Azərbaycan vətəndaşları Monteneqroya viza ilə səfər edə biləcəklər

Source: Azmont.com

2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya yalnız viza əsasında səfər edə biləcəklər. 

Bununla bağlı Monteneqro hökuməti viza siyasətində dəyişiklik edib.

Bildirilir  ki, viza və miqrasiya qaydalarının sərtləşdirilməsi qeyri-qanuni miqrasiyanın qarşısını almaq və ölkəyə giriş-çıxışa nəzarəti gücləndirmək məqsədi daşıyır. 

Bu addım həm də Monteneqronun viza siyasətinin Avropa İttifaqı ilə uyğunlaşdırılması çərçivəsində həyata keçirilən daha geniş tədbirlər paketinin bir hissəsidir.

Yeni qaydalara görə, bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı 1 illik yaşayış icazəsinin alınması tələb olunacaq.

Bəhreyn Krallığı, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarının etibarlı pasportla Monteneqroya vizasız daxil ola, tranzit keçə və 30 günədək ölkədə qala bilərlər.

Bu ilin oktyabrında Podqoritsadakı gecə klublarının birində baş verən insidentdən sonra Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmışdı. Hadisə zamanı həm Türkiyə, həm də Azərbaycan vətəndaşları saxlanılmış, lakin sonradan onların insidentdə əli olmadığı müəyyən edilərək azad edilmişdi.

Azərbaycan vətəndaşları üçün Monteneqroda vizasız rejim 2015-ci ildən qüvvədə idi. Bu müddət ərzində Azərbaycandan on minlərlə insan işləmək üçün Monteneqroya üz tutub. Onlar daha çox inşaat sahəsində işləyirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşları üçün tətbiq ediləcək viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro hökumətinə artıq rəsmi sorğu göndərib.

Ana səhifəSiyasətAzərbaycan vətəndaşları Monteneqroya viza ilə səfər edə biləcəklər