Azərbaycanlı fəal Türkiyənin deportasiya mərkəzində “xarici terrorçu döyüşçü” kimi saxlanılır

Nənəxanım Babazadə, foto: şəxsi arxivi

İstanbulun kənarındakı Çatalca kəndində tikanlı məftillərlə hündür divarlar beton kompleksi əhatə edir. Bu, Türkiyə hökuməti tərəfindən ölkədə qalmağa yararsız hesab edilən əcnəbilərin, o cümlədən azərbaycanlı tələbə Nanəxanım (Nana) Babazadənin müvəqqəti məskunlaşdığı deportasiya mərkəzidir.

OC Media yazır ki, Babazadə iki il əvvəl Türkiyəyə qismən İstanbul Universitetində antropologiya üzrə təhsil almaq, qismən də vətəni Azərbaycandan uzaqlaşmaq üçün gəlib. İlk vaxtlardan o, siyasi fəal qruplara qoşulub. Fikirlərinə ən yaxın mübarizə növü heyvan hüquqları idi, lakin o, tez-tez feminist tələbə etirazlarında da görünürdü.

Təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən dostlarından biri “Nanaya həmişə xəbərdarlıq edirdim” deyir. O, və onun ətrafındakılar Türkiyədə xarici hüquq müdafiəçilərinin deportasiya riskinin yüksək olduğunu çox yaxşı bilirdilər.

”O, dinləyirmiş kimi edərdi. Sonra hər etirazda ön cərgələrdə olurdu”, dostu əlavə edir.

Polis Babazadəni avqustun 21-də işlədiyi veqan kafedə həbs edib. Onun ifadəsinə görə, o, dəfələrlə polis əməkdaşları tərəfindən fiziki təzyiqə və təhqirlərə məruz qalıb. O, axtarışa məruz qaldığını, müqavimət göstərdiyini, ancaq bir daha döyüldüyünü bildirib. Onun vəkilləri iddia edirlər ki, soyunma növündə axtarış Türkiyə qanunlarına görə qanunsuzdur və işgəncəyə bərabərdir. Səhərisi gün Babazadə icbari tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. Qeydlər onun bədəninin bir çox yerində ‘göyərmə’ və ‘şişkinlik’ olduğunu göstərir.

Babazadə sonda Çatalca Deportasiya Mərkəzinə köçürülüb və bu gün də orada saxlanılır. Həbsdən cəmi dörd gün sonra vəkillərinə onunla görüşmək imkanı verilib.

Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyindən (ÖHD) vəkil Əhməd Baran Çelik deyir ki, o, həbs olunarkən paltarını geyinməyə icazə verilməyib:

“İlk üç-dörd gündə o, ancaq qısa üstlük və şort geyinmişdi. Səlahiyyətlilər də buna görə onun adını çəkərək şifahi təhqir ediblər. Ona lazım olan dərmanlar və 24 saat yemək verilməyib”.

Babazadə vəkillərinə bildirib ki, deportasiya mərkəzinə gələndən az sonra kəşfiyyat orqanlarının əməkdaşları ona yaxınlaşaraq azadlığa buraxılması müqabilində ondan xəbərçi olmasını istəyiblər. O, bundan imtina etdikdə, vəkili deyir ki, o, növbəti dəfə fiziki zorakılığa və psixoloji təzyiqə məruz qalıb: ”İlk dəfə deyildi ki, belə bir təklif edirdilər”.

Babazadənin dostu deyir ki, o, həbsindən bir neçə həftə əvvəl bəzi sənədləri tamamlamaq üçün İstanbuldakı Miqrasiya İdarəsinə gedib.

O, mülki geyimli şəxslər tərəfindən otağa aparılıb və ondan tanıdığı digər fəallar haqqında məlumat verməsi istənilib. “Biz sənə kömək edə bilərik, bilirik ki, yaxşı ailədənsən” deyiblər. O, imtina etdikdə ona “məyus olduqlarını” deyiblər.

Babazadə barəsində açılmış G89 məhdudiyyət kodu altında “xarici terrorçu döyüşçü” kimi həbs edilib və bundan başqa deportasiya işi açılıb.

“Bu məhdudiyyət kodu, G89, İŞİD və ya digər cihadçı təşkilatlara qoşulmaq niyyəti ilə gələn [əcnəbilərə] tətbiq edilir. Amma Türkiyədə bunu hüquq müdafiəçilərinə qarşı da tətbiq edirlər”, – vəkili Çelik qeyd edir.

Türkiyədəki deportasiya mərkəzləri insan haqlarının kobud şəkildə pozulması ilə məşhurdur.

Çelikin təşkilatı olan Azadlıq Hüquqşünasları Dərnəyi daha çox həbsxanalarla işləyir.

“Türkiyə həbsxanalarındakı şəraitdən danışanda həmişə deyirik: Həbsxanadan da pis bir yer varsa, o da deportasiya mərkəzidir”.

O vurğulayır ki, həbsxanalar nə qədər pis olsa da, heç olmasa bir nizam-intizam hissi var.

“Deportasiya mərkəzlərində belə bir şey yoxdur, orada çalışan işçilər arasında peşəkarlıq da yoxdur. Şifahi və fiziki hücumlar, işgəncələr, yeməklər pis [çox azdır] və ksenofobiya var”, – Çelik deyir.

2024-cü ildə bir qrup jurnalist Türkiyənin məşhur deportasiya mərkəzləri ilə bağlı geniş araşdırma aparıb. Nəticələr sistematik hüquq pozuntularını, o cümlədən miqrantların “könüllü qayıdış formalarını” imzalamağa məcbur edilməsini əhatə edir. İstintaq həmçinin üzə çıxarıb ki, Avropa İttifaqı nəinki göz yumur, həm də sistemə yüz milyonlarla avro xərcləyir.

Çatalcada Babazadədən dəfələrlə “könüllü qayıdış forması”nı imzalamağı xahiş ediblər, o, təkrar-təkrar imtina edib. Azərbaycanda ona qarşı açıq məhkəmə işi olmasa da (özünün bildiyi qədər), ailə üzvləri tərəfindən ölümlə hədələndiyi üçün deportasiya olunarsa, həyatının təhlükədə olacağını iddia edir.

Ötən il Babazadə ilə oxşar deportasiya hadisəsi olub.

Əli Məlikov Türkiyədə tələbə icazəsi ilə yaşayan azərbaycanlı LGBT+ fəalıdır. Noyabrın 25-də onlar Qadınlara Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən etiraz aksiyasına qatılmağa gediblər. Aksiya başlamazdan bir saat əvvəl polis Məlikovu saxlayıb.

Məlikov OC Media-ya deyir ki, bütün yol boyu əlləri arxadan qandallı olub:

“Bir müddət sonra polis avtomobildə olan 20-yə yaxın adamın qandallarını çıxardı. Amma əllərimi skoçla bağlı saxladılar – məncə, mən trans olduğum üçün polis bunu gülməli görürdü. Əllərim şişirdi. Nəhayət, biləklərim bənövşəyi rəngə dönəndə bıçaqla skoçu kəsərək əllərimi yaraladılar”.

Məlikov bir neçə fərqli polis bölməsinə və deportasiya mərkəzlərinə, o cümlədən Nananın hazırda saxlandığı Çatalcaya aparılıb. Pis rəftar yol boyu davam edib. Sonunda Məlikov daha dözə bilməyib “könüllü qayıdış forması”na imza atıb – o, 2024-cü ilin dekabrında Azərbaycana deportasiya edilib.

Babazadənin vəkillərinin deportasiya işi ilə bağlı verdiyi apellyasiya şikayəti sentyabrın 11-də məhkəmə tərəfindən təmin edilməyib. Onlar daha bir apellyasiya şikayəti vermək niyyətindədirlər, lakin onun vəkilinin dediyinə görə, bunun qəbul olunma şansı azdır.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərAzərbaycanlı fəal Türkiyənin deportasiya mərkəzində “xarici terrorçu döyüşçü” kimi saxlanılır