Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin tikintisində çalışan fəhlə və ustalar maaşlarının ödənilmədiyini bildirirlər.
Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyətə başlayıb. Birliyin sədri Kamalə Ağazadədir.
Mərkəz bu ilin mart ayında istifadəyə verilib. Tikinti işlərinə rəhbərlik edən Zaur Məmmədov Meydan TV-yə açıqlamasında deyir ki, inşa “Z Construction” şirkəti tərəfindən aparılıb:
“Mərkəz Leyla Əliyevanın təşəbbüsü ilə tikilib. Tikintidə mənimlə birlikdə ümumilikdə 8 nəfər işləyib. Keçən ilin iyunun 1-dən bu günə qədər 14 300 manat məbləğində əməkhaqqımız ödənilməyib. Hər dəfə bizi müxtəlif bəhanələrlə yola verirlər. Şirkətin rəhbərinə zəng etdikdə isə açıq şəkildə bildirir ki, hara istəyirsiniz, şikayət edin”.
Zaur Məmmədovun sözlərinə görə, maaşlar ödənilmədiyindən məsələ ilə bağlı Heydər Əliyev Fonduna müraciət ediblər. Fond isə onları Əmək Müfəttişliyinə yönləndirib. Lakin Müfəttişlik bildirib ki, “Z Construction” şirkətinin lisenziyası olmadığı üçün onlar araşdırma apara bilməzlər.
Şirkətin rəhbəri Zülfüqar Məmmədov isə iddiaları qəbul etmir və ustaların gördüyü işin keyfiyyətsiz olduğunu bildirir:
“Tikinti işlərinə Zaur adlı şəxs rəhbərlik edirdi. İş tam yararsız vəziyyətdə idi, divarların rəng tonları fərqli id. Biz həmin sahəni yenidən düzəltmək üçün material alıb başqa ustalara təhvil verdik. Əgər görülən iş razılaşmaya uyğun deyilsə, ödəniş edilmir. İş xeyriyyə məqsədilə görülürdü. Belə bir layihə üçün vəsait ayırmışıqsa, hansısa ustanın pulunu niyə kəsək? Sadəcə, keyfiyyətsiz iş üçün pul ödənməyib. Əlimizdə sübutlar var. Həmçinin Zaur Məmmədova daha əvvəl gördüyü işlərə görə 60-70 manat ödənilib. Sonrakı hissənin haqqını ödəmədik, çünki ortaya keyfiyytli iş qoymadı”.
Zülfüqar Məmmədov işçilərlə əmək müqaviləsi bağlanmadığını da təsdiqləyib.
Əmək hüquqları üzrə fəal Sara Rəhimova Meydan TV-yə deyir ki, Azərbaycanda əmək müqaviləsi olmadan işçi çalışdırmaq və ödənişləri gecikdirmək adi haldır və illərdir ki, davam edir. Ekspert bildirir ki, əmək müqaviləsi olmadan işçini əmək fəaliyyətinə cəlb etmə qanun pozuntusudur:
“İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi olmadan fiziki şəxsi işə cəlb edən işəgötürənlərə cərimə tətbiq edilir. Əgər bu hal on və ya daha çox işçiyə şamil olunursa, artıq məsələ Cinayət Məcəlləsinə keçə bilər. Təəssüf ki, sadaladıqlarım praktikada tətbiq olunmur. İşəgötürənlər çox zaman yoxlanılmayacaqlarını düşünərək müqavilə bağlamadan adamları işə götürürlər. Bu, həm də Azərbaycanda mövcud olan gizli iqtisadiyyatın bir hissəsidir. Vergidən və sosial öhdəliklərdən yayınmaq məqsədilə bu yanaşmaya üstünlük verilir”.
Rəhimova əlavə edir ki, həm də işçilər öz hüquqlarını bilmirlər, yaxud da işdən çıxarılmaq qorxusu ilə susurlar:
“İşçilərə bəzən “müqavilə olsa, sən də vergi ödəyəcəksən” kimi arqumentlər irəli sürülür. Bu isə onların hüquqlarını rəsmiləşdirmək istəyini azaldır. Amma çox vaxt da onlar hüquqlarını bilmədikləri üçün müqavilələr bağlanmır. Bu da işəgötürənə sərf edir. Sayı az göstərmək, vergi ödənişlərindən yayınmaq istəyirlər”.
Ekspertin sözlərinə görə, bu kimi hallarda işçilər mütləq şəkildə məhkəməyə müraciət etməlidirlər. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, tikinti işləri aparmaq, layihələndirmə, mühəndis‑axtarış işləri, tikinti‑quraşdırma işləri, digər sahibkarlıq fəaliyyəti növlərində lisenziya alınması məcburidir. Lisenziyasız fəaliyyət qadağandır və belə hallarda dövlət orqanları inzibati cərimə, bəzən isə fəaliyyətin dayandırılması kimi tədbirlər görə bilər.
Dövlət Statistika Komitəsinin (DSK) ən son məlumatına görə, 2025-ci ildə Azərbaycanda rəsmi işləyənlərin sayı azalıb.
Komitənin 2025-ci il iyunun 1-nə olan son hesabatında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər olduğu göstərilir.
Onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bundan bir ay əvvəl, mayın 1-də isə onların sayı 1 milyon 771.7 min, ilin əvvəlində isə 1 milyon 778.5 min nəfər təşkil edib. Beş ay ərzində ölkədə rəsmi işləyənlərin sayı 10 minə yaxın azalıb.
İlin əvvəlində işləyənlərin 882.8 min nəfəri dövlət, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşüb. Bu rəqəmlərdən bəlli olur ki, işini itirənlər dövlət sektorunda çalışıblar.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əməkqabiliyyətli insanların sayı 5 milyondan çoxdur. Halbuki, 2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin rəsmi sayı cəmi 282.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm həqiqəti əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər rəsmi işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər.
2020-ci il koronovirus pandemiyasına qədər rəsmilər iddia edirdilər ki, son 15 ildə ölkədə 2 milyon iş yeri yaradılıb. Amma müstəqil iqtisadçılar da buna inanmır, həmin rəqəmin dəfələrlə şişirdildiyini hesab edirdilər.