Azərbaycanda istilik qiymətləri bahalaşdırılıb

Məktəblərdə istilik sistemi. Foto: “Aztehsil”

Azərbaycanda istilik tarifləri artırılıb.

Bununla bağlı Tarif (Qiymət) Şurası qərar verib. Qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

İstilik tarifləri bundan öncə bir neçə dəfə Milli Məclisdə gündəmə gəlib. Mövcud tariflərin real dəyərdən çox aşağı olduğu bildirilmişdi.

İyunun 4-də Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı “Azərenerji”-nin texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev demişdi ki, istilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır. 

Bundan öncəki müzakirələrdə isə “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev də bildirmişdi ki, Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır.

Bu il yanvarın 2-dən Tarif Şurasının  qərarı ilə  “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,30 manat təyin edilmişdi.

Ana səhifəİqtisadiyyatAzərbaycanda istilik qiymətləri bahalaşdırılıb