Münxen Ali Əyalət Məhkəməsi Azərbaycandan rüşvət almaqda ittiham olunan Almaniya Bundestaqının keçmiş üzvü Aksel Fişeri barəsində hökm çıxarıb. Məhkəmə Fişerə 1 il 2 ay müddətinə şərti həbs cəzası verib.
Məhkəmə Baş Prokurorluğun mövqeyini əsaslı hesab edərək, Fişeri rüşvət almaqda təqsirli bilib. Prokurorluq onun üçün 1 il 8 ay şərti həbs cəzası tələb edirdi, müdafiə tərəfi isə Fişerə tam bəraət istəyirdi.
Məhkəmənin şifahi hökm əsaslandırmasına görə, Fişer Avropa Şurası Parlament Assambleyasının (AŞPA – PACE) üzvü olduğu dövrdə illər ərzində Azərbaycanın maraqlarını müdafiə etmək qarşılığında on minlərlə avro məbləğində nağd pul alıb. Bildirilir ki, ödənişlərin bir hissəsi hələ bu əməllər cinayət sayılmadığı dövrdə həyata keçirilib.
Əvəzində Fişer 2010–2018-ci illərdə AŞPA-da Azərbaycanı müsbət təqdim edən çıxışlar edib və məxfi sənədləri ötürüb. Baş Prokurorluq uzunmüddətli və mürəkkəb məhkəmə prosesində çoxsaylı dolayı sübutlara istinad edib.
Ötən ilin dekabrın 22-dən etibarən istintaq təcridxanasında saxlanılan Fişer hökm oxunduqdan sonra azadlığa buraxılıb. Məhkəmə onu əvvəllər məhkəmə iclaslarına dəfələrlə qatılmadığı üçün həbs etmişdi.
Hökm oxunduqdan sonra Fişer azadlığa buraxılıb və həbs qətimkan tədbiri ləğv edilib. Bu barədə məhkəmənin sədri Yoxen Bösl məlumat verib.
Bundan əlavə, məhkəmə Fişerin 2 il müddətinə passiv seçki hüququnu əlindən alıb. O, bu müddət ərzində nə parlamentə, nə də hər hansı dövlət vəzifəsinə seçilə bilməyəcək. Prokurorluq isə onun 3 il müddətinə həm aktiv, həm də passiv seçki hüququnun ləğvini tələb edirdi.
Məhkəmənin qərarına əsasən, Fişer həmçinin “Qurbanlara Yardım” fonduna 12 min avro ödəməlidir. Bu məbləğ prokurorluğun tələb etdiyi 80 min avrodan xeyli azdır.
Karlsruhe-Land seçki dairəsindən seçilmiş Fischer ittihamları sonadək rədd edib. O bildirib ki, Azərbaycan lehinə səsvermə və ya digər fəaliyyətlərə görə heç vaxt pul və ya başqa fayda almayıb, səsini “satmayıb”. Müdafiə tərəfi prokurorluğun cəza tələbinin tamamilə qeyri-mütənasib olduğunu, təqdim olunan sübutların isə yalnız “ehtimal xarakterli” olduğunu iddia edib. Onların sözlərinə görə, əsas şahid ifadələri də yalan olub.
Lakin məhkəmə bu arqumentləri qəbul etməyib. Əksinə, Fişerin və onun həyat yoldaşının ifadələrini inandırıcı hesab etmədiyini bildirib.