947-ci ildə Bakıda doğulub.

Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.

1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub.

Rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.

1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.

1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb.

1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib.

1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.

2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edib.

Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Ana səhifəMədəniyyətAzər Paşa Nemətov İkinci Fəxri xiyabanda dəfn olunub